Cümə , 29 Mart 2024
Drone Cameras

Ordubad rayonunda kompleks quruculuq işləri aparılır – FOTOLAR

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Ulu öndərin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir, muxtar respublikamızın bütün bölgələri inkişafın yeni mərhələsinə qovuşur. Görülən işlərin davamı olaraq ulu öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilir.

Vələver, Dırnıs və Kələki kəndlərində əhalinin rahatlığı üçün müasir şərait yaradılır

Vələver, Dırnıs və Kələki kəndləri həyata keçirilən quruculuq tədbirləri ilə muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Tikintisi aparılan yeni məktəb binaları, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də kəndlərin ümumi mənzərəsinə yeni gözəlliklər əlavə edəcəkdir.

Boyukmillet.com xəbər verir ki, iyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində inşa olunan sosial obyektlərdə aparılan tikinti işlərinə baxıb.  

Bildirilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq 198 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar nəzərdə tutulub.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə, statistika otağı, eləcə də klub fəaliyyət göstərəcəkdir. Yeni feldşer-mama məntəqəsi isə tibbi xidmətin keyfiyyətini daha da artıracaqdır. Tikintisi aparılan xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşəcəkdir.

Sonra Ali Məclisin Sədri Dırnıs kəndinə gəlib, aparılan quruculuq işləri ilə tanış olub.

Məlumat verilib ki, Dırnıs kəndində 216 şagird yerlik məktəb binası əsaslı şəkildə yenidən qurulur, müasir xidmət və kənd mərkəzləri, həkim ambulatoriyası tikilir. Təhsilin müasir tədris metodları səviyyəsində tədris olunmasına imkan verəcək məktəb binasında laboratoriyalar, şahmat, kompüter otaqları, hərbi kabinə, elektron lövhəli siniflər, kitabxana, idman zalı yerləşəcək, ətrafda yaşıllıqlar salınacaqdır. Dırnıs Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliklə yanaşı, digər dövlət qurumları üçün də otaqlar yerləşəcəkdir.  Əhalinin sağlamlığında mühüm əhəmiyyətə malik olacaq yeni həkim ambulatoriyasında kənd sakinlərinin sağlamlığı qorunacaq, eyni zamanda vaxt itkisinin qarşısı alınacaqdır. Kənd sakinlərinin rahatlığını təmin edəcək xidmət mərkəzində istehlakçıların gündəlik tələbatı nəzərə alınmaqla daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcəkdir.

Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən Kələki kəndinə də pay düşüb. Görülən bu işlər dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir.

Ali Məclisin Sədri həmin gün Kələki kəndində də olub, quruculuq işlərinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, kənddə kənd və xidmət mərkəzləri tikilir. Burada dövlət qurumlarının müasir binada fəaliyyət göstərməsi kənd sakinlərinin rahatlığına xidmət edəcəkdir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə evi, arxiv, eləcə də klub fəaliyyət göstərəcəkdir. Kənd mərkəzində feldşer-mama məntəqəsinin fəaliyyəti üçün də şərait yaradılır. Ərazidə yaşıllaşdırma işləri həyata keçiriləcəkdir. 

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …