İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya “Real Madrid”inə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Boyukmillet.com xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında yazıb.
O, bütün diqqətini hazırkı klubuna yönəltdiyini vurğulayıb: “Məni tanıyan hər kəs işimə necə diqqət yetirdiyimi bilir. Daha az danışmaq və daha çox hərəkət etmək mənim devizimdir. Mediada qeyri-ciddi məlumatlar var. Bu, komandalara və oyunçulara hörmətsizlikdir”.
Təcrübəli forvard Madrid təmsilçisində müxtəlif uğurlar qazandığını xatırladıb: “Bütün bunlar “Santyaqo Bernabeu” stadionundakı muzeydə, həmçinin hər klub azarkeşinin beynində var. Bilirəm ki, “Real Madrid” fanatları məni ürəklərində saxlayacaqlar”.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə “Real Madrid”dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.