Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

İsmayıl Ağayev: “Metsamor region üçün təhlükə mənbəyidir”-Bəyanat

İsmayıl Ağayev: “Metsamor region üçün təhlükə mənbəyidir”-Bəyanat
Regionda davam edən ardıcıl zəlzələlər Ermənistandakı istismar vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı təhlükəni yenidən gündəmə gətirib.
İsmayıl Ağayev: “Metsamor region üçün təhlükə mənbəyidir. Metsamor AES hətta aşağı dərəcəli zəlzələlərə qarşı dayanıqlı deyil.”
Xəbər verdiyimiz kimi, Türkiyənin Van şəhərində “X Van Şərqi Anadolu Turizm və Səyahət Sərgisi” keçirilib.Sərgidə Azərbaycan Respublikasından da nümayəndə heyəti iştirak edib.
Sərgi başlanmazdan əvvəl nümayəndə heyəti İğdır şəhərində yerləşən Soyqırım Abidəsini ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan Respublikası Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
Ermənistan hökuməti tərəfindən istismar müddəti 2026-cı ilədək uzadılan Metsamor AES hətta aşağı dərəcəli zəlzələlərə qarşı dayanıqlı deyil. 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra dəfələrlə qəzalı vəziyyətə düşən Metsamor heç bir texniki standarta uyğun olmadan fəaliyyət göstərir. Ukraynada baş verən Çernobıl hadisəsi hələ yaddaşlardan silinməyib və burada baş verən qəzanın təsirləri keçmiş sovetlər birliyinin sərhədlərini aşıb. Bu hadisə nəticəsində yaranmış ekoloji problem Rusiya, Ukrayna və Belarusu əhatə edib ki, həmin yerlərdə yüz illər ərzində yaşayış mümkün olmayacaq. Hətta deyərdim ki, Çernobıl AES-dəki qəzadan sonra iki şəhər tamamilə boşaldıldı, insanlar başqa yerlərə köçürüldü. Ona görə də biz bunu görərək ikinci belə bir hadisəni heç kimin yaşamasını istəmirik. “Metsamor” AES Azərbaycandan, Türkiyədən uzaqda deyil. Onu qeyd edim ki, hər hansı bir qəzanın İrana, Rusiyaya da təsiri ola bilər. Təhlükələrə baxmayaraq, Ermənistan hakimiyyəti “Metsamor” AES-i nəinki işlətməkdə qərarlıdır, üstəgəl, fəaliyyətini genişləndirməklə məşğuldur. Bu səbəbdən Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət etməlidir ki, bu məsələyə diqqət yetirsinlər. Belə müraciətlər ayrı-ayrı zamanlarda olur, sadəcə, beynəlxalq təşkilat özü də bu məsələyə səhlənkar yanaşır. Təsəvvür edin ki, dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan Yaponiyada daşqınlar baş verdi və oradakı AES zərər gördü, ətraf mühitə ekoloji baxımdan nə qədər ziyan dəydi. Bu, Yaponiya kimi dövlətdə baş verdi, o ki qaldı Ermənistan kimi kasıb ölkə ola. Kim zəmanət verə bilər ki, “Metsamor” AES guya yenidən qurulub və heç bir təhlükə yoxdur? Düzü, buna inanmaq çətindir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini genişləndirməli və hətta mümkün olsa, Türkiyə ilə birgə beynəlxalq təşkilatlar qarşısında məsələni qaldırmalıyıq ki, nəzarət gücləndirilsin. Həm də müəyyən işlər aparılsın ki, bu stansiyanın bölgəyə vurduğu zərər hesablansın. Müəyyən məlumatlara görə, Araz çayına müxtəlif radioaktiv tullantılar atılır ki, bunun özü bölgə və bir çox dövlətlər üçün zərərlidir.Türkiyənin şərq bölgəsində xərçəng xəstəliyinin sürətlə artmasının səbəbi Metsamor AES-in zəhərli radioaktiv tullantılarıdır. Baş verəcək zəlzələ və yaxud texniki qəza regionda ekoloji fəlakət yaradacaq. Avropa İttifaqı təcili olaraq Metsamor AES-in fəaliyyətinin dayandırılması və zərərsizləşdirilməsi üçün Ermənistana təzyiq etməlidir.”

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …