Bazar , 19 May 2024
Drone Cameras

Naxçıvan dağlarının uca zirvələrində məskən salmış əsgərlərimiz qədim diyarımızı inamla qoruyurlar

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımız Vətənə inamla xidmət edirlər.

AZƏRTAC-ın Naxçıvan bürosu hərbi jurnalist Nəriman Nəcəfovun qartallar məkanı olan uca zirvələrdə strateji mövqelərdə qərar tutan əsgərlərimiz barədə qeydlərini təqdim edir.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına çatırıq. Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində düşmənin hiyləgər təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.

Ön xətdə şəxsi heyətin rahat yaşaması və nümunəvi xidmət aparması məqsədilə relyef və iqlim şəraitinə uyğun inşa olunan müasir binalarda hərtərəfli şərait mövcuddur. Bu gün müasir kazarmalarda qalan, keyfiyyətli geyim və ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.

Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə şəxsi heyət döyüş hesabatına uyğun planlı şəkildə məşq etdirilir. Məşqlər zamanı əsas diqqət hərbi qulluqçuların sayıqlığını yoxlamaqla bərabər komandirlərin bölmələri və döyüşü idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilir.

Məşqlərlə yanaşı, plana uyğun olaraq ön xətdə xidmət edən zenitçilərimiz bilavasitə tutduqları atəş mövqelərindən 23 millimetrlik zenit qurğuları ilə praktiki atışlar da keçirirlər. Atışlar zamanı pilotsuz və digər uçuş vasitələri ilə hədəfi aşkar, müşayiət və məhvetmə vərdişləri təkmilləşdirilən zenitçilərimiz şərti düşmənin alçaq və ən alçaq hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərini məhv edirlər.

Döyüş hazırlığının əsas tərkib hissəsi olan fiziki hazırlıq üzrə keçirilən idman saatlarında şəxsi heyət böyük həvəslə iştirak edir.

Bu gün tam əminliklə deyə bilərik ki, əsgərlərimiz hər zaman döyüşə hazır, peşəkar döyüşçülər kimi yetişir, hərbi andın və hərbi nizamnamələrin tələblərini layiqincə yerinə yetirərək, şərəfli xidmət yolu keçirlər.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdırMətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Check Also

MN: Artilleriya bölmələri radiolokasiya kompleksləri və PUA ilə döyüş atışlı taktiki təlim keçirir

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim …