Çərşənbə axşamı , 15 Oktyabr 2024
Drone Cameras

Fuad Abbasovun müəmmalı həbsi, deportasiya təhlükəsi və Rusiyada Frenkin yeni azərbaycanlılar təşkilatının sükutu…

img

Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist Fuad Abbasovun müəmmalı həbsi və ona verilən işgəncə anının video, fotolarının sosial şəbəkələrdə yayılması ölkəmizdə və onun hüdudları kənarında ciddi etirazla qarşılanıb.

Qeyd edək ki, F.Abbasov çox vətənpərvər jurnalist kimi tanınır. Rusiya ilə Türkiyə arasındakı münasibətlər gərginləşəndə Rusiyanın tanınmış televiziya kanallarında təşkil edilən tokşoularda  prinsipial mövqe ortaya qoyaraq, Türkiyə və ölkəmizin maraqlarını müdafiə edib. Moskvada yaradılan çeçen-azərbaycanlı qarşıdurması zamanı da həmkarımız böyük barışdırıcı missiyanı uğurla həyata keçirə bildi.

Sonra Fuadın adı Füzuli Məmmədovun yaratdığı yeni qurumun ətrafındakı proseslərdə hallanmağa başladı. Fuad prosesi sərt tənqid edirdi. Bundan sonra F.Məmmədovun Azərbaycanda və Rusiyada olan yaxınları jurnalistin mövqeyinin səhv olduğunu bəyan etdilər, hətta F.Abbasovun üzərinə total hücumlar təşkil edildi. Jurnalistin adı ermənipərəstlikdə, FETÖ terror təşkilatı ilə əlaqədə hallandırıldı. F.Məmmədovun özü də Fuadla bağlı olduqca sərt açıqlama verdi. Bundan sonra belə bir məlumat yayıldı ki, F.Məmmədovla Fuad arasında barışıq əldə edilib. Ancaq buna aid hər hansı bir dəlil ortaya qoyulmadı. F.Abbasovun məhz bu hadisələrin fonunda Rusiyada həbs edilməsi və vəhşi rəftara məruz qalmasında bizim diasporumuzun ona qarşı sərgilədiyi mövqenin da rolunun olduğu qənaətinə gələnlər də az deyil. Son iki gün ərzində biz bu mövqeni bir sıra tanınmış şəxslərin dilindən eşidirik. F.Abbasovun həbs edilmə anı və onunla Rusiyanın güc qurumlarının rəftarını ölkəmizə edilən hörmətsizlik kimi dəyərləndirənlər də az deyil. Doğrudan da Azərbaycan vətəndaşının, Azərbaycan jurnalistinin bu cür aşağılanaraq terrorist, mafiya başcısı kimi həbs edilməsi və sonra şəkillərinin çəkilib sosial şəbəkələrdə paylaşılması bütün Azərbaycan xalqına qarşı həqarətdir.
F.Abbasova qarşı münasibətlər müxtəlif ola bilər, amma bu, tək Fuadın yox, Azərbaycan vətəndaşının dramıdır. Bununla şimal qonşumuz Azərbaycana qarşı növbəti sayğısızlığını edib. F.Abbasovla bağlı vəziyyəti şərh edən onun vəkili Elman Paşayevin  sözlərinə görə, o, təcridxanada saxlanan jurnalistlə görüşüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: “O internetə qoyulan fotolar düzgündür. F.Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüblər. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki, sifariş hansı formada yerinə yetirilib. Mən kriminalistəm, bu detalları bilirəm. Məqsəd o olub ki, sifarişçiyə çatdırsınlar ki, F.Abbasovu sındırdıq”.

E.Paşayev bildirib ki, döyəndən sonra F.Abbasovun qoluna qandal geyindirilib. Onun sözlərinə görə, administrativ işlər üzrə heç kimin qoluna qandal vurula bilməz: “F.Abbasova deyilməyib ki, bu addım niyə atılır. Mayın 28-də F.Abbasov deportasiya edilməlidir. Amma ondan da tez ola bilər. Onu öncə küçədə, daha sonra isə polis idarəsində döyüblər. Məqsəd o olub ki, onu sındırsınlar və bunu yaysınlar”.

Vəkilin sözlərinə görə, F.Abbasov sifarişçilərin kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbərlərindən biridir. E.Paşayevin fikrincə, F.Abbasovun deportasiyası üçün heç bir əsas, səbəb yoxdur: “Mən vəkillik fəaliyyətim boyunca belə biabırçılıq görməmişəm. Azərbaycan rəsmi səviyyədə buna reaksiya verməlidir”.

Maraqlıdır ki, Rusiyada yaşayan bir sıra diaspor fəalları və təşkilatları Fuadın həbsi ilə bağlı narahatlıq ifadə edən bəyanatlar versələr də, F.Məmmədovun yeni yaratdığı təşkilatın bu məsələyə münasibəti ortada yoxdur. Bu susqunluğu nə ilə izah etmək olar?

F.Məmmədovun rəhbərliyi altında yaradılan yeni diaspor təşkilatının idarə heyətinin üzvü, Rusiyada yaşayan diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlarla F.Abbasov arasında fakir ayrılığı həqiqətən olub: “Bu jurnalistə əvvəl mənim də münasibətin yaxşıydı. Onu əsl vətənpərvər kimi tanıyırdım. Lakin sonra gördüm ki, bu adam sifariş icra edir. Bizim yeni yaratdığımız təşkilatla bağlı proseslərdə gördüm ki, obyektiv adam deyil. Biz şəxsən onu qurultaya dəvət etmişdik. Amma gəlmədi və sonra guya onu tədbirə buraxmadığımız haqda məlumatlar yaydı. Sonra tərəflər arasında barışıq oldu. Həmin məclisdə hətta mənim özüm də Fuaddan üzr istədim ki, onu sərt tənqid etmişəm. Bir-birimizi bağışladıq. Amma həmin proseslərdən sonra o yenə gedib bizə qarşı fəaliyyət apardı. Bu baxımdan da onu aydın fəaliyyəti olmayan şəxs kimi xarakterizə edərdim. Onun həbsi ilə bağlı müxtəlif versiyalar danışılır. Məndə olan informasiyaya görə, onun həbsinin bu qalmaqalla heç bir əlaqəsi yoxdur. Onun saxlanması “Fud Siti” deyilən bazarda apardığı müəmmalı pul köçürmələri ilə əlaqəlidir. Bununla bağlı çoxlu sayda informasiya eşitmişəm. Deyilir ki, haralarasa külli miqdarda pul köçürüb. Bir də FETÖ ilə əlaqəsi barədə danışılır. Burada başqa səbəb görmürəm. Ola bilər ki, onun həbsinin kökündə müəyyən diaspor qurumları ilə aralarında olan qalmaqalın da rolu olsun. Çünki bu gün eşitdim ki, hətta bir sıra diaspor təşkilatlarımız Rusiyanın əlaqədar qurumlarına rəsmi şəkildə müraciət ediblər ki, Fuadla bağlı ölçü götürülsün. Bu gün mənə Çelyabinskdən zəng edib dedilər”.

M.Seyidovun sözlərinə görə, Fuadın həbsinin ən real motivi qanunsuz pul mübadiləsi ilə bağlıdır: “F.Məmmədov ona kömək edir. Şəxsən mən bunu Füzuli müəllimin öz dilindən eşitmişəm. Bununla F.Məmmədov özünün alovlu vətənpərvər olduğunu sübut etdi. O, F.Abbasovun azad olunması üçün bütün addımları atmağa hazırdır və bunu edəcək də. Bu fikirləri mən şəxsən onun özünün dilindən eşitmişəm”.

 Məhəmmədəli QƏRİBLİ

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir