Cümə , 26 Aprel 2024
Drone Cameras

Ən ədalətsiz qayda, qaydasızlıqdan yaxşıdır

Mansur Piriyev

İnsanı digər canlılardan fərqləndirən əsas amil  təbii ki, onun şüuru və eyni zamanda  sosial varlıq olmasıdır. Döğrudur digər canlılar kimi insanlar da müxtəlif bioloji kefiyyətlərlə,  genetik imkanlarla  dünyaya gəlir. Ancaq  razılaşmaq lazımdır  ki, yaşadığı mühit, yetişdiyi toplum  insanın formalaşmasında xüsusi əhəmiyyət daşıyır.

Bəs insan davranışlarını  müəyyən edən amillər hansılardır ?

 İctimai yerlərdə, yolda, işdə,  marketdə, bazarda, metroda, avtobusda, dayanacaqda, məclisdə ətrafdakılara qarşı sərgilədiyimiz davranışlarımız bizi qaneə edirmi ? 

Elmi cəhətdən sübut olunur ki,  davranışlarımız – içərisində yaşadığımız  mühitin təsiri ilə formalaşan münasibətlərimizi  hər hansı mühitin gözləntilərinə uyğun şəkildə həyata keçirməyimiz, reallaşdırmağımızdır. Fərd öz içindən gələn davranışları mühitin təsiri ilə zaman keçdikcə dəyişə və bunu vərdişə çevirə bilir. Bəzən də təklikdə etdiklərimizi insanlar içərisində etmirik və ya əksinə özümüzü məcbur hiss edərək toplum arasında fərqli davranırıq. Davranışlarımızı həm də dünyagörüşümüz və ətrafa olan baxışlarımız müəyən edir. İstənilən halda reallığı dərk etməyən, ətrafı düzgün qiymətləndirməyən insan bunu öz davranışlarında, münasibətində  mütləq şəkildə təzahür etdirir.

 

 Şüurumuzun yaratdığı “təbiət”

 

Son illərdə insanların bir birinə, hətta topluma  qarşı tənqidi, aqressiv yanaşması müşahidə olunmaqdadır. Bu problem ictimai yerlərdə xüsusən  ictimai nəqliyyatda və  insanların gündəlik məişət davranışlarında özünü qabarıq şəkildə biruzə verir. Bəzən  əsəbi və ya narazı baxışlar, verilən suallara aqressiv cavablar, ictimai nəqliyyatda digərinə toxunma, gözlətmək, ucadan danışmaq, avtomobil idarə edərkən siqnal səsindən istifadə, arxadakı maşına yol verməmək, hətta maşını yavaş sürmək, marketdə alış-veriş zamanı kassada arxayın davranmaq, giriş və çıxışlarda ləngimək v.s. gündəlik məişət davranışlarımız lüzumsuz münaqişələrə gətirib çıxarır. Bütün bunlar bəzən insanların ailə, məişət və işgüzar münasibətlərində də “sürpriz”  problemlərin yaranması kimi təzahür edir. Yerli-yersiz, hesabda olmayan maneələr meydana çıxır. Çünki, gündəlik fəaliyyətimizdə nəaliyyətlərimizin, məhsuldarlığımızın  ətraf mühitlə qurulan  münasibətlərdən asılı olduğu diqətdən kənarda qalır.

Öz növbəsində aqressiv davranışlar ətrafda gərgin mühit yaradır, yerli-yersiz insanlarda stresin  yaranmasına gətirib çıxarır. Məntiqi sonluq olaraq, nəticədə  xəstəliklərin, qanun pozuntularının, cinayət hadisələrinin sayı artır. Çünki, aqressiv insan əksər hallarda etik qaydalara əməl etmir, yüksək səslə danışır, nalayiq sözlərdən istifadə edir,  hətta güc tətbiq etməyə çalışır. Bu isə getdikcə vərdişə çevrilir və təbbi  hall alır. Artıq hər kəs dava-dalaşa, mübahisəyə təbii hal kimi baxır.  Əslində bu cür “təbiilik”  mövcud olan təbiətlə bağlı deyil, vərdişlərimizin yaratdığı təbiilikdir. Bu vərdişlərsə zaman keçdikcə alt şürumuza yerləşir və  şüurumuzun yaratdığı yeni təbiət, yeni insan təbiəti meydana çıxır.

 

Əlbətdə vəziyyətdən çıxış üçün ilk növbədə şəxs davranışlarında problemlərin olduğunu qəbul etməli və bununla mübarizəyə başlamalıdır. İlk öncə isə davranışlarının idarə olunması üzərində nəzarətini gücləndirməlidir.  Çünki bu zaman həlli vacib ilk iş, problemin idarə olunmasıdır.

Davranışlarımızı idarə edən yeganə amil isə ancaq və ancaq qaydalar, xüsusi ilə etik davranış qaydaları ola bilər.

Cəmiyyətin formalaşmasında və inkişafında etik davranış qaydalarının xüsusi əhəmmiyəti var. insanlar arasında sivil, mədəni münasibətlərin  yaranması nəzakət qaydaları ilə mümkündür. İctimai münasibətlərdə insanların bir-biri ilə necə davranmalarını onların danışğını, geyimini, yemək-içməyini, iş yerində, məktəbdə, tədbirlərdə, v.s  davranışını  etik qaydalar müəyyən edir.

 

Min illərə söykənən etik qaydalar insan cəmiyyətinin formalaşmasında , inkişafında iştirak etmişdir. Ona görə də hər bir milləti formalaşdıran dörd əsas amilin:  dilin, dinin , adət-ənənənin və tarixin süzgəcindən keçən qaydalar, əslində bizi bir millət, xalq kimi birləşdirir və digər xalqlardan fərqləndirir. Bu qaydalar həm də varislik prinsipi ilə nəsildən-nəsilə keçməklə yanaşı, genetik informasiya kimi gələcək nəsillərə ötürülür. Məhz  bu informasiyalardan istifadə edən insanlar ailənin, millətin, xalqın bir parçası ola bilir.

Etik davranış qaydalarına əməl etmək həm də  insanlar arasında dostluq, mehribanlıq, səmimiyyət hisslərini yaratmaqla yanaşı cəmiyyəti  birlik-bərabərlik ideyası altında birləşdir və inkişaf etdirir.

 

 Etik qaydalar davranışlarımız üçün ölçü vahididir

 

Cəmiyyət inkişaf etdikcə, yeni fəaliyyət sahəlri yaranır. Bu zaman etik davranış qaydaları ilə yanaşı insan fəaliyyətinin müxtəlif sahələri üzrə  normalar, etik kodekslər müəyyənləşdirilir və son illərdə bu istiqamətdə artım müşahidə olunmaqdadır. Hətta  müxtəlif qurumların, təşkilatların və şirkətlərin  belə daxili nizam-intizam qaydaları yaradılır və tətbiq olunur. Bəzən insanlar bu qaydaların çoxluğundan şikayət edir, gündəlik həyatda, iş şəraitində, yol hərəkətində, alış-verişdə, bank sistemində, kommunal xidmətlərdə, ictimai nəqliyyatda və digər sahələrdə qaydaların bezdirici bəzən də lazımsız olduğunu hesab edirlər. Hətta bu qaydaların vətəndaşlar üçün yox  konkret qurumların, təşkilatların maraqlarını güddüyünü düşünənlər də var.

Əlbəttə,  bütün digər qaydalar milli-mənəvi prinsiplərə, və etik normalara əsaslanmalıdır. Bu həm də yaranan yeni qaydaların davamlılığını, işləkliyini təmin edir. 

Qəbul etmək lazımdır ki, davranışlarla bağlı problemlər bir az da qaydalara əməl etməmə və qadağalara yanaşma tərzi ilə bağlıdır. Çünki hələ də aramızda qaydaların pozmaq üçün mövcud olduğunu və özünün qaydalara qarşı  xüsusi imtiyaza malik  olduğunu düşünənlər var. Ona görə də bəzi sahələrdə qaydalara əməl olunmaması nəticəsində cəzalar günü-gündən sərtləşdirilir və bu  prosses hazırki şəraitdə davam etməkdədir.  Məsələn, yol hərəkəti qaydalarında tədbiq olunan cəzalar ilbə-il sərtləşdirilir, cərimələr qaldırılır. Ancaq buna baxmayaraq yenə də yol qaəzalarının sayı və qurbanların azaldığını söyləmək çətindir. 

İstənilən halda qaydalar kooporativ və ya fərdi davranışlarımızı tənzimləyən onlara yön verən həyatımızı daha yaxşı, təhlükəsiz, rahat  yaşamaq və işləmək üçün şərait yaradan  vasitələrdir. Qaydalar olmasa, hər kəsi  istədiyi kimi davranar, yaşam şərtləri daha çətin, hətta mümkünsüz bir mühit formalaşar. Hər kəsin təhlükəsiz və rahat yaşaması üçün qaydalar şərtdir. Çünki insanın olduğu hər yerdə mütləq təhlükələr mövcuddur. Qaydalar həm də bu təhlükələrin əvvəlcədən qarşısının alınmasına, stabilliyin qorunmasına hesablanır. Məsələnin mahiyyətində həm də insanların qaydalara olan münasibəti dayanır. Davranışlarımızı seçərkən qadalara diqqət yetirməli, xüsusən etik davranış qaydalarına əməl etməliyik.  Çünki nə qədər yeni qaydalar yaransa, tətbiq olunsa da biz mövcud olan qaydalara münasibətimizi dəyişməsək heç bir müsbət nəticə əldə edə bilmərik.

 

Pis vərdişlərlə, davranışlarla mübarizə aparmaq üçün etik qaydalara əməl etmək şərtdir. Yalnız etik qaydalar davranışlarımız üçün ölçü vahidi ola bilər.

Ən pis qayda belə  qaydasızlıqdan daha yaxşıdır. Çünki, bir qaydanın mövcudluğu artıq birinci mərhələnin başlandığından xəbər verir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir