Cümə , 10 May 2024
Drone Cameras

Maksim Medvedev: “Bundan da çətin qrupa düşə bilərdik” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının futbolçusu, vitse-kapitan Maksim Medvedevin 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü ilə əlaqədar “Report”a müsahibəsi…

– AVRO-2020-nin seçmə mərhələsinin püşkatması nəticəsində düşdüyünüz qrupu necə dəyərləndirirsiniz?

– Normal qrupa düşmüşük. Bundan da çətin qrupa düşə bilərdik. Bütün komandalarla sonadək mübarizə aparmalı və onlara çətinlik yaratmağa çalışmalıyıq. Qrupun autsayderi olmadığımızı sübut etməliyik. Yaxşı oyun nümayiş etdirməli və güclü rəqiblərlə 90 dəqiqə vuruşmağa hazır olmalıyıq.

– UEFA Millətlər Liqasında qrupda qalmağınız seçmə mərhələdəki çıxışlarınıza necə təsir edə bilər?

– Millətlər Liqası artıq geridə qaldı. İrəliyə pozitiv baxırıq. Son nəticə (Kosovoya 0:4 hesablı məğlubiyyət – E.M.) komandamızın mübarizə əzmini qırmamalıdır. Əksinə, daha motivasiyalı, döyüşkən komanda olmalıyıq. Gələcək oyunlarda yaxşı nəticələrə nail olmaq üçün daha mehriban, daha möhkəm kollektivə çevrilməliyik.

– Xorvatiya son dünya çempionatının gümüş medalçısıdır və qrupun favoriti sayılır. Bəs qrup ikinciliyi uğrunda mübarizə şanslarını necə görürsünüz?

– Qrupumuzdakı komandalar həm reytinqcə, həm də oyun baxımından daha səviyyəlidir. Amma hər bir rəqibin işini çətinləşdirməyə çalışmalıyıq. Biz bunu bacarırıq və inanıram ki, qrupda hansısa sürprizləri gerçəkləşdirəcəyik.

– Əvvəllər Azərbaycan yığması bu rəqiblərdən Slovakiyaya qalib gələ, Xorvatiya və Uelslə heç-heçə edə bilibsə, Macarıstandan xal almaq mümkün olmayıb. Bu faktlar hansısa psixoloji üstünlük verirmi?

– Məncə, heç bir psixoloji üstünlük vermir. Çünki hazırkı futbolçuların heç biri bu komandalara qarşı oynamayıb. Biz yeni yığmayıq. Futbolçuların çoxu təzədir. Özüm milliyə çoxdandır çağırılmağıma baxmayaraq, nə Slovakiya, nə Uels, nə də Macarıstana qarşı oynamışam. Ona görə də heç bir üstünlük görmürəm. Rəqiblər də artıq fərqli futbol və fərqli futbolçularla oynayırlar. Biz də yığma olaraq, tam başqa oyun sərgiləyirik. Ona görə də hər şey sıfırdan başlayacaq.

– İlk oyunu Xorvatiya, sonuncusunu isə Slovakiya ilə səfərdə keçirəcəksiniz. Təqvimin nəticələrə təsiri ola bilər?

– Birinci görüşün harada və kiminlə olmasının fərqi yoxdur. Çünki reytinqcə ən aşağı yerdə gedən komanda bizik. Hər bir rəqiblə həm evdə, həm də səfərdə qarşılaşacağıq. Kiminlə başlayıb kiminlə qurtarmaq mənim üçün fərq etməz.

– Slovakiya yığmasının kapitanı Marek Hamşik Azərbaycan millisindən 6 xal almalı olduqlarını bildirib. Ümumiyyətlə, əksər rəqiblərin sizə belə yanaşmasına reaksiyanız necədir?

– Baxırlar-baxsınlar. Bu, onların öz işləridir. Qrupun lideri olub-olmadıqları fərq etməz, bütün komandaların işini çətinləşdirməliyik. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir