“Tik-Tok” sosial şəbəkəsinin populyarlığı Azərbaycanda get-gedə artır. Təsadüfi deyil ki, bir vaxtlar: “ora əxlaqsızsxanadır”, “əyləncə platformasıdır” deyənlər, hazırda bu platformaya axın edir, öz adları ilə hesablar açırlar.
Bu məni qətiyyən məyus etmir, əksinə sevindirir. Mən bunun zərurliyini 2021-ci ilin sonlarından deyirdim. Elə həmin vaxtdan da sözügedən sosial şəbəkədə hesab açıb aktiv təbliğata başladım. Asan olmadı. İlk qarşıma çıxan “Tik-Tok”da ciddi kök atmış, “jeton mafiyası” oldu.
“Tik-Tok” vasitəsilə ayda milyonlarla dollar pul qazanan və bunun fonunda yalnız əxlaqsızlığı yayan qruplaşmanın başında ölkədə çox tanınmış adamlar dururdu. Onlar nəyin bahasına olursa-olsun məni oradan uzaqlaşdırmağa çalışırdılar.
Barəmdə şikayət, şantaja, öz nəzarətlərində olan proqramistləri vasitəsilə hesablarımı bloklamaq və başqa yaramaz üsullara əl atdılar. Açıq mübarizədə onların qabağından qaçmadım, əksinə həmin çevrənin məhvinə nail oldum. Hazırda “Tik-Tok”da aktiv xəbər siyasəti həyata keçirən jurnalist həmkarlarımız var.
Onlar da tez-tez müəyyən təzyiqlərlə üzləşirlər. Bir anın içində aylıq baxış sayı 10 milyonlarıa olan və yalnız xəbər istehsalı, yayımı ilə məşğul olan səhifələri bağlada bilirlər. Bunu həmin səhifələrin haqlı tənqidinə tuş gələn məmurlar və ya digər sahələri təmsil edən tanınmışlar edir. Yəni bu sosial şəbəkənin Azərbaycan seqmentində təhlükəsizliklə bağlı məsələ olduqca kövrəkdir.
Son 2 ayın içində, indiyə kimi “Tik-Tok”la bağlı hər-hansı bir addımı olmayan Mətbuat Şurası rəhbərliyinin bu sosial şəbəkə təmsilçiləri ilə görüşdüklərinin şahidi olduq. Çox maraqlıdır, niyə həmin görüşə “Tik-Tok”da aktiv jurnalist fəaliyyəti göstərən və böyük auditoriyası olan: Aziza Ismailova, İntiqam Valehoğlu, Axmedov Araz, Elvin Basqalli və digərləri dəvət edilmir?
Bizim “Tik-Tok” təmsilçiləri ilə söhbətimizdən , müzakirəmizdən dövlətimizin informasiya təhlükəsizliyi yalnız fayda götürə bilər. Bir faktı da etiraf edim ki, Mətbuat Şurası İdarə Heyətinin üzvləri sırasında “Tik-Tok” dərindən bilən və bu proseslərdə bizimlə birlikdə addımlayan Hacıbəy Heydərli var. Təəssüflər olsun ki, məlum formatda keçirilən görüşdən yayılan məlumatda mən onun da adına rast gəlmədim.
Mətbuat Şurasının “Tik-Tok” rəhhbərliyi ilə təmaslarını təqdir edirəm, amma bu addımlar formalizm xatirinə deyil, real nəticələrə hesablanmalıdır. Gələn dəfə, bu yöndə olacaq təmaslarınızı gizli və öz aranızda keçirməyin. Prosesə fayda verə biləcək şəxslərin də həmin görüşdə iştirakını təmin edin. Narahat olmayın, biz həmin görüşə yalnız şəkil çəkdirmək üçün deyil, sosial şəbəkə rəhbərliyi qarşısında real problemləri qaldırmaq üçün toplaşacayıq!
Məhəmmədəli Qəribli