Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Gənclər Ulu Öndər Heydər Əliyevi anıb

Ötən gün Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı, İcmanın Ankara təmsilçiliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin və ADPU THİK nəzdində “Qızıl Əllər Klubu”nun birgə təşkilatçılığı ilə 8 may 2021 – ci il tarixində saat 19:00 – da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 – ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan aparıcı, yazıcı – jurnalist Oktay Hacımusalı Ulu Öndərin bizlərə əmanət qoyub getdiyi Azərbaycanımıza sahib çıxmalı olduğumuzu bildirərək tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərə qısa ekskursiya edərək deyib ki, məhz Heydər Əliyevin sayəsində, o zamana qədər, yəni 1993-cü ilin yayına qədər böyük bir xaos, qardaş qırğını, vətəndaş müharibəsi ilə üz-üzə qalan, separatizmlə qarşılaşan Azərbaycan parçalanmaqdan xilas oldu. Ə.Ələkbərlinin sözlərinə görə, həmin dövrə kimi büdcəsi, iqtisadiyyatı, sənayesi, ordusu tamamilə yox olub, darmadağın edilən Azərbaycan qısa bir zaman kəsiyində silkindi, dirçəldi, ayaqları üzərində möhkəm dayanmağı bacardı: “Azərbaycanın üçrəngli bayrağı Birləşmiş Millətlər Təşkilatının önündə dalğalandı, dünya ölkələri və ictimaiyyəti Azərbaycanı tanıdı, müstəqilliyimizi qəbul etdi. Azərbaycan, bu günkü iqtisadi uğurlarının kökündə dayanan böyük beynəlxalq müqavilələrə imza atdı. Əsrin Müqaviləsinin imzalanması ilə, dünyanın aparıcı ölkələrinin Azərbaycandakı iqtisadi maraqları gücləndi. Bu ölkələr Azərbaycanı əhəmiyyətli bir partnyor kimi görməyə başladıar. Azərbaycanın iqtisadi müstəqilliyi təmin edildi. Bütün dünya ölkələri ilə beynəlxalq, diplomatik, siyasi münasibətlərin əsası qoyuldu. Azərbaycan həm bölgə, həm də digər dünya ölkələri ilə balanslaşdırılmış, dünyəvi dəyərlərə istinad edən, beynəlxalq münasibətlər prinsiplərinə dayanan bir siyasət həyata keşirtməyə başladı. Ən başlıcası isə, o zamanlar artıq beş ildir davam edən Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi. Azərbaycan sülh şəraitində nəhəng quruculuq işlərinə start verdi.
Bir sözlə, tamamilə yox olmaq təhlükəsi ilə qarşılaşan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin sayəsində yoxdan var oldu. Azərbaycan bölgəyə, dünyaya bir günəş kimi doğdu. Heydər Əliyev deyirdi ki, mən Azərbaycanda əbədiyəm. Bəli, nə qədər ki, Azərbaycan var, nə qədər bayrağımız dalğalanır, nə qədər himnimiz oxunur, Heydər Əliyev ideyaları var və var olacaq, əbədiyyən bizlərin yoluna işıq salacaq”.
Digər çıxışçı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirdi ki, şübhəsiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. Hikmət Babaoğlu Ulu Öndərin öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirmədiyini, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bildiyini də konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Məsələn, Azərbaycan dilinin Azərbaycanın 1978-ci il Konstitusiyasında dövlət dili kimi rəsmiləşdirilməsi, təhsil və elm sahəsində ana dilimizdə nəşrlərin sayının artması bunlara misal ola bilər. Digər tərəfdən, ittifaq dövlətinin bir sıra resurslarının respublikanın hərtərəfli inkişafı ücün yönəldilməsi barədə vacib qərarların qəbul edilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Həmin dövrdə o vaxta qədər Azərbaycanda mövcud olmayan və çatışmayan kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsi gələcəyə hesablanmış addımlar idi. Eyni zamanda hərbi sahədə kadrların yetişdirilməsi üçün Ulu Öndər böyük işlər görüb. Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, ittifaqın hərbi kadrlar hazırlayan ali məktəblərinə azərbaycanlıların göndərilməsi də məhz həmin uzaqgörən siyasətin nəticəsi idi.
Görülən işlər iş xətrinə görülmədi, çəkilən zəhmət boş yerə çəkilmədi. Budur, biz qələbə qazandıq. Ulu Öndərin ruhu şaddır. 2020 – ci ildə onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində şanlı Azərbaycan ordusu Qarabağımızı düşməndən azad etdi. Gənclərimiz Ulu öndərin mənəvi irsini hər zaman dərindən öyrənməli, Onun layiqli davamçıları olmağa səy göstərməlidirlər”.
Millət vəkili İltizam Yusifov da bildirdi ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik adası kimi tanınırsa, təbii ki, bu gerçəkliyi təmin edən amil Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Millət vəkili bir az öncə həmkarlarının da sadaladıqları kimi Ulu Öndərin siyasi- ictimai fəaliyyətinin XX əsr Azərbaycan tarixinin son onilliklərinin həqiqətləri olduğuna diqqət çəkdi: “Bütün bu keşməkeşlərə, daxili və xarici çalxalanmalara, xaosa, anarxiyaya ancaq Heydər Əliyev kimi təcrübəli və uzaqgörən siyasətçi sinə gərə bilərdi. Məhz onun dühası xalqı bəlalardan qurtardı. Məhz onun dühası Azərbaycana yeni nəfəs, yeni inkişaf gətirdi. Onun ən böyük arzusu xalqını azad, müstəqil, ölkəsini suveren və bütöv görmək idi. Bunun üçün hətta mümkün olmayanı etdi. Ömrünün qürub çağında, tanrının ona bəxş etdiyi ömür payını rahat, əziyyətsiz yaşamaq yolunu seçmədi. Özünün də söylədiyi kimi, ömrünün qalan hissəsini də xalqına bağışladı. Son nəfəsinə qədər xalqı üçün, ölkəsi üçün çalışdı, onun gələcəyini düşündü. Bu gün isə o işıqlı gələcəyə onun qoyduğu izdən gedən vətəndaşlarımız addım – addım yaxınlaşırlar. 2020- ci ildə qazandığımız qələbə də bunun bariz göstəricisidir”.
Digər çıxışçı edənlər – Qərbi Azərbaycan İcması sədrinin ideologiya məsələləri üzrə müavini Mirfaiq Mirheydərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Azadə Novruzova, Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Murqadov, Qərbi Azərbaycan İcması Ankara təmsilçisi Dr.Derya Akdemir, psixoloq Gülnar Sadiq bu günkü güçlü, inkişaf etmiş Azərbaycanın əsasını Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra qoyduğunu dilə gətirərək xaritəsinə ehtiramlarını dilə gətirdilər.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …