Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb.
MSK-dan Trend-ə verilən məlumata görə, 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar irimiqyaslı layihələr davam etdirilir.
MSK sentyabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb. Layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, onlara əyani şəkildə istifadə imkanı yaratmq, o cümlədən mütəxəssisləri maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində səsvermə günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıracaq və səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edəcək.
Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və sentyabrın 17-də başa çatması nəzərdə tutulur.