Cümə axşamı , 24 İyun 2021
Home » Dünya » Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bir hissəsi yenidən salınır

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bir hissəsi yenidən salınır

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bir hissəsi yenidən qurulur. Yenidən qurulan hissə Beyləqan və Füzuli rayonunun Horadiz qəsəbəsi arasında yerləşir və Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 112-177-ci km-ni əhatə edir. Bu, “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a daxil olan məlumatda qeyd edilib. 

“Bu hissə uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə, yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranmışdı. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem aradan qaldırılır. III texniki dərəcəyə uyğun olaraq yenidən qurulan 65 km-lik yol 2 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarının hər birinin eni 3,5 m, çiyinlərin eni 0,5 m, bərkidici zolaqla birgə 2,5 m olmaqla yol yatağının ümumi eni 12 m təşkil edir”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, layihə çərçivəsində yolboyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilir, hərəkət hissəsi hazır olan ərazilərin isə asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 500 min kv. m-dən çox hissəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək.

Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşrımlı, uzunluqları 24-36 metr olan avtomobil körpüləri əsaslı şəkildə təmir olunub, hərəkət hissələrinin eni genişləndirilərək 10-12 metrə çatdırılıb. Layihəyə uyğun olaraq yol boyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub.

Hazırda tikintisi davam edən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.

Check Also

Samir Adıgözəlli: “Bütün bunların fonunda iki ölkə arasında sülh razılaşması da imzalana bilər”

Rəsmi Bakı Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Bu barədə Azərbaycanın xarici işlər naziri …