Çərşənbə axşamı , 14 May 2024
Drone Cameras

Qərbi Azərbaycan Xronikası: Ermənistanın barışıq çağırışlarına cavab verməməsinin sirri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Boyukmillet.com xəbər verir ki, “Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan” adlı süjetdə Qərbi azərbaycanlıların vətəndaşlıqla bağlı hüquqlarının rəsmi İrəvan tərəfindən pozulduğu, Ermənistan hakimiyyətinin bununla da beynəlxalq hüquq normalarını tapdaladığı vurğulanır.

Qeyd olunur ki, Qərbi Azərbaycan türkləri öz ölkələrinin, yəni indiki Ermənistanın və ermənilərin milli və dini ayrı-seçkiliyinin qurbanıdır: “Qərbdəki havadarlarının, Rusiya və keçmiş SSRİ-nin dəstəyi ilə Qərbi azərbaycanlılar tarixi, dədə-baba yurdlarından qovulub. Beynəlxalq ictimaiyyət, o cümlədən, qərb dünyası Ermənistanın öz vətəndaşlarını ölkəyə buraxmamasına məhəl qoymur. Amma Qərbi Azərbaycan İcmasının başlıca hədəfi vətənə, yurda, Ermənistana qaydışıdır və qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazırdır. Qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqların təmin olunması müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməlidir”.

Diqqətə çatdırılır ki, 35 il əvvəl dünyanın gözü qarşısında Qərbi azərbaycanlılar Ermənistandan silah və zorakılıq yolu ilə çıxarıldı: “Ermənistanın etnik təmizləməsi nəticəsində bu ölkənin vətəndaşı olan azərbaycanlılar öz ata-baba yurdlarından məcburi qovuldu. Məhz bunun nəticəsində Ermənistan mono-etnik ölkəyə çevrildi. Bu, Ermənistanda dövlət səviyyəsində aparılan faşist, şovinist siyasətin nəticəsidir. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız oldu”.

Süjetdə problemlərin həllinin danışıq və müzakirədən keçdiyi, Ermənistanın hələ də barışıq çağırışlarına cavab vermədiyi, günahkar olduğu üçün daim müzakirələrdən qaçdığı ön plana çəkilir.

Bildirilir ki, Qərbi Azərbaycanda türklərə məxsus qəbiristanlıqlar, mədəni və dini abidələr Ermənistan və ermənilər tərəfindən sistemli şəkildə dağıdılıb, yer adları dəyişdirilib, saxtalaşdırılıb: “Son dəfə Ermənistandan qovulan 250 mindən çox insan öz əzizlərinin qəbrini ziyarət etməkdən məhrum olub. Ona görə də öz yurdlarına dinc yolla qayıtmaq, dinc məqsədlərə, doğma torpaqlara qayıdışa dialoq yolu ilə nail olmaq ən optimal yoldur. Beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin, sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsi vacibdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyulun 6-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Check Also

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra …