Gündən-günə inkişaf edən Naxçıvan Muxtar Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə ciddi önəm verilir. Öz fəaliyyətini bu prinsip əsasında quran Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin timsalında bunu bariz şəkildə görə bilərik. Müasir iş şəraitinin yaradıldığı, güclü əmək intizamının mövcud olduğu nazirlikdə yeni iş metodlarının tətbiqi diqqət mərkəzində saxlanılır, vətəndaş-polis münasibətləri daha da genişləndirilir. Bütün bunlar isə qarşıya qoyulan vəzifələri günün tələbləri səviyyəsində yerinə yetirmək üçün başlıca amillərdəndir.
İnsan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipi ön plandadır
Boyukmillet.com xəbər verir ki, nazirlik 2019-cu ilin birinci rübündə də insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipini əsas götürüb. Belə ki, bəhs olunan dövrdə ümumvətəndaşlıq pasportu və şəxsiyyət vəsiqələri almaq üçün müraciət edən vətəndaşlara xidmət yüksək səviyyədə qurulub, müraciətlərə vaxtlı-vaxtında əməl olunması diqqət mərkəzində saxlanılıb, 6 min 872 nəfərə ümumvətəndaş pasportu, 6 min 974 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Bu işdə, bir neçə ildir ki, yaradılan nazirliyin səyyar xidmətinin fəaliyyəti də qeyd olunmalıdır. Qrafik əsasında yerlərdə xidmət göstərən səyyar xidmət əhalinin vaxt itkisinin qarşısını alıb. Bu xidmətdən istifadə edənlərin sayı getdikcə artmaqdadır. Rüb ərzində öz fəaliyyətini davam etdirən xidmət tərəfindən verilən pasport və şəxsiyyət vəsiqələrinin sayı 1291-ə çatıb.
Sosial-iqtisadi inkişafın göstəricilərindən biri də muxtar respublikaya gətirilən xarici avtomobillərin sayının getdikcə artmasıdır. Ekoloji tarazlığın saxlanması, vətəndaşların sağlam mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının ərazisində istifadəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması haqqında” 2012-ci il 13 yanvar tarixli Qərarına əsasən muxtar respublika ərazisinə gətirilən avtomobillərin beynəlxalq standartlara uyğunluğu nəzərə alınmaqla bəhs edilən dövrdə 41-i ilkin, 1345-i təkrar olmaqla, ümumilikdə, 1386 nəqliyyat vasitəsi qeydə alınıb. Nəqliyyat vasitələrinin sahibləri avtomobillərinin qeydəalınma prosesində heç bir çətinliklə üzləşməyiblər.
Axtarışda olanların tutulması 100 faiz təşkil edib
Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində axtarışda olanların tutulması 100 faiz təşkil edib. Bununla yanaşı, mülki hüquqi öhdəliklərin icrasından yayındığı və məhkəmə qərarı ilə axtarışda olan 9 nəfərdən 6-sı tutulub, biri isə aidiyyəti üzrə göndərilib.
Bu ilin birinci rübündə qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi ilə bağlı aparılan maarifləndirici tədbirlər də davam etdirilib. Nəticədə, 123 silah təhvil götürülüb. Qeyd edək ki, bu dövrdə keçmiş illərdən qalmış bir cinayət işi də açılıb.
Bəhs edilən müddət ərzində yol-nəqliyyat hadisələrinin sayının da xeyli azalması həyata keçirilən profilaktik tədbirlər hesabına mümkün olub. Belə ki, rüb ərzində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Cari ilin ilk üç ayı ərzində yol patrul xidməti tərəfindən 4450, polis inspektorları tərəfindən 278, digər aidiyyəti xidmətlər tərəfindən 14 olmaqla, ümumilikdə, 4742 protokol tərtib edilib.
Bütün bunlar isə onu göstərir ki, muxtar respublikanın daxili işlər orqanlarında yaradılmış sağlam xidmət şəraiti öz bəhrələrini verir. Bu isə vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir, onların asayişin keşiyində ayıq-sayıq dayanan polis əməkdaşlarına rəğbəti artır.