Cümə , 19 Aprel 2024
Drone Cameras

Səudiyyədə Qurana 300-dən çox dəyişiklik edilib – Azərbaycan ilahiyyatçılarının fikri…

Bir sıra internet saytlarında, eləcə də sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının kral ailəsinin müqəddəs QuraniKərimin 300-ə yaxın ayəsini dəyişdirdiyi barədə məlumatlar yayılıb.

İddialara görə, kral ailəsinə yaxın olan akademiyanın ivrit dilinə tərcümə etdiyi Qurandan hətta Məhəmməd Peyğəmbərin adı belə çıxarılıb. Kral ailəsinin göstərişi ilə 300-ə yaxın Quran ayəsinin dəyişdirilməsi müsəlman aləmində birmənalı qarşılanmayıb. İlahiyyatçılar hesab edirlər ki, Tanrı tərəfindən yer üzünə göndərilən 4 səmavi kitabdan yalnız Quran olduğu kimi insanlara çatdırılıb, İncil və Tövrat isə zaman-zaman ya tərcüməçilər, ya da dövrün hakimləri, din xadimləri tərəfindən təhrif edilib, demək olar ki, bu kitablarda çox şey dəyşdirilib.

Quranın mükəmməlliyinə diqqət çəkən ilahiyyatçıların sözlərinə görə, heç bir müsəlman dövləti Quran ayələrini dəyişdirməməlidir. Bu arada bəziləri iddia edirlər ki, hətta Quran Azərbaycan və müasir Türkiyə türkcəsinə tərcümə edilərkən də bəzi təhriflərə yol verilib.

Səudiyyə Ərəbistanının kral ailəsinin müqəddəs Qurani-Kərimin 300-ə yaxın ayəsini dəyişdirdiyinə dair məlumatlara münasibət bildirən ilahiyyatçıların bir qismi hesab edir ki, yayılan məlumat yalandır. Bu fikirdə olanların qənaəti belədir ki, deyilənlər həqiqət olsaydı, onda gərək orijinal variantla dəyişdirilən ayələr birgə yayılsın və müsəlman ictimaiyyəti buna öz etirazını bildirsin. 

  • İsmayıl Əhməd: Bununla bağlı hər hansı bir fakt yoxdur”

Tanınmış ilahiyyatçı İsmayıl Əhməd hesab edir ki, kral ailəsinin Quran ayələrini dəyişdirməsinə dair xəbərlər həqiqətə oxşamır və bu bəzi saytların uydurmasıdır: “Bəzi saytlar Səud dövlətinin Quranı dəyişdirməsinə dair xəbərlər yayırlar. Bununla bağlı hər hansı bir fakt yoxdur və belə bir hadisə baş versəydi, bu barədə dərhal İran və Türkiyənin rəsmi saytları məlumatlar, bəyanatlat yayardılar.

Bu bəzi peşəsindən xəbərsizlərin yaydığı məlumatdır. Ey peşəsindən xəbəri olmayan həvəskarlar, Quran barədə xəbər sizin üçün hansısa üzdəniraq şou əhlinin rədd olub ölkədən getməsi, kiminsə yenidən ata olması kimi olmamalıdır. Əvvəla xəbər yayırsansa, zəhmət çək bunu əsaslandır. Həm orijinal, hən də təhrif olunmuş mətndən misal gətir. Bunu edə bilirsən et, edə bilmirsənsə, heç olmasa, savadlı din mütəxəssislərinə müraciət et”.

  • Hacı Nizami Rza: Səudiyyə Ərəbistanının kral ailəsi belə bir addım atıbsa

Digər tanınmış ilahiyyatçı Hacı Nizami Rzanın fikrincə isə Səudiyyə Ərəbistanının kral ailəsi Quran ayələrini dəyişdiribsə, bu mənfi bir haldır: “Mən bu barədə mətbuatdan xəbər tutmuşam və hansı ayələrin dəyişdirildiyindən xəbərim yoxdur. Amma kral ailəsi, iddia edildiyi kimi, Quranın ayələrini dəyişdiribsə və adı 4 dəfə Məhəmməd, bir dəfə Əhməd kimi keçən Rəsulallahın adını bu ayələrdən çıxarıbsa, İslam dünyasında çox qəzəblə qarşılanan bir hadisədir. Açığını deyim ki, son dövrlər bəzi mətbuat orqanlarında yalan, iftira dolu, saxta informasiyalar çox yayıldığı üçün, haradasa bu hadisənin baş verdiyinə inanmaq istəməzdim. Lakin kral ailəsindən olan bir şahzadənin amerikalılara dediyi “siz dediniz, biz də vəhhabi təriqətinin Səudiyyə Ərəbistanında yayılmasını təşkil etdik” sözlərindən sonra məndə belə bir şübhə yaranıb ki, deyəsən yazılanlar doğrudur. Mən də bir müsəlman, Quran əhli olaraq, Səudiyyə Ərəbistanının kral ailəsi belə bir addım atıbsa, onların əməlini pisləyirəm. Qadir Allah Quranın mətninə bilərəkdən, ya bilməyərəkdən əl gəzdirənləri bağışlamaz”.

  • Hacı Təyyar Hüseynli: Quran ayələrini dəyişdirmək mümkün deyil”

Digər tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynlinin sözlərinə görə, Quran olduqca mütərəqqi bir kitabdır. Bu kitabın başqa müqəddəs kitablardan fərqliliyi əsasən ondadır ki, əsrlər boyu kimlərsə onu dəyişdirməyə cəhdlər etsə də, buna müvəffəq ola bilməyiblər. “Bu artıq reallıqdır. Dünyanın hər yerində olan və müxtəlif dillərə tərcümə edilən Quran nə aktuallığını itirib, nə də onu dəyişdirmək mümkün olub. İndi kimsə, hansısa bir alimsə kimlərinsə marağına görə bu işi görübsə, bu mümkünsüzdür. Quran ayələrini dəyişdirmək mümkün deyil. Çünki dünya əhalisi Quranla tanışdır və onun toxunulmaz olduğunu bilir. Quran ayələrini dəyişmək, improvizə etmək, ona əlavələr etmək heç bir nəticə verməz. İnanmıram ki, kimlərsə buna nail ola bilər. 610-cu ildən 633-cü ilə qədər bu kitab informasiya xarakterli olub və əsrləri keçib gəlib. Qurana tarixdə müdaxilə etmək istəyən qüvvələr keçmiş zamanlarda daha çox olub, amma onlar bu saflıq, müqəddəslik külliyatına heç nə edə bilməyiblər” – deyə o qeyd etdi.

Iradə Sarıyeva

(Bakı-Xəbər)

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …