Bazar , 3 Noyabr 2024
Drone Cameras

Kremldən Bakıya həmlə – Azərbaycandan cavab gecikmədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirib. Erməni əsilli nazir Dağlıq Qarabağ mövzusunda da danışıb və bır sıra maraqlı açıqlamalar verib, yeni detallara toxunub. Eyni zamanda Qarabağa dair böyük anlaşmanın təxmini şərtlərini bəyan edib.

Lavrov öncə Azərbaycan jurnalistlərinin “Azərbaycan işğal olunan ərazilərdə antiterror əməliyyatına, Qarabağı işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizləməyə başlasa, Rusiyanın buna münasibəti necə olacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına cavabla başlayıb. Nazir bu xüsusda deyib: “Bu, artıq hansısa mücərrəd məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid mövzu deyil. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.

O, münaqişənin həlli ilə bağlı bir sıra sənədlərin mövcud olduğunu xatırladıb. “Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır – ancaq heç bir halda güc tətbiq edilməməsi şərti ilə. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiyanın baş diplomatı həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: “Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırılması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.

Nazir habelə xatırladıb ki, münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar toplusu var ki, bunlar atəşin dayandırılmasına yönəldilib. “Arxivə müraciət etsək, görərik ki, bu atəşkəs tələblərinə kim tərəfindən riayət olunub, kim tərəfindən riayət olunmayıb”, – deyə Lavrov qeyd edib.

Rusiya XİN başçısının yuxarıdakı açıqlamaları bir neçə qənaətin altını cızmağa imkan verir. Əvvəla, bəlli olur ki, Moskva Dağlıq Qarabağ məsələsində moderatorluğu (vasitəçilik inhisarçılığını) başqa heç bir güclə bölüşmək niyyətində deyil və konflikti təkbaşına idarə etməkdə davam edəcək. 

İkincisi, aydın olur ki, Azərbaycanın işğal altındakı ərazilərdə antiterror əməliyyatına başlamasına Rusiya əsla laqeyd qalmaq fikrində deyil, çünki nazirin sözləri ilə desək, “Bu artıq Azərbaycanın daxili məsələsi deyil”. Başqa sözlə, Bakı bu yöndə nəsə aktiv hərəkət eləmək istəsə, ilk növbədə Rusiyanın icazəsini almalıdır. Yəni belə çıxır, rəsmi Moskva Qarabağda sülh məsələsi kimi, müharibə mövzusunu da öz inhisarında saxlamaq niyyətindədir. 

Üçüncüsü, məlum olur ki, son vaxtlar bəzi Rusiyalı politoloqların “Azərbaycanla müharibədə Rusiya Ermənistan tərəfdə olmayacaq” kimi açıqlamaları Bakı üçün bir elə sakitləşdirici məna daşımır. Əksinə, Rusiya baş diplomatının son açıqlamasından nəticə hasil olur ki, Moskva ilk növbədə aprel sindromu yaşayan Ermənistanı sakitləşdirmək istəyir, ona “mənim icazəm olmadan Bakı səni cəzalandırmaz” ismarışı göndərir. Bu isə faktiki surətdə Azərbaycana Kremlin Qarabağ həmləsi və ya hədəsi anlamına gələ bilər. 

Nəhayət, dördüncüsü, Lavrov Dağlıq Qarabağ probleminin mümkün həll variantını (ərazilərin boşaldılması, Dağlıq Qarabağ statusunun müəyyən edilməsi) xatırlatmaqla konfliktin həllinə ənənəvi yanaşmasını bir daha ortaya qoymuş olub. Faktiki, “Kazan formulu” və ya “Lavrov planı” adlanan mərhələli həll modelinin masa üzərində olduğuna eyham vurub.

Yada salaq ki, belə bir plan aprel hadisələrindən az sonra S.Lavrovun Bakı və İrəvan səfərləri zamanı xüsusilə aktual olub. Lakin səfərdən sonra Rusiya XİN rəhbəri Bakıya belə bir mesaj vermişdi ki, “Azərbaycanın Avrasiya layihələrinə qoşulması bu prosesə təkan verə bilər”. Bir çox təhlilçilər Kremlin məqsədinin həm də Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirilməsinə Bakını razı salmaq olduğunu qeyd etmişdilər. 

Azərbaycanın isə bununla bağlı konkret şərti var: öncə Dağlıq Qarabağ ətrafındakı heç olmasa, 5 rayon azad olunmalıdır. Analitiklərə görə, Kreml məhz rayonlar məsələsində satellit Ermənistanın rəhbərliyinə təzyiq eləməkdən vaz keçdiyi üçün Lavrov planı” ertələnib, sülh danışıqları təzədən dalan dirənib. İndi o, yenidən masaya yatırılır?

Yazı hazırlanarkən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarının açıqlamalarına reaksiya verdiyi məlum oldu. APA-ya müsahibəsində o, öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin beynəlxalq ictimaiyyət tanındığı və dəstəkləndiyinə diqqət çəkib: “O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. 

Münaqişənin həlli əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu, çağırış deyil, BMT TŞ-nin tələbidir”.

Regionun statusu məsələsinə gəlincə, Məmmədyarov deyib: “Azərbaycan prezidenti ”Sputnik”ə müsahibəsində bir daha status məsələsinə aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis mümkündür. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər”. 

Nazi aprel döyüşləri zamanı atəşkəsin əldə olunmasında Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndirdiyini də söyləyib: “Amma aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır. Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq”.

Nazir Lavrovun blogger Aleksandr Lapşinin müdafiəsinə yönəlik fikrinə də münasibət bildirib: “Bu, sırf hüquqi müstəvidə baxılan məsələdir… Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar”. Yəni Azərbaycan XİN başçısı faktiki şəkildə, rusiyalı həmkarının Lapşini dəstəkləməsinə etiraz bildirib.

( musavat.com )

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir