Şənbə , 20 Aprel 2024
Drone Cameras

Göyçə-Zəngəzur avantürası: Hizbullahçılar, PKK-çılar, ermənilər-Şok faktlar

“Zəngəzur dəhlizi” layihəsinin aktuallıq kəsb etdiyi bir vaxtda “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasının ictimai rəyə daşınması bu layihənin reallaşmasını istəməyən qüvvələrin birmənalı olaraq maraqlarına xidmət edir. Qondarma qurum 2021-ci ilin 10 martında təsis edilsə də, Azərbaycan və Türkiyədə ictimai rəydə qeyri-ciddi addım kimi qarşılansa da, məhz indi “Zəngəzur dəhlizi”nin reallaşmasına bu qədər yaxın olduğumuz dönəmdə gündəmə gətirilməsi, hər iki ölkənin mediasında dövriyyəyə buraxılması şübhə doğurmaya bilməzdi.

Rizvan Talıbov personası haqda çox danışmayacağıq. Bu haqda yerli mətbuatda yetərli qədər informasiya verilib. Zatən haqqında danışıb, vaxt ayıracaq qədər çəkiyə də malik deyil. Məsələ ideyanın zəhərliliyindədir.

Bu layihənin gözlənilmədən “təbliğ edilməsindən” sonra ictimai rəydə bir çox suallar da yaranıb və yerli mediada nisbətən cavab tapmağa çalışılıb. Məsələn, “Rizvan Talıbovun Türkiyənin Batman şəhərinə gedib orada Hizbullaha və PKK-ya bağlı olduğu deyilən şəxslərlə görüşməsi, onlardan özünə dəstək əldə etməsi, özünə məhz o cür şübhəli şəxsləri özünə niyə köməkçi təyin etsin ki? Axı niyə “Göyçə-Zəngəzur dövləti” adı ilə təsis edilən bir quruma bu bölgə ilə əlaqəsi olmayan müəmmalı insanlar “rəhbər” seçilməlidir? Mehmet Ali Arslanın və digərlərinin Zəngəzura və ya Göyçəyə hansı aidiyyəti var? Bundan başqa, Rizvan Talıbov kimdir ki, belə bir iddia ilə çıxış etsin? Hansı haqla  bu qədər ziyalısı, diplomatı, alimi, tarixçisi, jurnalisti, araşdırmaçısı, tarixi, özəlliyi olan bir bölgənin adından heç kimdən icazə almadan qurum yaradır, vəzifələrə insan təyin edir? Ona bu mənfur ideyanı kim verib və arxasında nə dayanır?  

Biz isə bu məsələnin, bəzi məqamları çıxmaq şərtilə, mənbəyinə qədər araşdırmağa cəhd etdik.

Araşdırdıq görək, Türkiyənin Kastamonu şəhərinin İnebolu bölgəsində anadan olmuş “idman müəllimini” hansı əsasla “vitse-prezident” təyin edib? Təbii ki, bütün peşə sahiblərinə hörmət edilməli, insanlara ixtisasına görə fərq qoyulmamalıdır. Sadəcə biz, “idman müəlliminin” hansı bacarıq və istedadına görə belə bir məsul vəzifəyə təyin olunmasının səbəbindən agah olmaqda maraqlıyıq. Və yaxud digər “vitse – prezident” vəzifəsinə təyin olunan Kayseridə yaşayan şəxs  telefon təmiri və proqram təminatı ilə məşğul olur. Olsun, amma niyə Göyçə-Zəngəzur məsələsində meydanda olmalıdır?

Bundan başqa, təhsil şöbəsində məmur işləyən birini qondarma qurumun “təhsil nazirinin müavini” vəzifəsinə təyin olunmasının Türkiyə qanunvericiliyinə zidd olduğunu R. Talıbov bilmir, anladıq, bəs bu şəxslərin özlərinə nə gəlib, onlar niyə Türkiyə dövlətinin qanunlarını belə açıq pozmaqda maraqlıdılar?

Araşdırmalarımız zamanı daha təhlükəli məsələnin üstünə çıxdıq. Qondarma quruma maddi dəstək verənlərdən birinin əsas məqsədi təmsil etdiyi şəxslərlə “silah zavodu”(!) qurmaq olub. Bəli, əndazə bu qədər aşılanda gözə heç nə görünmür. 

Hataydakı erməni kilsəsinin keşişi və Anadolu erməni kilsələrinin nəzarətçisi Avedis Tabaşyanın bacısının bu işdə hansı rolu var? Buna da aydınlıq gətirmişik.

Beləliklə, qondarma qurumun ideya müəlliflərinin, vəzifəyə təyin olunanların kimliyi ilə tanış olaq.

Əvvəlcə, R. Talıbovun Göyçə və Zəngəzura heç bir aidiyyatı olmayan Mehmet Ali Arslana “vəzifə” verməsinin səbəblərini öyrənməyə çalışdıq.

Azərbaycan mediasında Mehmet Ali Arslan “Osmanlı Turan Teşkilatı”nın rəhbəri kimi təqdim olunur. Əslində belə deyil. O, bu ilin yanvar ayında qurulan “Osmanlı Turan Təşkilatının” sədri Şahin Çelikin təşkilati məsələlər üzrə sədr müavini olub və yay aylarında bir qrup tərəfdarı ilə Batmanda “Osmanlı Təşkilatı” adında yeni təşkilat təsis edib. Yəni, tam fərqli QHT-lərdi. “Müttərcim” yayın qrupunun idarə heyətinin sədri olan Mehmet Ali Arslan 1978-ci ildə anadan olub. Əslən Diyarbəkir şəhərinin Bismil rayonundandır. İlk və orta təhsilini Batmanda alıb. Kürd “Hizbullah”ına yaxın olan “Batman Rehber” qəzetinin yazdığına görə həmin bölgədəki “müsəlmanların” hüquqlarını müdafiə etdiyi üçün 13 il müddətinə azadlıqdan (1998 -2011) məhrum edilib. Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə isə əslində “Hizbullah”-a üzv olduğu üçün həbs olunub. Həbsxanada olduğu müddətdə “İlahiyyat fakültəsi”nin məzunu olub, 2011-ci ildə həbsdən azad olunandan sonra Batman Universitetində magistr təhsili alıb. Eyni zamanda Batmanda mədrəsələrdə ərəbcə dərslər keçib, ərəbcə tədris olunan kitabları türk və kürd dillərinə tərcümə edib. 2013-cü ildə bir müddət Artvin şəhərinin Borçka rayonunda yerləşən Efeler kəndində müftü kimi çalışıb. Daha sonra vəzifəsindən istefa verib və 2016-ci ildən etibarən naşir kimi fəaliyyət göstərir. “Müttərcim” yayın qrupunun rəhbəridir. 

İdeoloji baxışına görə radikal islamçıdır, şiə məzhəbinə tapınıb. Türkiyənin Diyarbəkir şəhərinin Qayapinar rayonunda fəaliyyət göstərən “Alimlər və Mədrəsələr Birliyinin” də üzvüdür. Təşkilatın digər adı “İttihadi – Üləma”dır. Təşkilatdakı ləqəbi “molla” Mehmet olan bu şəxs, 2015 – ci ildə “Hizbullah”a yaxınlığı ilə bilinən “İlke Xəbər” agentliyinə (İLKHA) verdiyi müsahibədə “İttihadi – Üləma”nın Bitlis şəhərinin Tatvan rayonunda açdığı mədrəsənin olduqca böyük önəmə sahib olduğunu qeyd edərək bildirmişdi ki, mədrəsə təhsilinin cəmiyyətdə yayğınlaşdırılması olduqca vacibdir.

Mehmet Ali Arslan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə və ümumiyyətlə bu dövlətə nifrəti var.

İndi qayıdaq bu günlərə. 8 avqust 2022-ci il tarixində “Osmanlı Təşkilatının” Batman şəhər rəhbərliyinin regiondakı media nümayəndələri ilə keçirdiyi görüşdə “Göyçə-Zəngəzur Türk Respublikasının” Batman şəhərindəki nümayəndələri Faruk Ulakçı və Hüsnü Adıyaman yeni təsis olunan qurum haqqında məlumat veriblər. Həmin tədbirdə Faruk Ulakçı “Osmanlı Təşkilatının” gənc, dinamik təşkilat olmasını, Türkiyə dövləti tərəfindən təqdir edildiyini, hətta Türkiyə prezidenti tərəfindən təşkilatın sədri Mehmet Ali Arslanın Qərbi Azərbaycan Göyçə Zəngəzur Türk Respublikasının vitse-prezidenti təyin olunması haqda saxta məlumat yayıblar.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …