Cümə , 19 Aprel 2024
Drone Cameras

Paşinyanın “ölü Miatsumu” xortlatmağı, “iflas ssenarisinə” Əliyevin öncül yanaşması və radikal müxaliflərin “erməni dayılığı”… – Aydın QULİYEV yazır


Üç gündür Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Xankəndi şəhərimizdə “Ümumerməni oyunları” adı altında əslində başqa oyunlarına, onun bəzi bəyanatlarına öz cəmiyyətimizin, erməni cəmiyyətinin, erməni siyasi müxalifətinin, eləcə də Azərbaycan müxalifətinin reaksiyalarını diqqətlə izləyirik. Verilən qiymətlərin əyri-doğru saydığımız elementlərini aşkar etməklə bərabər, öz dəyərləndirmələrimiz də, təbii ki, var. Real yanaşmalarla bərabər, populist, qeyri-real, qızışdırıcı mövqelərin də şahidi oluruq. Hər bir reaksiyanın arxasında mümkün qədər obyektiv olmaq iradəsini, sözsüz ki, heç də bütün hallarda görmürük, özünün qrup mənafelərinə söykənən dəyərləndirmələrə də rast gəlinir.

Əvvəlcə Paşinyanın bizim işğal edilmiş Xankəndimizdə söylədiyi “böyük nitqin” tezisvari xülasəsinə baxaq:”Qarabağ Ermənistandır”; “Dünyanın məğrur erməniləri”; “Məqsədimiz Qarabağın öz müqəddəratının təyini yollarında əldə etdiklərini möhkəmləndirməkdir”; “1988-ci ildə bu torpaqlardan bütün dünyanı lərzəyə gətirmiş şüarı mən də deyirəm – Miatsum” və sair. Yəni davam etməkdə olan sülh danışıqlarının 25 ildən çox sürmüş indiyə qədərki mərhələsini tam alt-üst edən “Qarabağı və onun ətrafında işğal etdiyimiz rayonları qaytarmayacağıq” kimi kobud formada ifadə edilmiş inkarçı mövqe, işğal torpaqları hesabına dövlət qurmaq ideologiyası ilə 150 ildən bəri zəhərlənmiş ermənilərin bu gün də yaşayan nəsil davamçılarının gözündə “yaxşı erməni lideri” olmaq istəyi, Ermənistan cəmiyyətini şovinist-ilhaqçı siyasi platforma ətrafında toparlamaq planları, şovinist-ilhaqçı erməniləri qondarma “DQR”-in “rəhbərliyinin” təsir dairəsindən çıxarıb öz təsirinə salmaq və Sarkisyan- Köçəryan klanının tör-töküntüləri kimi onların arxasınca saakyanları da yola salmaq… Bunların hər biri ayrı-ayrılıqda təhlil oluna bilən məsələlər olsa da, onları şərti qruplaşdıraraq qısa baxış keçirmək obyektiv nəticəyə doğru ən qısa yoldur.

  • Azərbaycanın radikal-inkarçı müxalifəti əlinə düşən şansı “çeynəmək”…

Azərbaycandakı müxalif radikal-inkarçı kəsimlə Ermənistandakı ilhaqçı-şovinist dairələrin reaksiyaları eyni xəttin üstündə, lakin tam əks tərəflərdə qərarlaşır. Məsələn, Azərbaycanın radikal-inkarçı müxalifəti əlinə düşmüş fürsəti “çeynəmək” şansını buraxmaq istəməyərək məsələyə İlham Əliyevin başçılığı altında Azərbaycan diplomatiyasının “böyük məğlubiyyət” səhnəsi kimi baxır, bu zaman sırf kütlə təfəkkürünün “dopinqi” sayılan “ermənilərin bizim torpaqlarımızda meydan oxuması zəifliyimizdir” kimi populist deyimə əsaslanır, elə bunun üstündə də cəmiyyəti İlham Əliyevin prezident və Ali Baş Komandan olaraq daha düşünülmüş və sakit reaksiyasına qarşı kökləməyə çalışır. Onlarda əminlik var ki, “İlham Əliyev nə üçün Paşinyanın sərsəm “Miatsum” bəyanatına qarşı dərhal Silahlı Qüvvələrə əmr vermədi” kimi ittihamçı sualla həqiqətən də xalqı hakimiyyətin üstünə yönəltmək üçün əlavə motiv əldə edə biləcəklər. Ancaq bu əminlik sosial şəbəkələrdə hakimiyyətin ənənəvi ittihamçılarına çevrilmiş azsaylı narazılar qrupunu yeni fəallaşma dalğasına çıxarmaqdan o yana gedən effekt vermir. Əslində bir az dərindən düşünməyi bacaranlar bu effektsizliyi elə ilk dəqiqələrdən görə bilirdilər. Axı Paşinyan Xankəndi mitinqində yeni və qondarma “DQR”-in “rəhbərliyində” oturmuş Köçəryançı-Sarkisyançı tör-töküntünün indiyə qədər dediklərindən fərqli nə dedi ki?! Məgər indiyə qədərki 1 il 4 ayda Paşinyan “Qarabağ Azərbaycanındır” deyirdi ki, Xankəndidə söylədiyi “miatsum” bəyanatı yeni və fərqli davranış kimi xarakterizə olunsun?! Xankəndidə “miatsum” bəyanatını ermənilərə yeni hadisə kimi təqdim etmək cəhdi Paşinyanın özünün şəxsi oyun planlarına daxil olan bir elementdir. Xankəndidəki həmin mitinqdən bir gün qabaq ermənilərə lovğa-lovğa müraciət edərək “mümkün qədər hamınız Qarabağa gəlin, sizə mühüm açıqlamalar verəcəm” kimi çağırışı təsadüfən etmədi. Hər şey çox sadədir. Paşinyan, sadəcə olaraq, Xankəndiyə çoxlu erməni toplamaq və çoxdan “dişini qıcıyıb üstünə yerimək istədiyi” yerli hakim qruplaşmaya əzələ göstərmək istəyirdi. Yəni ”baxın, bu mənim çağırışıma hay verən şəxsi güclərimdir, özü də sizin meydançanızda”.

Beləliklə, Xankəndi mitinqi Paşinyana Qarabağ məsələsində “miatsum“ adı ilə yeni mərhələ açmaqdan daha çox, Sarkisyanın dalınca yola salmaq istədiyi qondarma “DQR” “rəhbərlərinə” güc göstərmək üçün lazım idi. Ölkənin içinə hesablanmış siyasi oyun buna deyirlər.

  • Paşinyan 31 il əvvəl bağıran saqqallı ermənilərin səviyyəsinə düşdü…

Paşinyan “miatsum” sözünü həqiqətən də ilk dəfə Xankəndi mitinqində səsləndirdi. Ancaq təzə olan onun leksikonunda tək “miatsum” sözüdür. “Miatsum”un məzmununa uyğun siyasi davranışlar isə elə ilk gündən onun fəaliyyət platformasında var, onu özündən əvvəlki iqtidarlardan miras alıb və cürbəcür aldadıcı, dayaz ideoloji ifadələrlə həmin siyasəti davam etdirmək istəyir. Hədəf eynidir – Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına imkan verməmək. Qarabağ Azərbaycanın tərkibinə qaytarılmayıbsa, onun “havadan asılı” vəziyyətdə qalmasının və ya Ermənistana birləşmiş kimi təsəvvür edilməsinin zatən bizim üçün heç bir fərqi qalmır. Ancaq bunun şəxsən Paşinyan üçün böyük fərqi var və məhz həmin fərqin ört-basdır edilməsi xatirinə mitinqdə “miatsum” deyərək 31 il əvvəl “Stepanakert” deyilən yerdə bağırmış saqqallı ermənilərin səviyyəsinə düşdü. Bir haşiyədən sonra Paşinyanın enən istiqamətdə səviyyə dəyişməsinin mahiyyətinin nədən ibarət olduğuna qayıdacağıq. Haşiyəmiz Paşinyanın məlum çıxışına münasibətdə şovinist-ilhaqçı ermənilərlə eyni xəttin üstündə, ancaq əks nöqtədə qərarlaşan Azərbaycanın radikal-inkarçı müxalifətinin mövqeyi ilə bağlıdır. Biz burada hər şeyi çox asanlaşdıran bəsit düşüncə və məsuliyyətsiz avantürizmin qaynamağını görürük. “Paşinyan o bəyanatı verən kimi Azərbaycan ordusuna dərhal hücum əmri verilməliydi” deyən müxalif radikalların və onların təsirinə düşmüş sosial şəbəkə fəallarının davranışlarına bundan dəqiq ad düşünmək çətindir. Dünyadakı reallıqlardan, regiondakı vəziyyətdən, müharibənin kimə lazım olmasından, kimə lazım olmamasından, hansı nəticələr doğuracağından, 1994-cü ildə Füzuli, 2016-cı ildə Lələtəpə əməliyyatlarında üçüncü qüvvələrin davranışlarından xəbərsizlik sonucu bəlli olmayan avantüralardan başqa nəsə deyil. Paşinyanın “miatsum” bəyanatının dərhal ardından Ordunun ayağa qaldırılması Azərbaycan üçün avantürist hərəkət olmaqla, sadəcə “ürəklərdən tikan çıxarmaq” effektinə malik gediş ola bilərdi. Ancaq əvəzində “miatsum” adı ilə onsuz da Ermənistanın daxili auditoriyasına yönəlik oyun qurmuş Paşinyanın şəxsi planlarının xeyrinə yeni vəziyyətlər yarada bilərdi.

  • “Miatsum” çöpündən yapışmaq hələ o demək deyil ki…

Məlumdur ki, Paşinyan ölkəsində hakimiyyət dəyişikliyinə sosial inqilabçılıq şüarları və tələbləri ilə nail oldu. Həmin vaxt Paşinyanın əsas dəstəkçi qüvvəsi məhz sosial problemlər üstündə siyasiləşmiş insan qrupları idi. Qarabağla əlaqəli proseslər birbaşa mənada onlar üçün maraqlı deyildi. Əsasən yoxsulluğa, işsizliyə, hüquqsuzluğa, korrupsiya və talançılığa qarşı kökləndikləri üçün Qarabağ məsələsi onlara yalnız dolayı təsir rolu oynaya bilirdi. İnqilabdan ötmüş ilyarım ərzində Paşinyan ondan köklü sosial dəyişikliklər gözləyən təbəqəyə praktik olaraq nəsə verməyi bacarmadığı üçün kütlənin gözündə sosial-inqilab dəyərləri sürətlə sönürdü. Təbii ki, Paşinyan və onun komandası bunu görür, qarşısını almaq üçün prosesə əks gedişlər axtarırdı. Tapdıqları isə bu oldu – şovinist-ilhaqçı erməni kəsimini öz yanına çəkmək və onların daha fəal enerjisi ilə ümidi qırılmış sosial-inqilabçı kəsimi aktivləşdirmək. Bunun yolu Xankəndidə “miatsum” bəyanatı səsləndirməkdən keçirdi ki, Paşinyan da məhz bunu elədi. Lakin “miatsum çöpündən” yapışmaq hələ o demək deyil ki, erməni baş nazir əsas hədəfinə yetişdi və ruhdan düşmüş sosial-inqilabçı kütlə ilə fəal şovinist-ilhaqçı təbəqəni birləşdirərək erməni cəmiyyətində ümumi fəal axın yarada bildi. Təmkinli və məntiqli düşüncə çərçivəsində baxsaq, Paşinyanın hədəfdən çox uzaq keçərək “yerə dəydiyi” yüz faizli reallıqdır. Baxmayaraq ki, Azərbaycandakı radikal-müxalif kəsim İlham Əliyevin orduya əmr verməməsini məğlubiyyət və ya ziyanlı təmkinlilik kimi qiymətləndirdiyi üçün Paşinyanın sözügedən hədəfə çatdığını və məntiqi olaraq situasiyadan guya qalib çıxdığını iddia edir. Əslində isə həm də Azərbaycan radikallarının ermənilərə “yersiz dayılığının” müəyyən əlamətlərini üzə çıxaran bu situasiyada qalibin və məğlubun kim olduğunu tam yəqinləşdirmək üçün daha bir təhlil istiqamətinə nəzər yetirmək lazımdır. Artıq şübhə yoxdur ki, Paşinyanı “miatsumun dalınca qoşaraq” Xankəndiyə çəkib gətirən ilk məqsəd sürətlə itirməyə başladığı nüfuzunu bərpa etmək, ondan üz döndərən inqilab tərəfdarlarını geri qaytarmaq və bu rels üstündə ölkədə ümumi fəal hərəkat mərhələsi açmaq idi. Artıq deyildiyi kimi, bu məqsədə yetişə bilmədi. Çünki sadəcə yaşayış, rifah və həqiqi islahatlar gözləyən sosialçı təbəqə ilə boşboğaz və şovinist “Qarabağçı” təbəqənin birləşməsi sadəcə mümkünsüzdür. Onlar bir-birini indi heç anlamırlar da…

Paşinyanın ikinci hədəfi “miatsum” çılğınlığını işə salaraq, hazırda “dəftər-qələmi” itirilmiş erməni diasporunu yenidən öz ətrafında toparlamaq idi. Bu istiqamətdə Paşinyanın vəziyyəti daha acınacaqlıdı. Başqa istiqamətlərdə olduğu kimi, diaspor quruculuğu sahəsində də Paşinyanın iflasa uğradığını hamı bilir. Bu sahə üçün dəyişikliklərə çox hay-küylə başladı. Diaspor nazirliyini ləğv etdi, nəticədə nəinki diasporun Ermənistan ətrafında toparlanmasına nail ola bilmədi, əksinə, diaspor onun komandasından tam üz çevirdi. Paşinyan köklü islahatlar proqramı ortaya qoya bilmədiyinə görə islahat adlandırdığı işlərə diasporun dəstəyini ala bilmədi, varlı diaspor təmsilçiləri Paşinyana pul, ölkəyə investisiya yatırmadılar. Bu şəraitdə Paşinyan “sosial islahatlara dəstək verməyən erməni diasporu üçün miatsum xülyası daha cəlbedici olacaq” düşüncəsi ilə İrəvandan Qarabağ mitinqinə doğru yol keçdi. Onun mitinqdə “Ermənistan-Qarabağ-diaspor” kimi mifik bir “üçbucaq qüvvədən” danışması məhz bu məqsədə xidmət edən uğursuz və aldadıcı gediş oldu. Çünki çox həssas və praqmatik olan erməni diaspor elitasının hazırda getdikcə güclənməkdə olan əksinqilab dalğası ilə üz-üzə qalmış Paşinyanın yanında yer alacağını düşünmək sadəlövhlük olardı.

  • Baş nazirin “küpü süzdü” və anladı ki…

Paşinyanın “miatsum” mitinqi arxasında qurduğu oyunun üçüncü hədəfi daha maraqlıdır. Baş nazirin hakimiyyətə qondarma “DQR”-i danışıqlara ayrıca tərəf kimi daxil etmək hay-küyü ilə gəldiyi, yəqin ki, unudulmayıb. Paşinyandan əvvəlkilər də bir neçə bu cür uğursuz mərhələlərdən keçmişdilər. Hələ 90-cı illərin əvvəllərindəki hakimiyyətlər əvvəlcə Qarabağı birmənalı Ermənistana rəsmi birləşdirməyə nail olmaq yolu tutdular. Dünyada Qarabağı Ermənistanın tərkibində torpaq kimi tanıyan olmadı. Valı dəyişdilər və qondarma “DQR”-in özünü beynəlxalq hüququn müstəqil subyekti kimi tanıtmaq kursuna baş vurdular. Hətta Ermənistanın özünün də qondarma “DQR”-i ayrıca dövlət kimi tanıya bilmədiyi fiasko vəziyyəti ilə üzləşdilər. Bütün bu mərhələləri bir vaxt küçə siyasətçisi və cızmaqaraçı jurnalist olaraq kənardan yaxşı müşahidə etmiş Paşinyan formaca bir qədər fərqli cığır seçdi. “Mən Qarabağın adından danışıqlar apara bilmərəm” fikri altında açılan guya yeni cığır əslində qondarma “respublikanı” ayrıca dövlət olaraq tanıtmaq kimi köhnə zurnaların çalnmasından başqa bir şey olmadı. Paşinyan öz aləmində kiçik biclik işlədərək qondarma “respublika”nı dünyada ayrıca subyekt kimi tanıtmaq yolunda ibtidai addımdan başlamaq istədi – qondarma “respublika”nı danışıqlar prosesinə tərəf kimi daxil etdirmək. Kiçik bicliyin, sözsüz ki, uğur şansı heç əvvəldən yox idi. Çünki hamı başa düşür ki, qondarma “respublika”nın danışıqlara tərəf kimi qoşulması onun dünyada təzə dövlət kimi tanınması yolunda tutarlı addım ola bilərdi. Fransa məhkəmələri “erməni nəzəriyyələri” üstündə Qarabağ və fransız şəhərlərinin qardaşlaşma aktlarını bir-bir ləğv edəndə Paşinyanın “küpü süzdü”. Baş nazir anladı ki, qondarma “DQR”-i dünyada dövlət kimi tanıtmaq siyasətinin artıq heç bir perspektivi qalmayıb. Tanıtma siyasəti perspektivsizliyə məhkum oldusa, bu halda qondarma “DQR”-i danışıqlara tərəf kimi qatmaq siyasətinin də perspektivi və mənası qalmırdı. “DQR”-i dövlət kimi tanıda, tərəf kimi danışıqlara qata bilməyən Paşinyanın qarşısında çətin sual yarandı – nə etməli? “Miatsum”! Beləliklə Paşinyan mitinqə “miatsum” şüarı gətirməklə özünün göstərdiyimiz iki istiqamətdəki “Qarabağ iflası”ndan ermənilərin diqqətini yayındırmaq ssenarisi oynamaq istədi. Görürsünüzmü, yenə daxilə hesablanmış oyun… Əslində isflasdan yayınma oyunu… kimi daha dəqiq adı olan bu ssenarinin içindəki fiqurlara yekun olaraq bir daha baxaq. Paşinyan, ümidi qırılmış sosial inqilabçılar, şovinist-ilhaqçı kəsim, hökmü verilmiş qondarma “DQR prezidenti”, küskün erməni diasporu… İflas ssenarisini sırf siyasi ambisiyalarla Paşinyanın gücü, Prezident Əliyevin  zəif davranışı kimi təqdim edən Azərbaycanın radikal ittihamçı müxalifəti… Paşinyanın “miatsum” bəyanatını Ermənistana ağır zərbə kimi qiymətləndirən erməni müxalifəti və… Ssenarinin iflas mahiyyətini öncədən aydın gördüyü üçün təmkinli siyasi davranışı üstün tutan Azərbaycan Prezidenti…

Əliyevin təmkinlə və emosiyasız davranaraq provokasiyalara uymadan düzgün nəticə çıxarması konkret situasiyada Azərbaycan diplomatiyasına daha iki üstünlük qazandırdı – Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı ilə düz 25 ildə danışıqlar prosesinin əsl pozucu tərəfinin kim olduğu təsdiqləndi və münaqişənin həlli üzrə vasitəçiləri Azərbaycanın prinsiplərinə daha sayqılı olmaq məcburiyyətində qoyaraq, hərbi gücdən legitim istifadə yolunu tam açdı. 

Aydın QULİYEV

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …