Ümid Partiyasının sədri İqbal Ağazadə yazır :
7 Fevral seçkiləri Azərbaycanda bir dövrə yekun vurdu.
1988-ci ilin əvvəllərində Ermənistanın Azərbaycana ərazi iddiası ilə çıxış etməsi əvvəlcə vətəndaş liderləri, siyasi hərəkatlar, sonrakı mərhələdə isə siyasi partiyaların yaradılması ilə nəticələndi. Qaçqınlar, məcburi köçkünlər, işğal olunmuş torpaqlar, mütəmadi hakimiyyət dəyişiklikləri çoxsaylı siyasi partiyaların və şəxslərin meydana çıxmasına nədən oldu.
QEYD: Problemlər həll olunmayanda, gözləntilər özünü doğrutmayanda əvvəlcə çoxsaylı şəxslər ortaya çıxır, kütlə onların arxasınca gedir, hər birini liderə çevirir. İllər keçdikcə isə problemi həll olunmayan xalq siyasətdən, siyasilərdən üz çevirir.
Meydan hərəkatı özü ilə bərabər yeni alışmadığımız ritorika da gətirdi. Pafos, radikallıq, çağırışçı ritorika həm siyasilərin, həm də kütlənin əsas silahına çevrildi. Bu gün də siyasətimizin əsas “ silahı” pafos və radikallıqdır.
Dəyişməliyik…
Əvvəlcə nəzərə almalıyıq ki, 1988-ci ildən 2023-cü ilin sentyabrına kimi hər kəsin siyasətdə əsas şüarı, söykəndiyi “ideologiya”, həll etmək istədiyimiz Qarabağ adlı birinci problem demək olar ki, artıq yoxdur. Bu problemlər iqtidarlı-müxalifətli, vətəndaş cəmiyyəti, media nümayəndələri, həmçinin vətəndaşı əsəbi etmiş, ritorikanı kəskinləşdirmiş, siyasətdə pafosun dozasını artırmışdı.
İlk dəyişəcəyimiz ritorikamızdır – kəskin, pafoslu, sərt ritorikanı yumşaq, elmi və diplomatik ritorika əvəz etməlidir.
Şüarçı siyasətdən proqram siyasətinə keçməliyik.
İnsanlarımız pafoslu, kəskin danışana deyil, onun dərdlərinə əlac edə bilən, problemlərə elmi yanaşan, həlli yollarını aydın göstərən siyasətə vərdiş edilməlidir.
Partiyalar proqram partiyalarına çevrilməlidir, daha məramnamələr söz yığınından ibarət olmamalıdır. Bu proqramda hər bir vətəndaş – məmur, iş adamı, fermer, fəhlə, tələbə, gənc, qoca, təqaüdçü, əlil, kişi, qadın, işsiz özünün problemlərinin həllini görməlidir, bir sözlə,proqramda özünü tapmalıdır. İnsanlarımız yeni vərdişlərə yiyələnməlidir.
TV proqramların məzmunu və mənası dəyişməli, ucuz şou proqramlardan ciddi, ölkənin gələcək siyasətini müəyyən edən proqramlara keçid edilməlidir.
Partiyalar dövlət qeydiyyatına yenidən baxılmalı, siyasi arena savadsız siyasətçilərlə yüklənməməlidir.
Qeyri-hökumət təşkilarları ilə iş yenidən qurulmalı, ənənəvi dövlət vəsaitlərinin ayrılma mexanizmi, gerçək maarifləndirmə siyasətinə dönüşməlidir.
Münasibətlər sistemi yumşaldılmalı, müzakirələrə açıq siyasət formalaşdırılmalıdır.
Bütün bunlardan sonra idarəçiliyin yeni modelinə keçid və iqtisadi doktrina hazırlanmalıdır.
Bütün sferalarda yeni qanunlar yazılmalı, icrası üçün ictimai nəzarət mexanizmi tətbiq olunmalıdır.
Biz bunları etməsək, tarix bizi geriyə aparacaq. Geridə isə 30 illik işğal, məğlubiyyət, əsəb, stress var idi.
Yenidən o dövrü yaşamamamaq üçün mütləq dəyişməliyik.
Hər kəs özündən və firqəsindən, düşüncəsindən və təfəkküründən, ritorikasından və nitqindən, geyimindən və görkəmindən başlamalıdır. Özünü dəyişə bilməyən, heç nəyi dəyişə bilməz.