Cümə , 29 Mart 2024
Drone Cameras

Mərkəzi Bankın kreditlərə güzəşt paketi – bəs istehlak kreditləri…(?)

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə bank sektorunda bəzi güzəştlərə icazə verilib. Belə ki, martın 1-dən sentyabrın 30-a qədər biznes və istehlak kreditini ödəyə bilməyən vətəndaşlara cərimə faizi və dəbbə pulu hesablanmayacaq.

Qeyd edək ki, Mərkəzi Bankın qərarına əsasən, pandemiya şəraitində əhalinin və biznesin dəstəklənməsi üçün sentyabrın 30-dan sonra vətəndaşa yeni kredit tarixçəsi açılacaq. Bu müddət ərzində müştərinin ödəmədiyi əsas kredit borcu da ora əlavə ediləcək. İpoteka kreditləri ilə də bağlı güzəşt olacaq. Onu da bildirək ki, İpoteka və Kredit Zəmanət Fondu artıq bununla bağlı qaydaları açıqlayıb. Qaydalara əsasən, intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər. Qeyd edək ki, güzəştlər, eyni zamanda, sığorta öhdəliyi olan vətəndaşlara da şamil ediləcək. Bu müddət ərzində Mərkəzi Bank kommersiya banklarının dəstəklənməsi və onlara müəyyən güzəştlərin edilməsini də həyata keçirəcək.

Ekspertlər hesab edirlər ki, pandemiya dövründə istehlak kreditləri ilə bağlı verilmiş qərar adekvat deyil.

  • Natiq Cəfərli: “Sentyabra kimi bütün növ kredit faizlərinin hesablanması…”

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, sentyabra kimi bütün növ kredit faizlərinin hesablanması dondurulmalı idi: “Mərkəzi Bank problemlərin dərinliyini hələ ölçə bilməyib. Çünki verilmiş qərardan əldə olunan nəticə odur ki, istehlak kreditləri ilə bağlı sentyabrın 30-na kimi faiz ödənişlərinin gecikdirilməsinə hesablanan cərimə tutulmayacaq. Bundan başqa güzəşt yoxdur. Çox təəssüf. İpoteka kreditləri ilə də bağlı eyni yanaşmadır. Sentyabra kimi kreditlərin ödənişlərinə heç bir cərimə tutulmayacaq. İpoteka kreditləri ilə bağlı yeganə üstün cəhət odur ki, biznes şərtləri ilə verilmiş ipoteka kreditlərinin təminatının 50 faizini dövlət sığortalaya bilər. Bunun üçün də yenidən müqavilələrin bağlanmasına ehtiyac yaranacaq”.

  • Samir Əliyev: “Dəstək proqramı ancaq biznes və ipoteka kreditlərinə şamil edilir”

İqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, Mərkəzi Bank nəhayət ki, maliyyə sektoruna nəzərdə tutulan dəstəyin detallarını açıqladı. Bankın İdarə Heyətinin qərarı ilə 3 əsas sektora – bank, sığorta və kapital bazarı iştirakçılarına əlavə dəstəkləyici tədbirlər təsdiq edilib: “Əsas diqqəti maliyyə sektorunda böyük çəkiyə malik bank sektoruna yönəldib. Dəstəkləyici tədbirlərin detalları barədə dövri mətbuatda, o cümlədən, sosial şəbəkələrdə geniş məlumatlar verilib, ekspertlər tərəfindən rəylər bildirilib. Ona görə detallara çox da varmayacam. Sadəcə, bəzi nüansları qeyd etmək istəyirəm.

1.Banklar və kredit müştəriləri üçün 2 seçim təklif edilir. Ya kreditlər restrukturizasiya edilməli, əgər bu hansısa səbəbdən mümkün olmazsa, şərtlər qüvvədə qalır, gecikməyə görə əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə olunur.

2. Dəstək proqramı ancaq biznes və ipoteka kreditlərinə şamil edilir. Güzəştlər istehlak kreditlərinin digər növlərinə (məsələn, avtomobil, məişət texnikası və s.) tətbiq edilmir.

3. Biznes və ipoteka kreditlərinin heç də hamısı güzəştdən yararlana bilməz. Bunun üçün həmin kreditlərin keyfiyyəti qənaətbəxş olmalıdır. Yəni müştəri 2020-ci il martın 1-i tarixinə qədər kreditinin ödənişi 30 gündən çox gecikdirməməlidir.

4. Kredit faizləri və məbləğləri üzrə güzəştlər nəzərdə tutulmayıb. Güzəşt ancaq gecikməyə görə tətbiq edilməli olan əlavə cərimə faizlərinə, dəbbə pulu və digər ödənişlərə şamil edilir. Bu o deməkdir ki, müştərilər kreditlərini ödəməkdə davam etməlidirlər.

5. Müştərilər kredit borcunu gecikdirərlərsə, onların kredit tarixçələrinin pisləşməsi 30 sentyabr 2020-ci il tarixinədək dondurulur”.

İqtisadçının sözlərinə görə, sənəddə çatışmayan nüanslar var: “1. Restrukturizasiya seçimi müştərilərə verilsə də, qərarvermə hüququ banklarda qalır. Yəni burda hər şey konkret bankın subyektiv seçimindən, yanaşma tərzindən asılıdır.

2. İnsanların daha çox ehtiyacı olduğu kredit tətili tətbiq edilmir. Güzəştlər ancaq cərimə və dəbbə pullarına tətbiq edilir. Müştəri müqavilə şərtlərini dəyişdirə bilməzsə, bu halda köhnə ödəniş qrafikinə uyğun öhdəliyi yerinə yetirməyə məcburdur.

3. Depozit öhdəliyini yerinə yetirmək üçün banklara dəstək nəzərdə tutulmayıb. Krediti geri almayan banklar üçün depozit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yarana bilər. Bu məqsədlə cəlb edilmiş depozitlər üzrə məcburi ehtiyat normasını 30 sentyabr 2020-ci il tarixinə qədər 0,5%-dən (xarici valyuta üzrə 1%-dən) 0-a endirmək olar. Eyni zamanda, əmanətlərin sığortalanması üzrə haqları aşağı salmaq və ya dondurmaq olar.

4. İqtisadi akivliyin gücləndirilməsi, o cümlədən, sahibkarlıq subyektlərini ucuz pulla təmin etmək üçün Mərkəzi Bank tərəfindən bankları depozit və ya kredit şəklində aşağı faizli maliyyə resursları ilə təmin etmək”.

Ekspert hesab edir ki, Mərkəzi Bank zəif banklarla bağlı preventiv tədbirləri gücləndirməli, konsolidasiya tədbirlərini aktivləşdirməli, zərərli aktivlərin tam sağlamlaşdırılmasını təmin etməlidir. Bunun yollarından biri Mərkəzi Bankın bankların kapitalında müvəqqəti iştirakı ola bilər.

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …