İraqın şimalında 36, Suriyanın şimalında 9 olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib.
Boyukmillet.com xəbər verir ki, bu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İraq və Suriyanın şimalında terrorçulara qarşı əməliyyatlarla bağlı keçirilən iclasdan sonra yayılan rəsmi açıqlamada deyilir.
Açıqlamada bildirilir ki, Türkiyə terror təşkilatı və onun havadarlarına qarşı mübarizəni qətiyyətlə davam etdirir:
“Bu mübarizə son terrorçu zərərsizləşdirilənə, İraq və Suriyadakı terror bataqlıqları tamamilə qurudulana qədər davam edəcək. Sərhədlərimiz daxilində məhv olmaq həddinə çatan separatçı terror təşkilatı uğurlu sərhəd əməliyyatlarımız nəticəsində çox ağır itkilər verib. Şəhidlərimizin ailələrinə və yaxınlarına, Türkiyə Silahlı Qüvvələri və əziz xalqımıza başsağlığı verirəm. Hücum zamanı yaralanan və müalicəsi davam edən əsgərlərimizə Allahdan şəfa diləyirik”.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin təhlükəsizlik şurasının toplantısı keçirilib.
Toplantıda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.