Noyabrın 24-də Naxçıvanın Ordubad rayonunun Azadkənd tam orta məktəbi istifadəyə verilib.
Boyukmillet.com xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir olunub. 3 mərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllim otaqları, hərbi kabinə, STEAM otağı, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib.
Məktəbin müəllimləri ilə görüş zamanı səlahiyyətli nümayəndə Fuad Nəcəfli Naxçıvan təhsilinin hər zaman ümumölkə səviyyəsində qabaqcıl yerlər tutduğunu və ali məktəblərə qəbul göstəricilərinin yüksək olduğunu qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev kollektivi təbrik edərək, Naxçıvanda yaxşı təhsil ənənələrinin olduğunu bildirib. Qeyd olunub ki, belə müasir məktəb binalarının istifadəyə verilməsi bu ənənələrin innovativ yeniliklər əsasında daha da təkmilləşdirilməsinə imkan verəcək.
Vurğulanıb ki, hazırda Azadkənd tam orta məktəbində 155 şagird təhsilini davam etdirir. Onların təlim-tərbiyəsi ilə məşğul olan 22 müəllimdən 4-ü işə qəbul üzrə keçirilən müsabiqə vasitəsilə təyin olunmuş gənc müəllimlərdir.
Məktəbin həyətində açıq idman qurğuları və qazanxana tikilib, yaşıllıq sahəsi yaradılıb.
Həmin gün Ordubad şəhər internat tam orta, texniki peşə və sürücülük məktəblərinə də baxış olub.