Çərşənbə axşamı , 10 Sentyabr 2024
Drone Cameras

Rusiya XİN-dəki ermənilərin Azərbaycana qarşı misilsiz yeni təxribatı – milyonlarla rus turisti bir ovuc erməniyə qurban verilir…

Aqşin Əliyev: “Erməni əsilli vətəndaşların ölkəmizə niyə buraxılmadığı ilə bağlı dəlilləri Azərbaycan tərəfi dəfələrlə təqdim edib”

img

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana səfər etməyi planlaşdıran vətəndaşlarına  risqlər barədə xəbərdarlıq edib. Belə ki, XİN-in öz saytında dərc etdiyi məlumatda deyilir ki, Rusiya tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq, erməni əsilli şəxslər Azərbaycan Respublikasına buraxılmır.

XİN-in məlumatında bildirilir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını əsas gətirərək, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, erməni əsilli şəxslərin ölkəyə buraxılmasına icazə vermir: “Bu həmin şəxslərin təhlükəsizliyinin təmin edilə bilməyəcəyi ilə əlaqələndirilir. Rusiya tərəfinin etnik diskriminasiyanın yolverilməz olması barədə bütün müraciətləri cavabsız qalıb. Buna görə Rusiya vətəndaşlarına Azərbaycana gedərkən mövcud vəziyyəti nəzərə almağı və risqləri gözdən keçirməyi tövsiyə edirik”.

Rusiya hökuməti ilk dəfədir yazılı bəyanatla öz vətəndaşlarına Azərbaycana getməmələri ilə bağlı xəbərdarlıqla çıxış edir. Rusiyadan əvvəl də bununla bağlı şifahi açıqlamalar olmuşdu. Azərbaycan tərəfi həmin iradlara rəsmi səviyyədə ətraflı izahat verib. Rusiyaya izah olunub ki, erməni əsilli vətəndaşlarla bağlı tətbiq edilən ciddi nəzarət ölkəmizin Ermənistanla yaşadığı müharibə səbəbindəndir və həm ölkəmizin, həm də həmin erməni əsilli vətəndaşların təhlükəsizliyinin təminatı üçün olunur. Ancaq, göründüyü kimi, Rusiya bu mövzunu yenidən qabartmaqda maraqlıdır. Nə qədər qəribə olsa da, Rusiyanın rəsmi dairələri bu dəfə bütün vətəndaşlarını Azərbaycana səfər etməməyi tövsiyə edirlər. Yəni erməni faktoru əsas gətirilərək, müraciət bütün ölkə vətəndaşlarına olunur. Aydındır ki, Rusiyanın yuxarı eşalonunda verilən qərarlar təsadüfi xarakter daşımır. Həmin ölkədə böyük təsir gücünə malik olan erməni mərkəzləri mövcuddur. Verilən son qərarda da erməni lobbisinin əl izləri görünür. Bu, açıq-açığına, Azərbaycanla düşmənçilik etmək anlamına gəlir. Əslində, bu çağırışın kökündə Azərbaycanın iqtisadiyyatına külli miqdarda zərbə vurmaq planı durur. Azərbaycan tərəfinin təqdim etdiyi rəsmi hesabatlarda bildirilir ki, ölkəmizə gələn xarici turistlərin sayına görə Rusiya birinci yeri tutur. Bu da ölkəmizin iqtisadiyyatına külli miqdarda valyutanın gəlməsini şərtləndirir. Hələ ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev “Rusiya-24” telekanalına müsahibəsində bildirib ki, ölkəyə gələn turistlərin arasında birinci yeri Rusiya vətəndaşları tutur. Onun sözlərinə görə, son iki ildə turizmin artması müşahidə edilib. Belə ki, 2016-cı ildə turistlərin artımı 22%, 2017-ci ildə isə 20% təşkil edib: “Biz bu il hələ bilmirik, lakin artım da olacaq. Turistləri, ilk növbədə, özlərini burada hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəldikdə isə, düşünürəm ki, onlar özlərini öz evlərindəki kimi hiss edirlər. Burada dil baryeri yoxdur, onlara qarşı çox yaxşı münasibət bəslənir, ortaq tariximiz də əhəmiyyətli rol oynayır. Təhlükəsizlik, rahatlıq, Azərbaycan xalqının qonaqpərvərliyi, tarixi abidələr, iqlim səviyyəsi – turistləri Azərbaycana cəlb edən amillərin sayı çoxdur. Hesab edirəm ki, rusiyalılar  məni eşidir. Mən onları məmnuniyyətlə ölkəmizə səfərə dəvət edirəm. Onlara hər zaman çox şadıq”.

Göründüyü kimi, ölkə başçısı Rusiya vətəndaşlarına bir dost münasibəti sərgiləyir, onları ölkəmizə dəvət edir. Amma bunun fonunda, Rusiyanın bəzi dairələri ermənilərin xoşuna gəlsin deyə, ölkəmizin maraqlarına ağır zərbə vururlar. Əslində, Rusiyanın adından yayılan son mövqe  ölkələrimiz arasında xoş münasibətlərin ruhu ilə də adekvatlıq təşkil etmir. Çünki Rusiya ilə Azərbaycanın rəhbərləri arasında çox səmimi dostluq münasibətləri var.

Ekspert Aqşin Əliyev də qəzetimizə bildirdi ki, bu mövzunu şişirtməkdə, gündəmdə saxlamaqda maraqlı olan dairələr var: “Bundan əvvəl də Rusiya XİN səviyyəsində məsələ qabardıldı. Ən maraqlısı isə budur ki, iki ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyən qurum rolunda daha çox Rusiyanın XİN-i çıxış edir. Erməni əsilli vətəndaşların ölkəmizə niyə buraxılmadığı ilə bağlı dəlilləri Azərbaycan tərəfi dəfələrlə təqdim edib. Bu mövzuda tutarlı arqumentlər ortaya qoyulub. Münaqişə dövründə erməni əsilli idmançılar, siyasilər müxtəlif tədbirlərdə, yarışlarda iştirak ediblər. Onların hər birinin təhlükəsizliyi ölkəmiz tərəfindən təmin edilir. Ancaq kütləvi şəkildə ölkəmizə gələcək erməni əsilli vətəndaşların hər birini nəzarətdə saxlamaq bizim üçün çətindir. Yaxşı, onların başına gələ biləcək faciədən sonra Rusiyanın münasibəti necə olar? Onda da deyəcəklər ki, Azərbaycanda Rusiya vətəndaşları döyülür və ya öldürülür. Hesab edirəm ki, bu mövzunu bəhanə edib, bütün Rusiya vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı müraciət etməyin arxasında iki ölkə arasındakı münasibətləri pozmaq istəyən dairələr durur. Ən başlıcası isə, erməni barmağı görünür”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir