Ölkəmizin, o cümlədən qədim diyarımızın inkişafı, yüksəlişi üçün daim çalışan ümummilli liderimiz Heydər Əliyev xalqı və dövləti qarşısındakı müqayisəolunmaz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf strategiyasının müəllifidir. Məhz həmin strategiyanın muxtar respublikada vətənpərvərliklə davam etdirilməsinin nəticəsidir ki, bu gün özünün sosial-iqtisadi inkişaf dövrünü yaşayan, gündən-günə çiçəklənən qədim diyarımız beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb, belə mühüm tədbirlərin reallaşdırılmasında hər kəsin rəğbətlə ifadə etdiyi inkişafın Naxçıvan nümunəsini yaradıb.
Naxçıvanda iqtisadi potensialın hər il sürətlə artması bura gələn yüksək səviyyəli qonaqların diqqətini cəlb edir
Tanınmış ekspertlərin də qeyd etdiyi kimi, 30 ilə yaxın bir dövrdə blokada şəraitində yaşayan bir məkanın böyük nailiyyətlər əldə etməsinin dünyada ikinci bir nümunəsi yoxdur. Bunun səbəbi isə Ümummilli Liderimizin ölkəmizə, xalqımıza, dövlətə, dövlətçiliyə sədaqətli kadrlar yetişdirməsidir. Bu gün Heydər Əliyev siyasi məktəbinin yetirmələri olan həmin kadrlar mayak kimi parlayaraq cəmiyyətə düzgün yol göstərir, inkişafın davamlılığının təmin edilməsi, ən çətin şəraitdə belə, çox mühüm nailiyyətlərin əldə olunması üçün fədakarlıqla çalışırlar. Yorulmaz fəaliyyət, yüksək tələbkarlıq, prinsipiallıq, yurda, elə-obaya bağlılıq öz nəticəsini doğma diyarımızın yüksəlişi ilə göstərir. Bu yüksəliş muxtar respublikanın ölkəmizin tərəfdaşı olan dövlətlərlə iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrinin genişlənməsinə də yol açır. Naxçıvanda sabit iqtisadi sistemin yaradılması, iqtisadi potensialın hər il sürətlə artması isə bura gələn yüksək səviyyəli qonaqların diqqətini daha çox cəlb edir.
Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli, aprelin 9-da İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani, aprelin 16-da isə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb. Görüşlərdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunulub.
İnnovasiyayönümlü inkişaf ön plandadır
Naxçıvan Muxtar Respublikası bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, həmçinin elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində daha böyük nailiyyətlərin əldə olunmasıdır. Bunun üçün ciddi kadr potensialına həmişə ehtiyac var. Kadr potensialını yaradan müasir təhsil sistemində gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti isə onun fasiləsiz modernləşməsidir. Bu mənada, təhsilin innovasiyayönümlü inkişafı mühüm əhəmiyyət kəsb edir. Təbii ki, innovasiya dedikdə təhsil, tədris-təlim prosesinin gedişini və alınmış nəticələrin keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yeni ideyalar, texnologiyalar, metodlar, vasitələr və əldə olunmuş nəticələr nəzərdə tutulur. Bu nəticələri innovasiyaların tətbiqi üzə çıxarır. İnnovasiyalar qaçılmazdır və tərəqqi yolu məhz onların tətbiqindən keçir. Tərəqqi isə hər şeydən imtina etmək deyil, yenilikləri tətbiq edib daha faydalı olanı seçmək, lazım olan retroinnovasiyaların da yeni mexanizmlərini işləyib hazırlamaqdır. Yəni, burada ənənə və yeniliyin mübarizəsi, vəhdəti, sinergetik inkişafı məsələləri özünü göstərir.
Əminliklə deyə bilərik ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün ərazisi fiber-optik xətlə, stasionar və mobil rabitə xidməti, eləcə də sürətli internetlə təmin edilib. Təhsil müəssisələrinin yeni texnologiyalar və internetlə təminatı isə gənclərin hazırlıq səviyyəsini və innovasiyalara çıxış imkanlarını xeyli yüksəldib. Ötən illərdə muxtar respublikada innovasiyaların tətbiqi sahəsində yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi də muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul, eləcə də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamları elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının reallaşdırılmasına, kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasına yol açıb.
Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədə də bu məsələlər qeyd olunub, müvafiq tapşırıqlar verilib.
Ali Məclisin Sədri deyib: “Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Buna görə də hami təşkilatlar ali və orta ixtisas təhsili müəssisələri ilə birlikdə kadr hazırlığına diqqəti artırmalı, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə etməli, kadrların ixtisas üzrə təcrübi bilik və bacarıqlarının artırılmasına nail olmalıdırlar…”
Ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına xüsusi diqqət yetirilir
Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələr hər il müasir silah və texnikalarla təmin olunur. Bu da mütəxəssis hazırlığını zəruri edir. Ona görə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına xüsusi diqqət yetirilir. Nəticədə, mürəkkəb reaktiv qurğuları və digər döyüş texnikalarını idarə edən şəxsi heyət formalaşıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yaradılan şərait bu sahədə işlərin uğurla həyata keçirilməsinə imkan verir.
Aprelin 18-də Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Ali Məclisin Sədri təlimi izləyib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün alınmış xidməti avtomobillərə baxışdan sonra təlim başlayıb.
Muxtar respublika rəhbəri nəzəri dərslərin real ərazi maketləri üzərində keçirilməsi, uzlaşmış təlim və məşğələlərin nəticələrinin qarşılıqlı təhlil və müzakirə olunması barədə tapşırıqlar verib.
Sonra “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirə keçirilib.
Ali Məclisin Sədri müşavirədəki çıxışında deyib: “Naxçıvan Hərbi Qarnizonu Qoşunları üçün müasir Təlim-Tədris Mərkəzinin yaradılması, təlim və məşğələlərin uğurla keçirilməsi muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Ötən il Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təliminin, bu gün isə kompüter dəstəkli komanda-qərargah təliminin keçirilməsi birgə fəaliyyətin nəticəsidir. Bundan sonra da Uzlaşma Planına uyğun olaraq birgə təlimlər keçirilməli, qarşılıqlı fəaliyyət təmin olunmalıdır”.
Ali Məclisin Sədri “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə tapşırıqların uğurla yerinə yetirildiyinə görə Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının şəxsi heyətinə təşəkkür edib.
Daha bir Naxçıvan nümunəsi
Muxtar respublikada həyata keçirilən ardıcıl ekoloji tədbirlər bu gün dünya miqyasında nümunə kimi götürülür. Yeni yaşıllıq zolaqlarının və meşələrin salınması, təbiətin mühafizəsi, aparılan ardıcıl maarifləndirmə işləri nəticəsində insanların təbiətə doğma münasibətinin formalaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə Naxçıvanda bu sahədə uğurlu nəticələrin əldə edilməsinə səbəb olub. Görülən işlər nəticəsində, artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Vaxt var idi ki, bu rəqəm 0,6 faiz təşkil edirdi. Dünya miqyasında yaşıllıq sahələrinin sürətlə azaldığı bir vaxtda muxtar respublikada həmin sahələrin artması bu məsələdə dünya üçün növbəti Naxçıvan nümunəsini gündəmə gətirir.
Aprelin 27-də muxtar respublikada növbəti iməcilik keçirilib. Ali Məclisin Sədri yaşıllaşdırma tədbirində iştirak edib.
Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 21 mindən artıq sakin iştirak edib, 6000-ə yaxın ting əkilib, meyvə bağlarına qulluq göstərilib.
Yollar abadlaşır, tikilən obyektlərin sayı hər il daha da artır
Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edir. Görülən işlərin davamı olaraq bu il Şahbuz rayonunun Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Aprelin 27-də Ali Məclisin Sədri yolda aparılan yenidənqurma tədbirləri ilə tanış olub, hava şəraitinə uyğun olaraq asfalt işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Muxtar respublikamızda iqtisadiyyatın hərtərəfli inkişafı təbii sərvətlərimizdən səmərəli istifadəyə imkan verir. Artıq diyarımız ölkəmizin əsas mineral su istehsalçısına çevrilib. “Badamlı” mineral suyu da bu gün geniş ixrac imkanlarına malikdir. Tələbatın artmasının nəticəsidir ki, hazırda Badamlı qəsəbəsində yeni zavod inşa olunur.
Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanıb, istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar verib.
Səmərəli idarəetmə sistemi uğurların təminatıdır
Reallıq budur ki, tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları vardır. Bu çağırışlara cavab vermək üçün elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Muxtar respublikada fəaliyyətdə olan dövlət proqramlarının icrası zamanı məsələlərə yanaşmada müasir dövrün tələblərinin əsas götürülməsi, inkişafın planlaşdırılması və idarə olunmasına əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi təmin edəcək əsaslı amillərdən biridir. Naxçıvanın bugünkü sürətli sosial-iqtisadi inkişafına paralel olaraq milli-mənəvi və ideoloji dəyərlərimizin ən yüksək səviyyədə yaşadılması, mədəni, elmi sahələrdə mühüm irəliləyişlərin əldə olunması Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi kimi diqqəti cəlb edir.