Cümə , 29 Mart 2024
Drone Cameras

Gürcüstan hökumətindən Azərbaycana qarşı xəyanət kimi qərar

Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz verilir; Natiq Miri: “Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən silah daşınmayacaq”

Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 25-də Gürcüstana iki günlük işgüzar səfər edəcək. Ermənistan mediasının yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Serj Sərkisyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kverkaşvili, parlamentin sədri İrakli Kobaxidze, eləcə də Gürcüstan patriarxı II İlya ilə görüşəcək.

Sərkisyanın səfəri öncəsi Gürcüstanın baş naziri Georgi Kvirikaşvili erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan ərazisindəki nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyünü bəyan edib. Bu isə Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub.

Müxalif “Milli hərəkat” Partiyasının tələbi ilə Georgi Kvirikaşvili parlamentdə açıqlama verməli olub. O deyib ki, bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış “Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadə ediləcək: “Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər”.

Hökumət başçısının bu bəyanatı müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Saziş Tiflisin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu üçün vetonu aradan qaldırmasından sonra imzalanıb. Sazişin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir. Bununla bərabər, tərəflər malların axınına və markalanmasına nəzarət etmək üçün beynəlxalq vasitəçilərin dəvət edilməsi barədə öhdəlik götürüblər. Nəticədə, seçim İsveçrə şirkətinin üzərində dayanıb.

Gürcüstanın sabiq xarici işlər naziri, müxalifətdəki “Vahid milli hərəkat” Partiyasının üzvü Qroqol Vaşadze bildirib ki, üçüncü ölkələr tərəfindən dəhlizdən istifadə 2011-ci ilin sazişinin pozulmasıdır: “Ermənistana bu dəhlizlərlə mallarını daşıma imkanının yaradılması sazişlə qətiyyən əlaqəli deyil”.

Eyni zamanda, o, bütün müxalifət adından Gürcüstan hakimiyyətini 19 dekabrda İsveçrə şirkəti ilə imzalanmış müqavilənin şərtlərini açıqlamağa çağırıb.

Modern.az-ın  yazdığına görə, Yuxarı Larsa alternativ axtarışı İrəvan üçün strateji əhəmiyyətli məsələdir, belə ki, Ermənistana yük axınının mütləq əksəriyyəti-80%-ə yaxını  Moskvadan gəlir. Hazırda ekspertlər 6 müxtəlif variantı nəzərdən keçirir: dəniz yolu (Poti vasitəsilə), üç quru yolu (Cənubi Osetiya dəhlizi, Dağıstan və Yuxarı Larsdan keçən Avar-Kaxeti yolu) və dəmir yolu (Zuqdidi-Soçi marşrutu üzrə Abxaziya ərazisindən keçir).

Image result for Yuxarı Larsa alternativ axtarışı

Lakin iqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar (Şimali Osetiya)-Qori marşrutudur ki, bu da Cənubi Osetiyadan keçir. O, Yuxarı Larsdan 80 km uzun olsa da, daha uyğun iqlim şərtləri və relyef üzündən məqsədəuyğundur.

Dəmiryolu rentabelli deyil, belə ki Rusiyadan Ermənistana malların daşınması 40 günə qədər uzana bilər. Bərə yolu da xeyli mürəkkəbdir. Dağıstan vasitəsilə (Avar-Kaxeti yolu) daşınma da pis alternativdir, çünki birincisi, bu yol təhlükəsiz deyil. İkincisi, bu marşrutun seçilməsi əvvəlcədən logistikaya yatırımlar tələb edir.

Beləliklə, Gürcüstanla SGS şirkəti arasında imzalanmış müqavilə Ermənistana Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Hansı ki, həmin dəhliz 1990-cı illərin əvvəllərindən bağlı idi və Yuxarı Lars keçidində qış aylarında hərəkət çətinləşəndə Ermənistana yüklərin daşınması ancaq Gürcüstan limanlarından mümkün olurdu.

Image result for Yuxarı Lars

Bu baxımdan fors-major situasiyalarda Ermənistanın Cənubi Osetiya dəhlizindən istifadə etməsi bu ölkə üçün doğrudan da böyük hədiyyədir. Rəsmi Bakı hələlik bu məsələyə reaksiya verməyib.

Politoloq Natiq Miri “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Gürcüstan hökumətinin bu addımı Azərbaycanın maraqlarına ziddir. Bunu hətta Azərbaycana xəyanət kimi də dəyərləndirmək mümkündür. Çünki həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından bütün səviyyələrdə Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verir, Gürcüstanın iqtisadiyyatının çökməməsində Azərbaycanın çox böyük rolu olub və bu gün var: “Ən çətin vaxtlarında Gürcüstana ilk əl uzadan Azərbaycandır. İndi də Gürcüstana Azərbaycandan çox ciddi dəstək verilir. Azərbaycan enerji daşıyıcılarını Gürcüstana güzəştli şərtlərlə satır. Gürcüstanda 500 mindən yuxarı azərbaycanlı yaşayır və onlar orada ən qədim aboregen xalqdır. Gürcüstan Azərbaycanın torpaqlarını işğal edən və hələ də düşmənçilik eləyən Ermənistanla münasibətlərdə bütün bunları nəzərə almalıdır. İşğalçı ölkəyə faktiki olaraq ciddi nəfəslik vermək Azərbaycana qarşı hərəkətdir. Gürcüstan işğalçı dövlətə dəstək verirsə, bu, Azərbaycanla münasibətlərə şübhəsiz ki, mənfi təsir edə bilər. Gürcüstanın baş naziri Ermənistana ərzaq məhsullarının daşınması üçün dəhliz verəcəklərini deyir. Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən işğalçı Ermənistana Rusiyadan silah daşınmayacaq. Gürcüstan dövləti buna nəzarət edə biləcəkmi? Bu suala müsbət cavab vermələri çətindir”.

Image result for Natiq Miri

Politoloq qeyd etdi ki, Gürcüstan hökuməti əslində ölkə  ərazisindən Ermənistana silah daşınmasına qətiyyən imkan verilməyəcəyi ilə bağlı Azərbaycana verdiyi zəmanəti pozmuş olur:“Gürcüstan hökumətinin Ermənistana fors-major vəziyyətlər adı ilə dəhliz verməsi bu zəmanətin pozulması sayıla bilər. Həmin dəhlizdən Ermənistana silah keçiriləcəyi şəksizdir. Odur ki, Azərbaycan hökuməti Gürcüstan hökumətinə ciddi etirazını bildirməlidir. Azərbaycanın Gürcüstana müəyyən təzyiq mexanizmləri də var. Tiflisə xatırladılmalıdır ki, bu mexanizmlər işə salına bilər. Gürcüstanın təhlükəsizlik sistemi təkcə avroatlantik məkanla bağlı deyil. Bu gün Gürcüstanın əsas təhlükəsizliyi Azərbaycan-Gürcüstan-Türkiyə formatı səviyyəsində də təmin olunur. Bunu Tiflis gözardı etməməlidir. Gürcüstan Ermənistanla münasibətlərdə, qərarlar verəndə Azərbaycanın strateji maraqlarını və təhlükəsizliyini nəzərə almaq məcburiyyətindədir. Ona görə də Bakı tərəfindən Tiflisə ciddi xəbərdarlıq olunmalıdır”.

Sərkisyanın bu günə nəzərdə tutulan Gürcüstan səfərinə toxunan N.Miri dedi ki, Ermənistanın öz yanlış siyasəti üzündən blokadada olması vəziyyəti İrəvanı Tiflislə münasibətləri yaxınlaşdırmaq və Gürcüstan ərazisindən daha geniş səviyyədə yararlanmaq məcburiyyətində qoyur. Son zamanlar Gürcüstana Ermənistan rəsmilərinin səfərlərinin çoxalması, indi də Serj Sərkisyanın səfəri bununla bağlıdır: “Ermənistan həm də bununla çalışır ki, Gürcüstanla Azərbaycanın münasibətlərinin soyuqlaşmasına nail olsun”.

Həmsöhbətimiz hesab edir ki, Ermənistanla əlaqələrin sıxlaşdırılması üçün Gürcüstan hakimiyyətinə Rusiyadan təzyiqlər var: “Rusiya Abxaziyadan keçən dəmiryol xəttini açmaq üçün dəfələrlə Gürcüstan hökuməti ilə danışıqlar aparıb. Lakin müsbət nəticə olmayıb. Düşünürəm ki, gürcü hökumətinin son qərarında Moskvanın da təsiri olub”. (Yeni Musavat)

Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir