Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

MTN-nin sabiq zabiti Çaykənd əməliyyatından danışır – Brifinq/Video

 

Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı Trend İnformasiya Agentliyinin baş direktor müavini, politoloq Arzu Nağıyevdir. Onunla müsahibəni təqdim edirik:

Zahid Nurəliyev: Hər dəfə Qarabağ məsələsinin nizamlanması ilə bağlı görüşlərdən dərhal sonra Ermənistan tərəfindən bu danışıqları heçə endirən addımlar atılır. Bu baxımdan Paşinyanın Şuşada “Yallı” oynaması diqqətdən yayınmadı. Bu, bir daha göstərdi ki, Ermənistan heç də Qarabağla bağlı mövqeyindən geri addım atmaq niyyətində deyil. Halbuki Paşinyan hakimiyyətə gələndə müəyyən ümidlər var idi. Sizcə, Paşinyanın bu hərəkətilə bu ümidlər tamamilə sıradan çıxmadımı?

 

– Dağlıq Qarabağ münaqişəsində son 25 ildə heç bir ümid olmayıb. Ümumiyyətlə, erməniləri “birləşdirən” üç dəyər var: qondarma soyqırımı, Ermənistan kilsəsi və Dağlıq Qarabağ münaqişəsi. Yəni qondarma “Artsax” məsələsində daim birdirlər. İstər Serj Sərkisyan, istərsə də Levon ter-Petrosyan və Robert Köçəryanın dövründə də belə idi. İndi də Nikol Paşinyan üçün də belədir.

Tam şəkildə bir rəhbərin üzərinə məsuliyyət götürüb Dağlıq Qarabağ münaqişəsini həll edəcəyi inandırıcı deyil. 11 günə baş nazir təyin edildikdən sonra Paşinyan Azərbaycan prezidenti ilə 7 dəfə, – biri rəsmi, altısı qeyri-rəsmi, – görüş keçirib. İstər Tacikistanda, istərsə də Sankt-Peterburqda keçirilən görüşlərdən sonra Paşinyan uydurduğu format fonunda qeyri-adekvat çıxışları ilə yadda qaldı. İstər qlobal, istərsə də detallı şəkildə baxsaq, ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birinci tələbi odur ki, onlar bufer zonaları saxlamaqla özlərini tam şəkildə sığortalamaq üçün ilk növbədə status məsələsini həll etmək istəyirlər. İkincisi, işğal olunmuş torpaqlardan çıxmamaqda əsas məqsəd guya gələcəkdə öz təhlükəsizliyinə təminat almaq üçündür. Azərbaycan tərəfi isə birinci böyük şərt kimi işğalçı dəstələrin Dağlıq Qarabağ ərazisindən çıxması, işğal olunmuş rayonların azad edilməsi, ondan sonra hər hansı sülh prosesi ilə bağlı danışıqlara getmək, qaçqın və məcburi köçkünlərinn öz torpaqlarına dönməsi, sonra status məsələsinə qayıtmağı qoyur. Bu, bütün beynəlxalq norma və qanunlarla tənzimlənib.

Substantiv danışıqlar odur ki, bir məsələni həll edib digərinə keçəsən. Son görüşdə humanitar məsələlərə daha çox diqqət yetirildi. Jurnalistlərin qarşılıqlı səfərləri absurd məsələyə çevrilib. Jurnalist haraya qədər gedə, hansı sualları qoya, hansı addımları ata bilər? Jurnalistlərin seçimi necə olacaq? Burada Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mətbuat Şurası bütün bunları koordinasiya etməlidir.

Nərgiz Ehlamqızı: Hələ Heydər Əliyevin dönəmində belə təcrübə olub axı…

– Başa düşürəm, 1994-cü illə indiki dövrü müqayisə etmək çox çətindir. Əsir və girovlarla görüşməyə jurnalisti buraxarlarmı? Məni maraqlandıran əsas məqamlardan biri budur. Gedib hansısa Ermənistan məmuru ilə brifinq keçirib, mətbuat xidməti ilə görüşüb gəlmək problemi həll eləmir.

Son vaxtlar Sərsəng su anbarı ilə bağlı məsələni qaldırırlar. Sən mənə öz ərazimdə sanki diktə edirsən. Qorxulu məsələ odur ki, ümumiyyətlə, yaz gələndə müharibə ehtimalı, atışmalar daha çox olur. Kənd təsərrüfatı məhsullarının istehsalı, əkin-biçin başlayır, atəş altında olan ərazilərdə bu məsələlərə diqqət yetirmək lazım idi. Üçüncü məsələ əsir və girovların qohumları ilə görüşməsidir. Kimin əsir, kimin girov və ya sadəcə, qarşı tərəfə keçməsi ayırd olunmalı idi. Çox təəssüf ki, bu məsələ aydınlaşmayıb. Paşinyan 11 günə hakimiyyətə gəldi, birinci mitinqi ilə sonuncu mitinqinə qədər məsafə 11 gün çəkdi. Təbii ki, onu hakimiyyətə gətirən qüvvələr vardı, o, Köçəryan və ya Sərkisyana, “Qarabağ klanı”na qalib gələ bilməzdi. Təxminən 2007-ci ildə Paşinyan belə bir bəyanatla çıxış etmişdi ki, 7 rayonu saxlamaq üçün onların nə iqtisadi, nə siyasi, nə də hərbi gücü var. Yəni 7 rayon məsələsi o vaxtdan vardı, Paşinyana indi də onu irad tuturlar ki, sən vətən xainisən, bu məsələlərdə niyə vaxtilə Azərbaycanın xeyrinə olan bəyanatla çıxış etmisən.

Adekvat addım kimi öz oğlunu gətirib Qarabağda qulluq etdirir, ancaq heç məlum deyil onun oğlu haradadır. Dağlıq Qarabağ məsələsini Paşinyan hakimiyyətinin həll edəcəyi böyük sual altındadır. Paşinyanın rəqs etməsini vurğuladınız. O, özünü başqa cür apara bilməzdi. Onlar guya üç məsələni bayram edirdilər: faşizm üzərində qələbəni, Dağlıq Qarabağda müdafiə batalyonlarının yaradılmasını, bir də Şuşanı ələ keçrimələrini. Bu üç məsələni sanki bizim ürək yanğımız kimi görk edib göstərirdilər, sanki deyirirdilər ki, biz qələbəni, siz Şuşanın gedən gününü qeyd edirsiniz. Təbii ki, bu, heç bir çərçivəyə sığmır. ATƏT-in Minsk qrupunun həmsədrləri təəssüf ki, 25 ildə deklorativ bəyanatlardan bir addım kənara getmədilər.

Sanki Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycandan başqa heç kim, – istər qlobal, istərsə də regional dövlətlər olsun, – istəmir. Təbii ki, bizi bu məsələdə tam şəkildə dəstəkləyən Türkiyə kimi dövlət var. Ermənistanla diplomatik əlaqələrini kəsən Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələr var. Hər bir Avropa dövləti ilə qarşı-qarşıya oturub hansısa məsələni müzakirə edəndə onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Lakin ikili standartlar, bu məsələyə müxtəlif rakurslardan yanaşma bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində həm iqtisadi, həm hərbi, həm də siyasi məqsəd güdürlər və buna razı deyillər.

Zahid Nurəliyev: Həmsədrlər tərəflərin sülhə hazırlınmasını tövsiyə edirlər. Anacq belə bir haqlı fikir də irəli sürülür ki, əvvəlcə sülhün nədən ibarət olduğu aydınlaşmalıdır ki, sonra proses davam etsin. Son danışıqlarda hansısa yenilik olmadığı da bəllidir. Bu baxımdan Azərbaycanın Qarabağ məsələsi ilə bağlı həm rəsmi, həm cəmiyyət olaraq, həm də xalq diplomatiyası təsisatları vasitəsilə apardığı siyasəti nə dərəcədə yetərli sayırsınız və daha nələr etmək olar?

– Müharibə tək səngərlərdə getmir. Sizinlə razıyam, həm diplomatik səviyyədə, həm informasiya müharibəsi gedir, həm də maraqların toqquşduğu o məqamlardan tərəflər özlərinə nəsə götürmək üçün savaş aparırlar. Çox təəssüf ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün itirilməsinə gətirib çıxarıb.

Təsəvvür edin, Türkiyə kimi bir dövlət hətta öz sərhədlərindən kənara çıxaraq anti-terror əməliyyatları keçirir, mütləq şəkildə ona qarşı olan terrorçu dəstələri məhv edə bilir. Azərbaycan öz ərazisində anti-terror əməliyyatlarını son vaxtlar iki dəfə – 2016-cı ildə aprel hadisələri zamanı, bir də 2018-ci ildə Naxçıvan istiqamətində aparıb. Heç bir dövlət irad tuta bilməyib ki, öz ərazində bu əməliyyatları niyə həyata keçirirsən. Təbii ki, regional oyunçular var. Təsəvvür edin, İranla Azərbaycan arasında Dağlıq Qarabağ tərəfdən 123 km boz zona, sərhəd var. Qaçaqmal, narkotik daşıma, bütün proseslər o boz zonada baş verir. Gürcüstan bizi tam şəkildə dəstəkləyir, eyni zamanda strateji tərəfdaşımızdır.

Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hamı kimi deyir ki, danışıqlar masasına əyləşmək lazımdır, amma konkret kimin işğalçı və ya kimin torpaqlarının işğal olunduğunu dilinə gətirə bilmir. Ən mühüm məsələ Rusiya məsələsidir. Bildiyiniz kimi, Türkiyə ilə Ermənistanın sərhədi NATO və Rusiya sərhədidir. Burada əsas məqam ondan ibarətdir ki, Ermənistan KTMT üzvü olsa da, Rusiya birmənalı şəkildə həm Türkiyə, həm də İran sərhədini qoruyur və öz bazalarından istifadə edir. Yəni Rusiya bu oyunda ən açar fiqurlardan biridir. Təbii ki, Rusiyadan təkid olsa, ermənilər tam şəkildə müəyyən danışıqlara gedə bilər.

Buna baxmayaraq, son illər Azərbaycan həm hərbi, həm diplomatik, həm də informasiya savaşı istiqamətdə irəlilədir. Ermənistan böyük güclərin Azərbaycanı dəstəklədiyini hiss edir. Lakin təəssüf ki, bütün dünya biz düşündüyümüz kimi düşünmür, heç bir super güc kiçik bir müsəlman ölkəsi olan Azərbaycanı tam şəkildə müstəqil görmək istəmir. Ola bilsin, kimsə buranı Suriya, yaxud İraq kimi görmək istəyir. Hətta tez-tez bizə irad tuturlar ki, Azərbaycanın İsraillə normal münasibətləri var, necə ola bilər, müsəlman və yəhudi arasında belə münasibətlər formalaşsın.

Zahid Nurəliyev: Sizcə, Azərbaycan danışıqların faydasız olduğunu bəyan edib anti-terror əməliyyatlarını başlaya bilərmi? Bundan sonra nələr baş verə bilər?

– Ermənistana BMT səviyyəsində təzyiq etmək mümkün deyilsə, hərbi variant ən gözəl variantdır. Nə qədər dözmək olar? İşğal, soyqırımı ildönümlərini nə qədər qeyd etmək olar?! Bunun sonu çatmalıdır. Son vaxtlar Rusiyaya qarşı sanksiyalar bir daha göstərir ki, Rusiya o gücün sahibi deyil. Rusiyaya Azərbaycan Ermənistandan daha çox lazımdır. Rusiya-Türkiyə münasibətlərinin həddən artıq yaxınlaşması təbii ki, Azərbaycan üçün müsbət tendensiyadır. Bir vətəndaş olaraq düşünürəm ki, bu məsələlərin sonu hərbi müdaxilə ilə nəticələnəcək. Çünki Ermənistan demək olar ki, bütün qırmızı xətləri keçir.

Nərgiz Ehlamqızı: Dağlıq Qarabağ münaqişəsinə toxundunuz, bildiyimiz qədər Qarabağ müharibəsi veteranısınız, istərdik bir az döyüş xatirələrinizi bölüşəsiniz…

– Mən xüsusi xidmət orqanlarının zabiti olmuşam. Təxminən 1991-ci illərdə hələ ordu formalaşmamışdı, xüsusi təyinatlı dəstələr vardı, bu dəstələrdən də biri Milli Təhlükəsizlik Nazirliyinin tərkibində idi. Allah rəhmət eləsin, milli qəhrəman Riad Əhmədov bizim komandirimiz idi. Mən əsasən, Çaykənd əməliyyatı başlayandan orada iştirak etmişəm.

Orada əsas üç kontingent vardı, biz, polis və kənd camaatı. Sonradan ordu formalaşdı və əsasən proseslərdə ordu iştirak etməyə başladı. Təəssüflər olsun ki, 1991-92-ci illərdə ordunun formalaşması ilə yanaşı müəyyən qruplaşmalar da formalaşmağa başladı. Təsəvvür edin, biz həm o qruplaşmalarla mübarizə aparırdıq, həm də Dağlıq Qarabağda kəndləri qoruyurduq. Təbii ki, müəyyən əməliyyatlar keçirirdik. Yəqin ki, vaxt gələr, “Əməliyyatçının qeydləri” deyilən kitab formasında bu məsələyə qayıdarıq.

Nərgiz Ehlamqızı: Belə qeydlər aparmışınız?

– Bəli, nə isə var, hələ geniş kütləyə təqdim olunmayıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycanın ən gözəl oğlanları, genofondu demək olar ki, orada idi. Təsəvvür edin, zabit olaraq bizim o vaxtlar heç çəkməmiz yox idi, amma bizim bir amalımız vardı – Vətən. Öz vəzifəsindən, ata-anasının iş yerindən, qohumluq əlaqalərindən asılı olmayaraq, əsl vətənpərvərlər orada idi. O günlərimlə fəxr edirəm ki, Azərbaycanın gerbini alnımda gəzdirmişəm, sonra da 22 il 2 ay 17 gün işləyib təqaüdə çıxmışam.

Zahid Nurəliyev: Çaykənd əməliyyatından xeyli vaxt keçib. Həmin əməliyyat ərəfəsindəki situasiya, ona hazırlıq, əməliyyatın nəticələri barədə yeni nələr deyə bilərsiz?

– O zaman Azərbaycanda ruslar da vardı, Gəncə istiqamətində desant polku dayanmışdı. Elə vəziyyət yaranmışdı ki, ermənilər dünyanın hər yerindən terrorçuları gətirmişdilər. Çaykənd əməliyyatında artıq Azərbaycan diktə edən tərəf kimi çıxış elədi və yollar açıldı. Orada bir problem yarandı, bir ermənini öyrətdilər, elə vəziyyət yarandı ki, bizim zirehli texnikanın birinin “lükünü”nu açıb qranatı tutdular ki, ya buranı partladırıq, ya da əməliyyat dayansın. Bu, düşünülmüş məsələ idi. Adları çəkməyin yeri yoxdur, orada müxtəlif şəxslər var idi, yəni əməliyyat tam şəkildə baş tutdu.

Zahid Nurəliyev: Əməliyyata kim rəhbərlik edirdi?

– “Zvyozdoçka” deyilən pioner düşərgəsində bir yer vardı, Məhəmməd Əsədov, Vaqif Hüseynov, bir də Viktor Polyaniçko ordaydı. Əsas rəhbərlər bu üç nəfər idi. Onlara uyğun də döyüş qabiliyyəti olan şəxslər yığılmışdı. Ermənilər dedi ki, Tiflis, Tovuz-Qazax istiqamətində yol açılsın, biz köçməyə, kəndləri boşaltmağa hazırıq. Orada çoxsaylı terrorçular qətlə yetirildi. Onlar getməyə hazır idilər. Bu proseslərə ən mənfi təsir edən məsələ avqustun 31-də “QKÇP” (Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi) məsələsi oldu. Yenidən Sovet hökumətinin bərpası cəhdi problemlər yaratdı.

Zahid Nurəliyev: Həmin əməliyyatın Azərbaycanda Rusiya meylli qüvvələrin mövqelərinin gücləndirilməsi məqsədilə keçirildiyi haqda da mülahizələr səslənir. Bununla nə dərəcədə razısınız?

– İnanın, Sizə səmimi deyirəm, o əməliyyatlar keçirilən vaxt bizim dəstələrin tərkibində milliyyətcə rus olan elə döyüşçülər vardı ki, sonradan milli qəhrəman adı alan da oldu. Orada milli məsələlər görmədim. Rus generallar, zabitlər də sanki Azərbaycanın haqq səsini dəstəkləyirdilər. Təbii ki, mənəvi və maddi tərəfi ayrıdır. Onlar Spitak hadisəsindən sonra görmüşdülər ki, millət olaraq ermənilərin onlara qarşı münasibəti necədir.

Zahid Nurəliyev: Söhbət konkret olaraq Ayaz Mütəllibovun hakimiyyətinin qorunması məsələsindən gedir…

– İnanmıram ki, o, təkcə hakimiyyətin qorunmasına görə idi. Onsuz da mübarizə gedirdi. 1991-93-cü illərdə baş verən proseslərə baxsaq, hər şey məlum olur. Elə şəxs vardı ki, üç ildə üç güc strukturunun rəhbəri olmuşdu. Bir epizod da danışım, 1993-cü il avqustun 31-də Qubadlının işğalı günü həmin xüsusi təyinatlı dəstə ilə Horadiz, Füzuli istiqamətində olmuşduq. Təsəvvür edin, məni zabit olaraq ən çox qorxudan məsələ heyvanların örüşdən qayıdıb öz qapısının ağzında mələməsi idi. Onların günahı nə idi? Kimsə dəstələr yaradıb, Qubadlı-Laçın istiqamətində təxribatlar törədirdi, ona görə Mahmudludan camaatı çıxardılar. Qarabağ münaqişəsində ermənilər Xocalı hadisəsinə ona görə belə qəddarcasına getdilər ki, insanlar digər proseslərdə bundan qorxsun. Kimə nə deyirdin, qayıdırdı ki, Xocalının gününə qoyacaqlar. Onlar çox güclü taktika seçmişdilər, ən hündürdə Şuşa idi, sonra Laçın alındı, Qubadlıya gələndən sonra Kəlbəcər gedir. Kəlbəcər də bu biri tərəfdən hündürlükdür, Ermənistan tərəfdən keçiddir. Bütün proseslər hazırlanmışdı. Kimin hakimiyyətə gəlib-gəlməməsi ikinci məsələ idi. Lakin elə taktika seçilmişdi ki, Azərbaycan xalqının gözü qorxsun, unutqan və tələskən olsun. Bu varianta da əl atdılar.

Mənsur Rəğbətoğlu: Dediniz biz həm düşmənə, həm də qruplaşmalara qarşı mübarizə aparırdıq. Bu qruplaşmalara kim rəhbərlik edirdi, məqsəd nə idi?

– Bu qruplaşmaların nəyə xidmət etdiyi tarixi kitablarda da yazılıb. Mən bir epizodu demək istəyirəm, mayın 9-da Şuşa gedən günü bir neçə zabiti Milli Məclisə gətirmişdilər. Bizi qapıda növbətçi qoymuşdular ki, içəri girən deputatların silahını alın. Təsəvvür edin, hər bir deputat hansı qruplaşmadan olmasına baxmayaraq, üstündə silah içəri keçirdi. Bunun canlı şahidləri də var. O anda içəridə gedən iclasda kimin hakimiyyətə gəlməsi müzakirə olunan vaxt Laçından həmin dəstələri çıxarıb gətirirlər ki, gəlin, bizim hakimiyyət əldən gedir. Yəni hakimiyyət uğrunda hər bir qruplaşmanın öz marağı və rəhbərləri vardı. Onlar da müəyyən şəxslər, hətta böyük qurumlar tərəfindən idarə olunurdu. Hərəsinin öz məramı, məqsədi, marağı vardı, nöqtə bir deyildi. O qədər iclaslar olub ki, hamı bilir nədir. Həqiqətən də qruplaşmalar özlərinin hakimiyyətdə qalması və hakimiyyətə gəlməsi üçün mübarizə aparırdı.

Zümrüd Kərimova: Bəs Qarabağ kimi maraqlandırırdı?

– Əziz Nesin ömrünün son vaxtları qurduğu mağara kimi bir evdə yaşayırmış, ondan soruşurlar ki, belə çöllü-biyabanda necə yaşamaq olar? Bəs torpaq, Vətən…Deyir, torpaq gözəl olduğu üçün Vətən deyil, torpaq Vətən olduğu üçün gözəldir. Qarabağı maraqlandır həqiqətən Vətənin nə olduğunu bilənlər idi, istər varlı, istərsə də kasıb olsun… Bizim xüsusi təyinatlı dəstədə kriteriyalara bölsək, kasıb adam yox idi, hamısı Vətəni dərk edən, ağıllı, savadlı oğlanlar idi, qarşısına qoyulan məqsədi də bilirdi ki, nədir, bu gün Dağlıq Qarabağda mən vuruşmasam, arxada, anam, bacım, namus, qeyrət var…Mən Tovuzdanam, evimizlə ermənilərin “İsgəndər” dedikləri quruma qədər məsafə 11 kilometrdir. Biz hələ rayon mərkəzindəyik, Əlibəyli, Ağdam kəndlər var. Belə təmas xətti bütün Azərbaycan boyu vardı. Sabah onların gəlib namusumuzu, qeyrətimizi tapdayacağını düşünənlər idi Qarabağı fikirləşənlər…

Pafoslu səslənsə də belə idi. Qarabağda ən çox 1972-73-cü il təvəllüdlü uşaqlar şəhid oldu. Təsəvvür edin, genofond necə pozuldu. Onlar sağ olsaydı, indi onların övladlarının neçə yaşı olacaqdı. Qarabağ tək torpaq itkisi deyildi, eyni zamanda genofondun, ən gözəl oğlanların, qızların, mənəvi məsələlərin itkisi idi. Bayaq bir fikir dedim: unutqanlıq və tələskənlik. Bu, Azərbaycan xalqı üçün ən böyük bəladır, unutmaq, qisas hissi ilə yaşamamaq. Düzdür, kin-küdurət insanı boğur, amma qisas hissi ilə yaşamaq, qəhrəmanlara Qarabağ qazilərinə xüsusi hörmətlə yanaşmaq lazımdır. Düzdür, Azərbaycan prezidenti, Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə çox mühüm addımlar atılır, onlar yada salınır, maddi və mənəvi vəziyyətləri ilə maraqlanılır. Bütün xalq başa düşməlidir ki, onlar torpaq üçün həlak olub. Onlar səngərə gedəndə sonunun necə olacağını fikirləşmirdi.

Mənsur Rəğbətoğlu: O dönəmdə partizan mübarizəsi var idimi? İşğal olunmuş ərazilərə partizan dəstələri girirdi? Əsir götürülmüş şəxslərin azad edilməsinə yönəlik əməliyyatlar keçirilirdi?

– Əsir və girov şəxslərlə bağlı məsələ çox ağır məsələdir və əsir-girovların müəyyən kateqoriyaları var. Bir məsələni üç yolla həll etmək olur: qanun, Allah və oğru yolu ilə. Oradan gələn hər bir şəxs filtrasiya tədbiri keçirməlidir. Bu insanı niyə əsir götürdülər, nədən buraxdılar, niyə o tərəfə keçdi? Bunlar çox ağır məsələlərdir. Vaxtilə xüsusi xidmət orqanlarının əməkdaşı kimi qaçqın rayonlarından birində işləmişəm, hər bir əsir, girov gələndə onunla söhbət edəndə sanki insan 10 il qocalır. Bir var, gələ, başına gələni danışa, bir də var həmin şəxsin üzərində il yarım işləyəsən, nəzarətdə saxlayasan, aydınlaşdırasan ki, bunu niyə buraxıblar. Əməliyyat şəraitində nəzarət olmaqla əsir və girovların üzərində işlər gedir.

Partizan hərəkatına gəlincə, partizan hərəkatını o adamlar edir ki, ərazinin iqlim, relyef və digər şəraitini bilən olsun. Bilənlər də var idi, müəyyən əməliyyatlar da keçirilirdi.

Mənsur Rəğbətoğlu: Qonşu İrana qarşı son zamanlar basqılar intensivləşib. Bu təzyiqlər hansı həddədək inkişaf edəcək? Hərbi müdaxilədən söhbət gedir. Bu, hansı formada ola bilər Belə müdaxilə olacaqsa, soydaşlarımızın böyük axını gözləniləndir…

– Suriyadan sonra növbə İranındır. İranda rejimin dəyişdirilməsi ABŞ üçün bir nömrəli məsələlərdəndir. Burada həm iqtisadi məsələlər, neft amili, eyni zamanda geosiyasi problemlər var. İranda gündə 1 milyon barel neft satılır. Bu gün neftin qiymətini 74 dollardan hesablasaq, təxminın 74 milyon dollar deməkdir. Ən mühüm alıcıları yenə də Hindistan, Çindir, artıq Yaponiya, Cənubi Koreya imtina edib. Çalışırlar ki, Hindistanla Çin də imtina etsin. Son vaxtlar Avropanı da cəlb edirlər ki, İrana qarşı sanksiyalar tətbiq olunsun. Düşünürəm ki, əsas məram və məqsəd orada rejimi dəyişməkdir.

Nərgiz Ehlamqızı: Trampın gələn il hakimiyyət dönəminin başa çatdığını nəzərə alsaq, qısa zaman kəsiyində İrana qarşı savaş reallaşa bilərmi?

– Tramp ABŞ demək deyil, onlarda qanunvericilik tam başqa cürdür, Konqres, prezident, Senat, Nümayəndələr Palatası var, özbaşına qərar qəbul edə bilmirlər. Tramp hətta digər prezidentlərə baxanda biznesmen təfəkkürlüdür, o, ilk növbədə bəlkə də ABŞ-ın biznes maraqlarını daha çox qabartdı, istər Çinə, istərsə də Avropaya qarşı addımlarda bu, hiss olundu. İrana qarşı hərbi müdaxilə barədə qərar da tək Tramplıq məsələ deyil.

Onun yanında Bolton və digər şəxslər var, onlar sıradan çıxmayıb. Yəni ABŞ-ın, ümumiyyətlə, planında bir nömrəli məsələlər Körfəz ölkələri, eyni zamanda İrandır. Trampdan sonra siyasətdə müəyyən yumşalmalar ola bilsin, olsun, amma bu prinsipdən əl çəkməyəcəklər.

Zümrüd Kərimova: ABŞ bu yaxınlarda münaqişənin həll prosesi ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaqşintona dəvət etdi. Birləşmiş Ştatların bu təklifi verməkdə məqsədi nədir? Niyə ABŞ Rusiya qədər Qarabağ münaqişəsinə müdaxilə edə bilmir?

– Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin martın 29-da Vyanada keçirilən rəsmi görüşündən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə nazirləri Moskvaya dəvət etdilər və orada artıq özlərinin nəzarəti altında növbəti görüş keçirildi. Bundan sonra ABŞ belə bir bəyanatla çıxış etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri bir də Vaşinqtonda görüşsün. Nüfuz davası gedir. Dünyanın bölgüsü aparılır. Bilirlər ki, Rusiya bu münaqişədə açar fiqurdur. Rusiya istəsə, münaqişənin həlli üçün müəyyən addımlar ata bilər. Ermənistana təzyiq mexanizmlərindən tam istifadə edə bilər ki, danışıqlar masasında işğal olunmuş torpaqlar qeyd-şərtsiz qayıtsın. Rusiyanın belə hərəkətinə görə ABŞ öz əlindən mümkün variantları buraxmaq istəmir.

ABŞ eyni zamanda demokratiyaya can atmaqla, həm də nüfuz dairəsini saxlamağa çalışır. Onun da ən mühüm çıxış yollarından biri məhz Qafqaz bölgəsidir. Bu regionda isə ən mühüm tərəfdaş Azərbaycan ola bilər. Onlar Azərbaycanı əldən buraxmaq istəmir. Ona görə də rusların atdığı addıma qarşı amerikalılar da addım atır. Təsəvvür edin ki, SSRİ dövründən qalmış bütün münaqişə ocaqlarında, istər Qarabağ, istər Dnestryanı ərazi, istərsə də Gürcüstan olsun, hamısında birmənalı şəkildə Rusiyanın dəsti-xətti görünür. Heç biri də hələ həll olmur, əllərində təzyiq vasitəsi kimi saxlayıblar. ABŞ deyir ki, əgər siz SSRİ-nin sələfi kimi bütün bunları qəbul edir, bütün borcları boynunuza götürmüsüzsə, bu məsələləri də boynunuza götürün. Həll edə bilmirsinizsə, mən müdaxilə edim.

Mənsur Rəğbətoğlu: “Ortadoğu projesi”sidə Azərbaycan da varmı? Bir neçə il öncə “Nyu York Tayms”da xəyali layihə yayımlanmışdı, federativ dövlətlər yaradılacağı bildirilirdi, Azərbaycanın da adı çəkilirdi…

– Xəritəyə baxsaq, Azərbaycanın eni və uzunu 450 km-dir və 20 faizi işğal olunub. Bu gün müsəlman dünyasında misal gətiriləsi dövlətdir. Onun bölünməsi üçün böyük güclər səviyyəsində hər hansı sanaksiya tətbiq olunacağı inandırıcı görünmür. Azərbaycan tranzit dövlətdir, multikultural dəyərlərə hörmətlə yanaşır, onun bölünməsi dünyaya hər hansı müsbət tendensiya gətirə bilməz.

Bu gün Orta Asiyanın çıxışı hələ ki buradandır. İrana hələ inam yoxdur, Avropa və Şərqi birləşdirəcək xətt Azərbaycan ərazisindən keçirsə, bunun bölünməsinə lüzum yoxdur. Bilirsiniz, Azərbaycanı istəməyən qüvvələr də var. Məsələn, Talışıstan Tv deyilən bir məsələ vardı, tez-tez separatizmi ortaya salırdı, biz təhlillər apardıq, məlum oldu ki, Şuşadan yayımlanır, Sankt-Peterburqdan maliyyələşir və aparıcısı ermənidir. Onun nə maraqları ola bilər ki? Tam şəkildə xüsusi xidmət orqanının nəzarəti altında işləyən qurumlardır. Bunların məramı Azərbaycanda farsyönümlü, talış, ləzgi dövlətinin yaranması ilə bağlıdır. Bunlar Ermənistan və onların arxasındakı xüsusi xidmət orqanınlarının əlindəki rıçaqlardır ki, istənilən vaxt guya bundan istifadə oluna bilər. Şükürlər olsun ki, hələ bu, alınmır və düşünürəm ki, alınmayacaq.

Nərgiz Ehlamqızı: Gürcüstanla Keşikçidağ gərginliyi həllini necə tapacaq və ya tapmalıdır?

– Xanım Zurabaşvili ilk səfərində Azərbaycana gələndə demişdim ki, NATO-ya daxil olmaq üçün hər hansı ərizə ilə müraciət edəndə onlar öz sərhədlərini müəyyənləşdirməlidirlər, yəni dövlət nədir? Bildiyiniz kimi, Gürcüstanla 400 km-dən çox sərhəddimiz var, onun 360 km-i ilə bağlı məsələ həll olub, demarkasiya da, delimitasiya da olub. Qalan məsələ budur. Böyük problem yox idi, mütəmadi olaraq yenidən yaşatmağa çalışırlar.

Əgər doğrudan da söhbət sərhəddən gedirsə, niyə Abxaziya və Osetiya, Pankisi dərəsinin məsələsini qaldırmırlar, məhz Azərbaycanın sərhəd məsələsini qaldırırlar? Düşünürəm ki, bu, siyasi məsələdir, son vaxtlar da onun qabarmasına səbəb Salome Zurabaşvilinin hakimiyyətə gəldikdən sonra ora gedən zəvvarların sayının artması ilə bağlıdır. Zəvvarlar istəyir ki, qarşılarında heç bir problem olmadan birbaşa gəlib Azərbaycan ərazisindən keçsinlər. Lakin Azərbaycan ərazisində müharibə gedən dövlətdir, ermənilərin də orada öz maraqları var. Düşünürəm ki, siyasi gedişlərdir, bu məsələ həllini tapacaq.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir