Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün türk-islam dünyasına faydası olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın sürətli inkişafına səbəb olacaq.
NATO Parlamet Assambeyasının 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında erməni millət vəkilinin sualına layiqli cavab verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu təbrik etdiyini bildirən Y.Topçu qeyd edib ki, erməni deputat yenə yalan danışmaq istəyib: “Amma Mövlud Çavuşoğlu onların necə yalancı və təcavüzkar olduqlarını üzlərinə söylədi. Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Ermənistan Xocalıda bizim uşaqlarımızı, qadın və qocalarımızı öldürüb. Onlar işğalçıdırlar və soyqırım törədiblər”.
Baş müşavir həmçinin bildirib ki, Ermənistan rəhbərliyinin əli uşaqların qanına batıb və M.Çavuşoğlu bunu onların üzünə söylədi.