Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya blokadası yazıldı. Mənfur Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bu qədim diyara gələn bütün kommunikasiya xətləri, o cümlədən teleradio ötürücü qurğuları tamamilə dağıdılaraq məhv edildi. Həmin dövrdə çörək növbəsi, su qıtlığı, enerji çatışmazlığı və başqa problemlərlə mübarizə aparan naxçıvanlılar ölkədə olub-bitənlərdən də xəbərsiz qaldılar.

Lakin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdan və buradan Azərbaycanın xilaskarlıq missiyasına başlayan görkəmli dövlət xadimi Heydər Əliyev bütün sahələr kimi, informasiya blokadasını yarmaq üçün də tədbirlər gördü, ölkə və xarici media orqanları ilə əlaqələr quruldu, Azərbaycan Dövlət Televiziyasının yayımı bərpa edildi, Naxçıvan dünyaya açıldı. Muxtar respublikada yerli media orqanlarının fəaliyyətinə də diqqət artırıldı. Naxçıvan Dövlət Televiziyasının yayımı və “Şərq qapısı” qəzetinin nəşri üçün sistemli tədbirlər həyata keçirildi. Ulu öndərin həyata keçirdiyi xilaskarlıq missiyasını öz səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti nəinki muxtar respublikada, eləcə də ölkəmizdə əl-əl axtarılan mətbuat orqanına çevrildi. 

1995-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda informasiya idarəçiliyi sahəsində yeni mərhələnin əsası qoyuldu.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini xeyli genişləndirdi.  Qısa zamanda informasiya blokadasına qarşı mübarizədə Naxçıvan özünməxsus  model yaratdı. Bu sahədə  nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, indi Naxçıvan dünyanın istənilən  nöqtəsinə  həm informasiya verir, həm də alır. Hazırda muxtar respublikada  “Şərq qapısı”, 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, 1 informasiya agentliyi və onlarla internet informasiya resursları, nəşriyyatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir. 

Hazırda Naxçıvanda bütün qəzet və jurnallar yüksək poliqrafik keyfiyyətlə nəşr edilir. Bu illər ərzində Naxçıvan Dövlət Tele­viziyası və Radiosunun müstəqil kanalda yayımlanmağa başlaması Naxçıvan mediasının ən böyük uğuru sayılır. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib,  müasir texniki avadanlıqlarla təchiz edilib. Yeni yayım avadanlıqları qısa zamanda analoq yayımın yüksək­keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaradıb və Naxçıvan Dövlət Televiziyası ölkəmizdə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayıma keçib.  Naxçıvanlıların informasiya təminatı bununla məhdudlaşmayıb.  Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də müasir poçt xidmətləri  təşkil olunub. Dövri mətbuatın oxuculara vaxtında çatdırılması  təmin edilib. Bu sahədə həyata keçirilən tədbirlər davam  etdirilməkdədir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoyub.  Hazırda muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları fəaliyyət göstərir.

Muxtar respublikanın kütləvi informasiya vasitələrində kadr ehtiyatının yaradılması da diqqət mərkəzində saxlanılıb.  2001-ci ildə Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası açılıb, 2010-cu ildə jurnalist kadrların praktik cəhətdən hazırlanması üçün Media Mərkəzi yaradılıb.   Media mərkəzində fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mediasına öz töhfələrini verirlər.  Bu gün Naxçıvan mediasında  çalışan 400-dən artıq əməkdaşın sıralarında həmin ixtisasın məzunları yeni uğurlara imza atırlar.  

Bəhs olunan dövrdə informasiya blokadasının yarılması üçün  Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin internetə çıxışı ən vacib məsələlərdən biri idi.  1999-cu ildə ilk dəfə olaraq Naxçıvan Kompüter Mərkəzində 8 abunəçi ilə internetə qoşulma imkanı əldə olundu. 2003-cü ildə Naxçıvanda yeni internet provayder xidməti- nakhchivan.az  abunəçilərin istifadəsinə verildi.  2006-cı ildən etibarən nakhinternet.az olaraq fəaliyyətini davam edən xidmət bu gün daha geniş informasiya mübadiləsi imkanlarına malikdir. Bütün bunlar Naxçıvanın informasiya blokadasının yarılması istiqamətində mühüm tədbirlər idi.  2005-ci ilin iyun ayında Naxçıvan Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulmaqla informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə edildi.  2005-ci il  iyun ayında  Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan: problemlər və həllər” mövzusunda ilk elmi-praktik konfrans keçirildi.  Azərbaycanda ilk dəfə Bakı-Naxçıvan arası videokonfrans bağlantısının qurulması ilə tarixi əhəmiyyətli bir hadisəyə imza atıldı.  Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dedi:  “Biz, sözün həqiqi mənasında, kompüter maarifçiliyinə nail olmalıyıq. Çünki bunsuz müasir cəmiyyət, vətəndaş cəmiyyəti mümkün deyil. İnternetdən istifadə mədəniyyətini hamı mənimsəməlidir”.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük diqqəti ilə “Elektron Naxçıvan” layihəsi çərçivəsində müxtəlif illərdə  keçirilən tədbirlər  blokada şəraitində yaşayan Naxçıvanın həqiqətlərinin  dünyaya çatdırılması, dünya informasiya məkanına qoşulması, muxtar respublikanın sosial-iqtisadi inkişafına elmin və yeni texnologiyanın dəstəyinin təmin olunması istiqamətində mühüm rol oynadı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 5 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi yaradıldı. Bununla da  informasiya təminatında başlıca rol oynayan, müasir, etibarlı internet saytlarının yaradılması istiqamətində də muxtar respublikada artıq zəngin təcrübə qazanıldı, bacarıqlı mütəxəssislər formalaşdı.  Ümumiyyətlə, informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirib.  Artıq ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadə  olunması informasiya­-məlumatlandırma işinin səmərəliliyini xeyli artırıb. 

2010-2020-ci illər Naxçıvanda informasiya blokadasının yarılması istiqamətində yeni mərhələ təşkil edir.  2012-ci ildə  www.serqqapisi.az internet ünvanının yaradılması ilə Naxçıvan informasiya müharibəsində əmin addımlarla irəlilədi.  Həmin illərdə əməkdaşı olduğum “Şərq qapısı” qəzetinin ünvanına ölkəmizdən və dünyadan  yüzlərlə məktub daxil oldu.  Artıq bu saytla oxucular Naxçıvan haqqında  rəsmi təsdiqlənmiş, dəqiq informasiya əldə etmənin sevincini bölüşürdülər. Beləliklə, muxtar respublikada medianın  inkişafı  burada yeni informasiya saytlarının  yaradılmasına təkan verdi.

Bu illər ərzində rəsmi media orqanlarının internet üzərindən yayımının  təmin edilməsi davam etdirilməkdədir. 2016-cı il oktyabr ayının 17-də  Naxçıvan televiziyasının internet saytının istifadəyə verilməsi  məmləkətimizin informasiya blokadasının yarılması yolunda ən böyük addım oldu.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxışında bu məsələyə toxunaraq demişdir: “Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir”.   

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi – Nuhçıxan İnformasiya Agentliyi və onun nuhcixan.az saytı fəaliyyətə başladı. 3 dildə xəbər yayımlayan agentliyin yaradılması  muxtar respublikada elektron medianın inkişafına ən böyük töhfə oldu.  Qısa zamanda öz ətrafına geniş izləyici kütləsi toplayaraq təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın  əsas informasiya portallarından birinə çevrildi. Hazırda “Nuhçıxan” İnformasiya Agentliyi ölkə, eləcə də muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları ictimai-siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, infoqrafiya məhsullarını, dövlət orqanlarının rəsmi materiallarını öz kanalları (Naxçıvan Dövlət Televiziyası, Naxçıvan Dövlət Radiosu, naxcivantv.az saytı), habelə beynəlxalq internet şəbəkəsi, üzvü olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi xarici ölkələrin informasiya agentliklərinin saytları və sosial şəbəkələr vasitəsilə yayaraq böyük bir missiyanı yerinə yetirir.    Naxçıvan Televiziyanın sosial şəbəkələrində – “Youtube” kanalı,  “Facebook”  “İnstagram” , “Twitter”, “Telegram” səhifələrində yüz minlərlə izləyicisi var. 2018-ci ilin noyabr ayından Naxçıvan Dövlət Radiosunun “Youtube” kanalı üzərindən canlı yayımının təşkil edilməsi radioya minlərlə dinləyici auditoriyası qazandırıb. 

Qeyd edim ki, muxtar respublikada informasiya idarəçiliyinin  düzgün tənzimlənməsi üçün  həyata keçirilən tədbirlər davam etməkdədir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu sahədəki ən mühüm tədbirlərdən biridir.  2019-cu ilin sentyabrın 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirildi. Həmin görüşdə Ali Məclisin Sədri  fondun yaradılmasının əhəmiyyətini vurğulayaraq demişdir: “Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı görülən işlər mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da zamanın tələbi idi. Görülən işlər onu deməyə əsas verir ki, bu gün muxtar respublikada sağlam mətbuat formalaşıb. İstər yaradılan maddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanması sahəsində görülən işlər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş imkanlar açır. Bu gün blokada şəraitində yaşayan muxtar respublikanın inkişafı, zəngin tarixi-mədəni irsi və turizm potensialı, ümumilikdə, Naxçıvan həqiqətləri kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə təqdim olunur. Çünki düzgün informasiyaların yayılması, səmərəli təbliğat və təşviqat mexanizminin müəyyənləşdirilməsi medianın əsas fəaliyyət istiqamətidir. Bu gün muxtar respublikanın inkişafını təmin edənlər və bu işin təbliğatçısı olan media nümayəndələrinin birgə fəaliyyəti Naxçıvanın müasir inkişaf tarixini yaradır”.  Verilən tapşırıqlara uyğun olaraq fondun fəaliyyəti qısa müddətdə təmin edildi,  yeni layihələr hazırlandı  və müsabiqələr keçirildi, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq daha da gücləndirildi.  Fondun Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyəti yenidən təşkil olundu, redaksiyanın nəzdindəki “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun efir keyfiyyətinin yüksəldilməsi üçün   bir sıra tədbirlər həyata keçirildi.  

Bəli, Naxçıvan mediası  informasiya blokadasını yararaq dünyaya çıxıb. Naxçıvan Muxtar  Respublikası Ali Məclisi Sədrinin bu sahədə apardığı, onun rəhbərliyi ilə hazırlanıb həyata keçirilən sistemli  tədbirlər sübut etdi ki, blokada və digər təhdidlər Vətən  sevgisi qarşısında davam gətirə bilməz. Bu gün Naxçıvan mediası xalqın və dövlətin mənafeyini müdafiə etməklə insanlar arasında böyük güvən qazanıb və əsas meyarı VİCDANDIR. Bu gün Naxçıvanda  milli dövlətçiliyimizi qoruyan və dünyada gedən prosesləri təhlil edən peşəkar jurnalist ordusu formalaşıb. Naxçıvanlı jurnalistlərin ən böyük dayağı isə Ali Məclis Sədrinin yüksək etimadı, qayğısı və diqqətidir.

Bu gün dünya mediası Naxçıvanın iri beynəlxalq forumlarından, zirvə toplantılarına ev sahibliyi etməsindən,  müxtəlif beynəlxalq idman yarışlarından yazır.  Hər il muxtar respublikaya yüz minlərlə turist, jurnalist və qonaq gəlir.   Turistlər öz sosial hesablarında Naxçıvanla bağlı müxtəlif paylaşımlar edir, jurnalistlər  silsilə yazı və verilişlər hazırlayırlar.  Muxtar respublika haqqında müxtəlif dillərdə məlumatlar yayımlanır.  Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir.  Bir sözlə, bir zamanlar informasiya blokadasına salınan Naxçıvanın sorağı bu gün dünyanın hər yerində eşidilir.

Bunu da xüsusi ilə qeyd etməliyəm ki, bu gün Azərbaycanda Naxçıvan haqqında ictimai rəyin formalaşması, əhalinin məlumatlandırılmasında Naxçıvan mediası ilə yanaşı, sosial şəbəkələrdən aktiv istifadə edən naxçıvanlıların  rolu da  danılmazdır.  Yuxarıda da qeyd  etdiyim kimi, sürətli internet təminatı bütün naxçıvanlıların sosial şəbəkələrdən sərbəst istifadəsinə  imkan verib.  Sosial şəbəklərdə yüzlərlə gənc Naxçıvanın təbliğatına xidmət edən səhifələr yaradıblar. Bundan başqa, onlar yayılan hər hansı dezinformasiya xarakterli məlumatlara düzgün və yerindəcə cavab verməyi vətəndaşlıq borcuna çeviriblər.

Sonda qürurla söyləyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanmaqla və ölkə başçısı İlham Əliyevin apardığı siyasəti  dəstəkləməklə  təkcə ərazi-iqtisadi blokadasını deyil, informasiya blokadasını da aradan qaldırmaqda nümunə gücünə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun  dediyi kimi: “Həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarıb. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır. Dünyanın müxtəlif ölkələrində yaşayan ekspertlər, tədqiqatçılar Naxçıvanla bağlı məlumatlar əldə edirlər. Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Hər bir jurnalist isə öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir”.

P.S. Yazımızı çapa hazırlayarkən  öyrəndik ki, bu gün “Naxtel” öz abunəçilərini yeni ünvandan salamlayır. Məlumdur ki,  bu gün informasiyanın daha keyfiyyətli əldə edilməsi və ötürülməsi üçün sürətli internetin olması, onun mobilliyi əsas şərtlərdən biridir. Artıq bir neçə ildir ki, 4-cü nəsil “Naxtel” mobil rabitə şəbəkəsinin istifadəçiləri də yaradılan müasir şəraitdən bəhrələnməklə yeni texnologiyaların həyatımıza gətirdiyi sürət və komfortdan maksimum faydalanmaq imkanı qazanıblar.  Bəli, bu da Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsidir. Naxçıvanın müasir imicinin və inkişaf səviyyəsinin dünyaya tanıdılmasında   “Naxtel” mobil rabitə şəbəkəsinə uğurlu yollar arzulayırıq!!! Naxçıvanımızın xoş sədalarını bütün dünyaya çatdırmaq diləyi ilə…

Sara Əzimova
                                      Naxçıvan Muxtar Respublikası

Televiziya və Radio Şurasının üzvü

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …