Rail Abbasov qərarı sifarişli və ədalətsiz adlandırıb
Həbsdə olan ictimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib.
Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.
Bu hökmü Mahirə Kərimovanın sədrlik etdiyi, Fəxri Məmmədov və Anar Sadıqovdan ibarət hakimlər heyəti çıxarıb.
Hökmə görə, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə – ev satmaq adı ilə Əsgər Həziyev adlı şəxsdən pul alıb onu aldatmaqda təqsirli bilinib.
Rail Abbasov isə hökm oxunmamışdan əvvəl son sözündə bildirib ki, bu ittiham tamamilə saxta və quramadır.
Onun sözlərinə görə, Əsgər Həziyevdən saxta zərərçəkmiş düzəldiblər.
Bunu məhkəmə prosesi boyu təqdim etdiyi faktlarla sübut edib.
Əsgər Həziyevdən pul almadığını deyən Rail Abbasov son sözündə ziddiyyətləri də məhkəmənin nəzərinə çatdırıb.
O bildirib ki, Əsgər Həziyevin yalanları məhkəmədə də ortaya çıxdı, lakin nəzərə alınmadı:
“Deyir ki, guya mənə sentyabrın 18-də zəng eləyib, aramızda danışıq olub. Lakin telefon zənglərinin araşdırması göstərdi ki, yalan danışır, həmin tarixdə mənə nə zəng eləyib, nə də aramızda danışıq olub. Məhkəməyə təqdim etdiyimiz görüntüdə klyokun böyüklüyündən də görünür ki, mənə verdiyi klyokun içindəki şokolad olub. İndi dediyi 4 paçka pul heç o şokolad qutularının yarısı qədər eləmir. Mənzilin sahibi Eldar adlı şahid də mənim dediklərimi təsdiqlədi”.
Rail Abbasov əlavə edib ki, normalda məhkəmə belə yalan ifadələrə görə Əsgər Həziyev kimiləri cinayət məsuliyyətinə cəlb etməlidir. Lakin Azərbaycanda belə siyasi işlərdə onun kimilərdən istifadə edilir.
“Bu gün barəmdə açılmış bu cinayət işi hakimlər üçün bir fürsətdir. Haqsız yerə həbsə məruz qalmış bir vətəndaş olaraq, məhkəməni müsbət dəyişiklik etməyə çağırıram”, – Rail Abbasov son sözünü bititib.
Lakin müşavirəyə gedən hakimlər kollegiyası bir neçə dəqiqə sonra geri qayıdaraq, onun 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Rail Abbasov məhkəmədə ifadə verərkən özünü həbsdə olan dostu, ictimai fəal “Bəxtiyar Hacıyevin girovu” adlandırıb.
O bildirib ki, Bəxtiyar Hacıyevlə dostluğuna, onu müdafiə etdiyinə görə şərlənərək həbs olunub.