Cümə , 29 Mart 2024
Drone Cameras

Fransanın ictimai xadimləri hökuməti Qarabağ münaqişəsində bitərəfliyə çağırıblar

Fransa parlamentinin üzvləri və ictimai xadimləri ölkə prezidentinə, hökumətə müraciət ediblər.

Boyukmillet.com xəbər verir ki, parlament üzvləri və ictimai xadimləri hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf mövqe tutmağa çağırıblar.

Müraciətdə bildirilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsində ədalətli və davamlı sülhün yaradılmasına çalışmalıdır. “Son iki həftədir, 1990-cı illərin əvvəllərindən bəri işğal altındakı Dağlıq Qarabağ və qonşu rayonlarda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında döyüşlər gedir. Biz hökumətimizi bu iki xalq arasında sülhə nail olmaq üçün əlindən gələni etməyə çağırırıq. Hər iki tərəfi yenidən danışıqlar masasına qaytarmaq üçün vasitəçi rolunu oynaya bilməsi məqsədilə Fransa bu münaqişədə öz obyektiv bitərəfliyini qoruyub saxlamalıdır.

Ölkəmiz bunun üçün 1993-cü ildə və dörd dəfə BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində üzərinə götürdüyü öhdəliklərə ciddi şəkildə riayət etməlidir. BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələri işğal altındakı ərazilərdəki erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edir. Fransa bu gün verdiyi sözə hörmətlə yanaşsa, sabah ona hörmətlə yanaşılacaq”.

Müraciətdə deyilir ki, bu günə qədər beynəlxalq müzakirələrdə və qərarlarda Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və onu əhatə edən regionlarının suverenliyi məsələsi qaldırılmayıb. “Fransanın separatçı çıxışlara qulaq asması onun Qafqazda və Yaxın Şərqdəki əsrlər boyunca göstərdiyi diplomatik səylərini puça çıxara və ağır nəticələrə apara bilər. Fransa nüfuzdan düşməmək üçün bitərəf mövqeyini qoruyub saxlamalıdır. Öz ölkəmizdə “separatizmin” yaratdığı ciddi sui-istifadə hallarını dərk etdiyimiz bir zamanda, digər dost millətlər arasındakı separatçılara necə dəstək verə bilərik? Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquqa əsasən işğalçı olan tərəfin tərəfini tutarıqsa, ölkəmiz bir çox beynəlxalq məsələlərdə özünü gülünc vəziyyətə salmış olar. Belə halda separatçı münaqişələrlə üzləşən Gürcüstan, Ukrayna və digər dost xalqların yanında sözümüzün nə dəyəri olar? Vurğulamaq lazımdır ki, ölkəmiz zamanla öz ərazisində müxtəlif mənşəli insanları – erməni, türk, azərbaycanlıları qəbul edib ki, bu gün onlar arasında Fransa vətəndaşı olanlar var”.

Ölkə prezidentinə və hökumətə müraciət edənlər arasında deputatlar Gi Briku (Guy Bricout), Jerom Lamber (Jerome Lambert), Jan – Lük Reytzer (Jean-Luc Reitzer), Jan Pyer Dor (Jean Pierre Door), Andre Vilye (André Villiers), senatorlar Alən Uper (Alain Houpert), Andre Reyshard (Andre Reichardt), Fransanın Azərbaycandakı fəxri səfiri Jan-Perən (Jean-Perrin), yazıçılar Jan-Pyer Allali (Jean-Pierre Allali ), Jan-Lui Quro (Jean-Louis Gouraud) fəxri millət vəkili, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel (Jean-François Mancel), UNESKO-da Mədəniyyət Diplomatiyası səfiri Edva Ser (Hedva Ser), Houdan şəhərinin meri Jan-Mari Tetar (Jean-Marie Tetart), Paris1 Pantheon Sorbonne Universitetinin fəxri prezidenti, beynəlxalq Geosiyasət Akademiyasının prezidenti Jak Soppelsa (Jacques Soppelsa), fəxri senator Alən Vassel (Alain Vasselle), Konyak şəhərinin fəxri meri Mişel Qurinşah (Michel Gourinchas), Müdriklik Kəsişməsi Assosiasiyasının prezidenti Danyel Russo (Danielle Rousseau) var.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …