Cümə , 29 Mart 2024
Drone Cameras

Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Hələ qədim dövrlərdən Azərbaycan dünyada neftin vətəni sayılırdı. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. 1840-cı illərdə daha mütərəqqi üsullarla quyular qazmaq və neft hasilatını artırmaq üçün yollar axtarılırdı. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut edir. Belə sənədlərdən biri Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonovun bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubdur. Məktubda Semyonov Abşeron yarımadasındakı neft mədənlərini ətraflı təsvir edir, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər verir. Semyonovun məktubuna müsbət rəy verildikdən sonra 1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzinə Palatası tərəfindən qazma işlərinə min gümüş sikkə ayrılır və Bibiheybət rayonunda kəşfiyyat quyusunun qazılması haqqında tapşırıq verilir. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur. Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsinə, emal sənayesinin yaranmasına böyük təkan verib. Mexaniki üsulla quyu qazılması texnikasının və texnologiyasının inkişafı sayəsində Bakıda bir sıra yeni neft yataqları istismara verilib, quyular qazılıb, hasilat artırılıb, neft sənayesi infrastrukturu inkişaf etdirilib. 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. Müqayisə üçün deyək ki, 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici o zaman 9,1 milyon ton təşkil edirdi.

Dövlətimizin başçısı burada quraşdırılan xüsusi interaktiv köşkə baxdı.

Bildirildi ki, bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür. İnteraktiv köşkə, eyni zamanda, ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdikləri neft strategiyası haqqında məlumat, Azərbaycanın neft sənayesi ilə bağlı tarixi foto və videolar da yerləşdirilib.

Prezident İlham Əliyev neftçilərlə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir