Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

Naxçıvanın da yaradıcılıq ittifaqları dövlətdən yardım aldı…

img

Azərbaycanda dövlət səviyyəsində yaradıcı ittifaqlara və birliklərə diqqət və qayğı göstərilməsi artıq ənənəyə çevrilib. Naxçıvanda fəaliyyət göstərən yaradıcılıq qurumları, birlikləri də dövlət qayğısından kənarda qalmır.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif  Talıbov mayın 20-də yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncam Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 min manat, Bəstəkarlar Təşkilatına 20 min manat, Dövlət Film Fonduna 15 min manat, Aşıqlar Birliyinə 15 min manat və Memarlar Birliyinə 12 min manat ayrılıb.

Dövlət tərəfindən Naxçıvanda mövcud olan yaradıcılıq qurumlarının fəaliyyətinin stimullaşdırılması üçün maliyyə vəsaitinin ayrılması, əlbəttə, müsbət addımdır.

  • Yaşar Xəlilov: “Bizim təşkilata vəsait ayrılması Naxçıvan bəstəkarlarının və musiqişünaslarının yaradıcılıq həyatında böyük rol oynayacaq”

Naxıvan MR-in Bəstəkarlar Təşkilatının sədri, Naxçıvanın Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, rəhbərlik etdiyi quruma vəsaitin ayrılması təşkilat üzvləri tərəfindən sevinclə qarşılanıb. “Naxçıvan bəstəkarları, musiqişünasları, musiqiçiləri hər zaman dövlətin bizə göstərdiyi qayğını hiss edir və bu bizə böyük yaradıcılıq stimulu verir. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə digər yaradıcı qurumlarla yanaşı, Bəstəkarlar Təşkilatına da vəsait ayrılması çox müsbət hadisədir. Bu bizə imkan verəcək ki, bəstəkarlarımızın əsərlərini çap edək. Bizim təşkilata vəsait ayrılması Naxçıvan bəstəkarlarının və musiqişünaslarının yaradıcılıq həyatında böyük rol oynayacaq. Bu bizə göstərilən dövlət qayğısının təzahürüdür”. 

Y.Xəlilov qeyd etdi ki, Naxçıvan Bəstəkarlar Təşkilatının 12 üzvü var. Xalq artisti Tofiq Bakıxanovun da təşkilatın fəxri üzvü olduğunu deyən qurum sədrinin sözlərinə görə, burada həm musiqişünaslar, həm də bəstəkarlar təmsil olunurlar. Bəstəkarların əsərlərinin notlarının çapına gəlincə, təşkilat sədri qeyd etdi ki, imkan düşdükcə, onların əsərlərinin notlarını nəşr edirlər, lakin hazırda quruma ayrılan 20 min manat məbləğində olan vəsaitlə genişmiqyaslı işlər görmək mümkün olacaq. “Bu vəsait bizim təşkilatın fəaliyyətinə böyük bir dövlət yardımıdır” – deyə Y.Xəlilov bildirdi.

  • Asim Yadigar: “Naxçıvan Yazıçılar Birliyinə mütəmadi olaraq dövlət qayğısı göstərilir”

Naxçıvan  Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi Asim Yadigar da “Bakı-Xəbər”ə açıqlamasında birliyə ayrılan maliyyə vəsaitinin Naxçıvan yazarlarına göstərilən böyük dövlət qayğısının təzahürü olduğunu bildirdi. Naxçıvan MR Yazıçılar Birliyinin 80 nəfər üzvü olduğunu deyən birlik sədrinin sözlərinə görə, onlar hər zaman dövlət qayğısı ilə əhatə olunublar. “Naxçıvan Yazıçılar Birliyinə mütəmadi olaraq dövlət qayğısı göstərilir, birliyə maliyyə vəsaitinin ayrılması da növbəti addımlardan biridir. İndiyə qədər Naxçıvan MR-in şair və yazıçılarının əsərlərinin əhatə olunduğu 30-a yaxın almanax çap olunub və bu almanaxların da hər biri dövlət vəsaiti hesabına işıq üzü görüb. Bu almanaxların 15-i son dövrlərə, yəni mənim sədrliyim dövrünə düşüb. Biz uşaqlar üçün də kitablar nəşr etmişik. Sonra muxtar respublikanın gözəllikləri, təbiəti ilə bağlı, eyni zamanda, Naxçıvana həsr edilən kitablar çap olunub. Bu nəşrlərin hamısı dövlət vəsaiti hesabına, Ali Məclisin sədrinin qayğısı sayəsində işıq üzü görüb. Bu gün Naxçıvan Yazıçılar Birliyinin fəaliyyəti üçün hər cür şərait yaradılıb, birlik və birlik üzvləri dövlət qayğısı ilə əhatə olunub. Bizim üçün çox zəngin kitabxana yaradılıb. Birlikdə yazıçılarımızın, şairlərimizin kitablarının nəşr edilməsinə də dövlət dəstək verir, vəsait ayırır. 10-dan artıq ayrı-ayrı müəllifin kitabları dövlət vəsaiti hesabına nəşr olunub. Cənab sədrin sərəncamı ilə Naxçıvan Yazıçılar Birliyinə 25 min manat vəsait ayrılıb. Bu vəsait birliyə lazım olan avadanlıqlar alınmasına, yazıçı və şairlərlə bağlı tədbirlər keçirilməsinə və s. yaradıcılıq və texniki məsələlərin həllinə yönəldiləcək. Ola bilsin ki, biz də Bakıdakı Yazıçılar Birliyində olduğu kimi, bu vəsait hesabına yazıçı və şairlərlə bağlı tədbirlər keçirə, onları mükafatlandıra bilərik. Biz dövlətin Naxçıvan Yazıçılar Birliyinə göstərdiyi qayğı və diqqəti yüksək dəyərləndiririk. Bu qayğı və diqqət bizi daha da ruhlandırır, bizə qol-qanad verir” – deyə A.Yadigar qeyd etdi.

 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir