O, baş verənlərdə TƏBİB-i günahlandırıb
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvarında Respublika Perinatal Mərkəziində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə işi davam edir.
Məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva və şöbə müdirləri dayanıb.
Onların hər biri ev dustaqlığındadır. Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır.
Martın 3-də keçirilən məhkəmə iclasında Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Çünki o, məhkəmədə ifadə verməkdən imtina edib.
Mehriban Abasquliyeva ibtidai istintaqa verdiyi ifadəsində özünü təqsirli bilməyib, baş verənlərdə TƏBİB-i günahlandırıb. Onun ifadəsinə görə, yanğına səbəb “TƏBİB”in “maliyyə vəsaitimiz yoxdur” deyib, biganəlik göstərməsi və bir neçə xəstəxana işçisinin məsuliyyətsizliyi olub.
O, istintaqa bildirib ki, Mərkəzə hadisədən cəmi 11 ay əvvəl direktor təyin olunub. Mərkəzdə işçi azlığı olub, buna görə də beş tibb bacısı və iki sanitar qadın ştat vahidinin açılması üçün 2023-cü ilin yanvar, mart və aprel aylarında Mərkəzin tabe olduğu TƏBİB-ə yazılı müraciətlər edib. TƏBİB maliyyə vəsaiti çatışmazlığını səbəb gətirərək Mərkəzdə işçi ştatları açmaqdan imtina edib.
Yanğına gəlincə, keçmiş direktor ifadəsində göstərib ki, hadisədən bir neçə ay əvvəl Yenidoğulmuşların intensiv terapiya bölməsinin həmin otağı təmir olunub. Təmir işləri 1 aya yekunlaşıb, ancaq Mərkəzin inzibati binasının yanğın təhlükəsizlik sistemi zəruri qaydaların tələblərinə cavab vermədiyi üçün Fövqaladə Hallar Nazirliyi tərəfindən binada fəaliyyətin davam etdirilməsinə icazə verilməyib. Bu barədə TƏBİB də məlumatlandırılıb. TƏBİB yenə maliyyə çatışmazlığını səbəb gətirib və bu işləri həll etməyi gələcəyə saxlayıb.
“2023-cü ilin büdcəsi məndən əvvəlki direktorun vaxtında təsdiqlənmişdi deyə, mənim həmin il üçün əlavə maliyyə tələb edən hər hansı təklif vermək imkanım yox idi. Qısa müddətlik direktorluğum dövründə kifayət qədər müstəqil büdcə vəsaiti olmayan Mərkəzin yanğın təhlükəsizlik sisitemini təmir etdirmək üçün pul yox idi”, – keçmiş direktor ibtidai istintaqa verdiyi ifadəsində vurğulayıb.
Sonra iş üzrə təqsirləndirilən digər şəxs Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev ifadə verib. O, bildirib ki, 10 il Mərkəzin sözügedən şöbəsinin müdiri vəzifəsində çalışıb və belə bir hadisənin baş verəcəyini ağlından belə keçirməyib:
“Rəhbərlik etdiyim şöbədə bütün işçiləri tanıyıram. Bizim şöbə 5-ci mərtəbədə yerləşir, 4-cü mərtəbədə yenidoğulmuşların terapiyası şöbəsidir. Şöbə müdiri Məryəm Rzayevadır. Mənim həmin şöbəyə aidiyyatım yoxdur. Biz İcbari Tibbi Sığortaya keçdikdən sonra yeni işçilər gəldi və bəzi şöbələr birləşdirildi. Yanlız bizim və yenidoğulmuşlar terapiyası şöbəsi birləşdirilmədi. Hadisə də 4-cü mərtəbədə baş verib. Hər mərtəbənin təhlükəsizliyinə həmin şöbənin rəhbəri cavabdehdir. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti dəfələrlə yanğın təhlükəsizliyinə əməl edilməməsi ilə bağlı akt tərtib edib. Ancaq mənim bununla bağlı sonradan məlumatım olub. Ümumiyyətlə, bu prosesin mənə aidiyyatı yoxdur. Mən həkiməm, həm də bu aktlar 4-cü mərtəbə üçün tərtib olunub. Həmin aktlar tərtib olunan zaman bölmə rəhbəri Məryəm Rzayeva olub. Təsərrüfat şöbəsinin rəhbəri də cərimələnib”, – keçmiş şöbə müdiri məhkəmədə belə deyib.
Proses martın 17- də davam etdiriləcək.
Respublika Perinatal Mərkəzdəki yanğın hadisəsi ötən il yanvarın 9-da baş verib. Nəticədə Yenidoğulmuşların intensiv terapiya şöbəsində küvəzdəki yenidoğulmuşlar ölüb.
İstintaq orqanı tərəfindən Mehriban Abasquliyevaya qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Mərkəzin direktoru Mehriban Abbasquliyeva 1998-2000-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini olub. O, 2000-ci ildə Sabunçu rayonundakı 2 saylı Doğum evinin baş həkimi təyin edilib və uzun illər bu vəzifədə işləyib. Respublika Perinatal Mərkəzinə isə hadisədən bir il öncə – 2022-ci ilin dekabrında direktor təyin olunmuşdu.