Şabrançayın kənarında daha bir nəfərin meyitinin tapıldığı bildirilir
Şabrançayın kənarında Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyitinin tapıldığı deyilir.
Məlumata görə, onun cəsədini dalğıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında aşkarlayıblar. Füzuli Paşayevin seldə boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) aprelin 17-də yaydığı məlumatda deyilirdi ki, Şabrançay çayında Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Məmmədov və Salyan rayon sakini 63 yaşlı Etibar Nağıyevin meyiti tapılıb.
Onlar da Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı idilər.
Son günlər yağan yağışlar Azərbaycanın bir çox bölgəsində fəsadlara və insan itkisinə səbəb olub.
Aprelin 16-da Ağsu rayonunda sel suları ekskavatoru aşırıb, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Son illər Azərbaycana yağan güclü yağış, bir qayda olaraq, fəsadlar törədir. Hətta ötən il oktyabrın 21-22-si paytaxtda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açıb. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirmişdi. Halbuki, ölkədə su və kanalizasiya problemlərinə milyardlarla vəsait xərcləndiyi deyilir.