Cümə , 3 May 2024
Drone Cameras

QHT sədri: Senatın qətnaməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz statusuna xəyanətidir

Dünən Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsi qəbul olunub. Bu qətnamə ötən illər ərzində Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə nail olmağı “hədəfləyən” ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz statusuna xəyanətidir.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib.
O qeyd edib ki, bu statusla Fransa ötən 23 illik müddət ərzində dünya ictimaiyyətini aldatmağa, yalançı vasitəçi statusu qazanmağa nail olub. Həmsədrlik müddətində Fransanın vaxtaşırı olaraq ermənipərəst mövqe tutub və həmin təəssübkeşlik konkret faktlarla üzə çıxarılmalıdır. Dünya ictimaiyyəti xəbərdar olmalıdır ki, Fransanın 1997-ci ildən ATƏT-in Minsk qrupunun həmsədri kimi əsas missiyası Ermənistana dəstək verməklə Azərbaycan ərazilərinin işğalda qalmasına kömək etmək olub. Ədalət prinsiplərinə və üzərinə götürdüyü vəzifə öhdəliklərini yetirməyən bir dövlətin bundan sonra da hər hansı beynəlxalq missiyaya rəhbərlik etməsi yolverilməzdir.
O qeyd edib ki, beynəlxalq münasibətlər sistemində yazılmış qanunlarla bərabər, yazılmamış qaydalar da mövcuddur. Bu, liderlərin və dövlətlərin siyasi və milli əxlaqı ilə bağlı olan məsələdir.
Xatırladaq ki, cari il oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Bu görüşdən bir neçə gün sonra Emmanuel Makronun Azərbaycana qarşı sərsəm fikirləri və Senatın qəbul etdiyi bu qətnamə Fransa liderinin və dövlətinin siyasi əxlaqa zidd addımlarının əsas göstəriciləridir.
Cəsarət Hüseynzadə deyib ki, Fransa dövlətinin, idarəetmə və qanunverici orqanının hər hansı dövlətə və xalqa yol göstərməsinə heç bir hüquqi və mənəvi haqqı çatmır.
Hazırda Afrikanın bir çox ölkəsi Fransadan törətdiyi cinayətlərə görə hələ də təzminat tələb edir, talan edilmiş sərvətlərinin geri qaytarılması ilə bağlı tələblər irəli sürürlər. Fransa isə tarixlərinin bu qara ləkələrini hər vəchlə gizlətməyə çalışır.
“Fransanın Əlcəzairdə törətdiyi qətliamlar dünya tarixinin qara səhifələrindən biridir. Əlcəzair Fransadan cinayətlərini tanımasını, üzr istəməsini və təzminat ödəməsini tələb edir. Fransa, həmçinin Ruandada 800 min etnik tutsinin həyatına son qoyan dünya tarixinin ən dəhşətli soyqırımılarından birində də iştirak edib”, – deyə QHT sədri vurğulayıb.
O, həmçinin deyib: “Tarixi vərəqlədikcə düşünürsən ki, Fransa necə deyərlər, ayıbına “kor olmaq” əvəzinə, bu gün özləri kimi soyqırımları törədən Ermənistanı niyə açıq formada müdafiə edir? Cavab isə olduqca bəsitdir. Törətdikləri qətliamlar, soyqırımları bu ölkələrin bir-birinə dəstək çıxmasına, cinayət ortağı olmasına rəvac verir”.

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …