Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, İctimai Televiziyanın İnformasiya departamentinin Qarabağ müxbiri, Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəsi, “Hərbi And” qəzetinin əməkdaşı Şöhrət Eyvazovun bu gün 53 yaşı tamam olur. Odlu-alovlu səngərdən jurnalistikaya keşməkeşli yolun yolçusu olan Şöhrət Eyvazovla həmsöhbət olduq.
-Şöhrət bəy, öncə sizi doğum gününüz münasibəti ilə təbrik edirik.
– Təşəkkür edirəm.
– Şöhrət müəllim, siz ehtiyatda olan kapitansınız. Keçmiş hərbçinin jurnalistikaya keçidi necə baş verdi?
– Mənim hərbi xidmət dövründən yazmağa həvəsim vardı. İstər I Qarabağ müharibəsində, istər atəşkəs dövründə boş vaxtlarda xatirələrimi yazır, döyüşçü dostlardan “müsahibələr” alırdım. Tərxis olunduqdan sonra Qazax bölgəsində eyni taborda xidmət etdiyimiz zabit dostum Emin Həsənli “Hərbi And” qəzetini təsis etdiyini bildirdi. Bir neçə vətənpərvər insanlarla bu qəzeti nəşr etməyə başladıq. Bu gün də “Hərbi And” və onunla əməkdaşlığım davam edir. 2005-ci ildən isə paralel olaraq, İctimai Televiziyada çalışmağa başladım. Dövlətimiz sağ olsun, media sahəsində xidmətimi nəzərə alıb, “Tərəqqi” medalı ilə təltif olunmuşam. İkinci Qarabağ müharibəsindəki fəaliyyətimə görə isə, “TÜRKSOY Media Mukafatı” almışam, Beynəlxalq Jurnalistllər Federadiyasının üzvüyəm.
– Uzun zamandır jurnalistikadasınız. Bu zaman ərzində jurnalistika sizə nə verdi?
-Jurnalistika çox maraqlı sahədir. Mənim 22 illik fəaliyətimin 17 ili Qarabağ bölgəsində keçib. Buna görə də, ordumuzun güclənməsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsinin, antiterror əməliyyatlarının media cəbhəsinin iştirakçısıyam. Ordu-Xalq-Dövlət vəhdətinə şahid olmaq və bunu reportajlarla çatdırmaq çox gözəldir. Azərbaycan əsgərindən sonra ayağı azad edilən ərazilərə dəyən peşədə çalışmaq çox qürurvericidir. Bu gün isə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə azad Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını İctimai TV tamaşaçılarına və “Hərbi And” qəzetinin oxucularına çatdırmaqda davam edirik.
– 22 illik təcrübəyə maliksiniz. Bu yolda özünüzəməxsus xəttiniz var. Sizcə, hazırda jurnalistika hansı səviyyədədir?
– Bu gün ənənəvi jurnalistika və sosial platformalar arasında bir yarışma, rəqabət mühiti var. Ənənəvi jurnalistikanın peşəkarlığı sosial şəbəklərin operativliyi və onlayn rejimi qarşısında yeni məzmun və formalar tələb edir. Çap mediasının paralel saytlarla fəaliyyəti problemi nisbətən yumşaldır. Bu mənada “Hərbi And” qəzetimizin fəaliyyəti təqdirəlayiqdir və hərbi-vətənpərvərlik sahəsində öz dəst-xətti ilə seçilir.
– Gələcək planlarınız nədən ibarətdir?
– Ömrümün növbəti illərində praktiki təlimlərə üstünlük vermək istəyirəm. Ötən il Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələriylə, hazırlıq kurslarının iştirakçılarıyla bir neçə təlim keçmişəm. Jurnalistika sahəsində olan təcrübələrimi gənclərlə daha çox bölüşməyə çalışacağam.
Sizi bir daha təbrik edir, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Emin ŞİRVANZADƏ