Bir qrup media təmsilçisi və QHT rəhbəri Prezidentə müraciət edib ki, jurnalistlər üçün tikilən və hazırda tam hazır olan 3-cü binadakı evlər şəhid ailələrinə verilsin. Biz şəhid ailələrini heç də müraciətə imza atan şəxslərdən az sevmirik.
Ancaq burada incə məqamlar var ki, onlara mütləq aydınlıq gətirilməlidir. Şəhid ailələri nəinki mənzillə təmin olunmalı, ümumiyyətlə dövlətin bütün qayğıları və digər güzəştlərilə əhatə olunmalıdır.
Dövlət bu istiqamətdə lazımi addımları atır və gələcəkdə də lazımı tədbirləri həyata keçirəcəyinə qəti şübhə yoxdur. Onda sual olunur: niyə bu həssas təbəqə üçün məhz jurnalistlərə nəzərdə tutulan 3-cü binanın verilməsi təklif edilir?
Bu, birbaşa Prezidentə yönəlik təxribatdır. Çünki məhz üçüncü binanın təməlini Prezident atıb və həmin vaxt çıxışında binanın məhz jurnalistlərə veriləcəyini bəyan edib.
Onda isə siyahıda imzası olan və dövlətdən nə mümkündürsə qoparmağı bacaran bir qrup media təmsilçisi niyə Prezidentin iradəsinə qarşı çıxmaq istəyir? Niyə dostları oliqarxların, rüşvətxor məmurların villalarının əllərindən alınıb, şəhid ailələrinə verilməsini təklif etmirlər?
Çox maraqlıdır ki, iki gün əvvəl millət vəkili Etibar Əliyevin məhz bu təklifinə qarşı çıxanlar, indi həmin təklifə dəstək ifadəsi kimi müraciətə imza atırlar. Deməli, bu idarə edilən prosesdir. Mən əvvəl də yazmışam ki, bu təklifi hakimiyyətin daxilindəki hansısa qrup stimullaşdırır.
Bilirlər ki, bu təklif birmənalı qarşılanmayacaq. Çünki illərlə həmin mənzilləri gözləyən, doğrudan da evə ciddi ehtiyacı olan jurnalistlər var. Bu təklif əvvəlki binalarda edilən saxtakarlığa görə gündəmə gətirilirsə, onda indiyə kimi ev ala bilməyənlərin nə günahı var?
Qoy tutub həmin saxtakarlığı edənləri cəzalandırsınlar, layiq olmayanların evlərini əlindən alıb şəhid ailələrinə versinlər. Dövlətin bu qədər maddi resursları olduğu halda, şəhid ailələrinə niyə kimlərinsə gözlərinin olduğu və ətrafında daima müzakirə aparılacaq mübahisəli mənzillər verilməlidir?
Allah heç kimi həmin müraciətə imza atan jurnalistlərin vəziyyətinə salmasın. Çünki onların əksəriyyəti 1-ci və 2-ci binada ev alıblar. Bu nə məntiqdi: özün ev alırsan, ancaq başqasına məsləhət görürsən ki, evini şəhid ailəsinə ver.
Həmin media adamlarının çoxunun bir neçə mənzili var. Yaxşı olar ki, nümunə olaraq birinci özləri dövlətdən aldıqları evlərini şəhid ailəsinə versinlər. Onda təşəbbüsləri səmimi görünər. İnanıram ki, Cənab Prezident bu təxribata “YOX!” deyəcək!
Məhəmmədəli QƏRİBLİ