Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Sabir Rüstəmxanlı “Dəlilər”dəki Rüstəmxanlıdan danışdı: “O, Mübarizi canlandırıb”

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl İstanbulda baş rollarından birinə azərbaycanlı aktyor Namiq Rüstəmxanlının çəkildiyi “Dəlilər. Fatehin Fərmanı” filminin təqdimat mərasimi keçirilib.
 
BakuPost Publika.az-a istinadən xəbər verir ki, Osmanlı imperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən filmin təqdimatına 3000 minə yaxın insan iştirak edib.
 
Qala gecəsinin qonaqları arasında sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı ilə həyat yoldaşı Tənzilə Rüstəmxanlı da olub. S.Rüstəmxanlı qardaşı oğlunun rol aldığı möhtəşəm layihə haqqında təəssüratlarını bölüşüb.
 
– Sabir bəy, Namiq Rüstəmxanlının çəkildiyi “Dəlilər. Fatehin Fərmanı” Türkiyədə və Azərbaycanda maraqla qarşılanıb. Tarixi filmin baş rol ifaçısı Cem Uçan qala gecəsində sizin və Tənzilə xanımın adını çəkərək öz təşəkkürlərini bildirib.
 
– “Dəlilər. Fatehin Fərmanı” filmində, Türkiyə tarixinin önəmli bir səhifəsi işıqlandırılır. Bir neçə il əvvəl Hollivudda bir film çəkilmişdi. Fateh Sultan Məhmədə və ümumiyyətlə, bütün türk xalqına həqarətlə dolu film idi. Türkləri burada qaniçən kimi təqdim etmişdilər. Təəssüf ki, ona indiyədək tutarlı cavab verilməmişdi. Cem Uçanla söhbət edərkən “Dəlilər”i çəkmək ideyası yarandı. 
 
Filmin yapımçısı Tənzilə xanım, baş rollardan birinin ifaçısı qardaşım oğlu Namiqdir.
 
Film üçün bəstələnən mahnının mətnini mən yazmışam, həmçinin işin gedişatına mənəvi dəstəyim olub. 
 
– Film nədən bəhs edir?
 
– Film Fateh Sultan Mehmedlə Eflak Voyvodalığına təyin etdiyi Vladın xalqa etdiyi zülmdən danışır. Vlad Rumın krallarından birinin könüllü şəkildə Osmanlı imperatorluğuna göndərdiyi uşaqlarından biridir. O, Sultan Fateh Mehmetlə birlikdə böyüsə də, geri qayıtdıqdan sonra ona xəyanət edir. Vlad Təpəş minlərlə türkün vəhşicəsinə öldürülməsinə başçılıq edir. Bunun intiqamını almaq “Dəlilər”ə tapşırılır. Türk tarixində dəlilik deyilən ənənəvi qurum var. Bu, bizim də folklorumuzda yer alıb. Az saylı dəlilər Vladın ordusu ilə üz-üzə gəlirlər.
 
Yeri gəlmişkən, Vladı Türkiyənin tanınmış aktyoru Ərkan Pətəkqaya məharətlə ifa edib. Düşmənçiliyini və qaniçənliyini çox aydın göstərib. Filmin sonunda isə o, layiqli cəzasını alır.
 
– Namiq Rüstəmxanlının yaratdığı obrazı, aktyor oyununu bəyəndiniz?
 
– O, Cem Uçanın yaxın dostlarından biridir. Namiq Xəzər sahillərindən, yəni, indiki Azərbaycan torpaqlarından gələrək türk dəlilərinə qoşulub düşmənlərə qarşı vuruşan – “Mübariz” rolunu oynayıb. Qarabağ savaşının qəhrəmanlarından olan Mübariz adının obraza qoyulması xüsusi olaraq düşünülüb. Bir sıra tarixi hadisələr təkrar olunur, bənzər hadisələr var və bu, əsrlər boyu davam edib. Odur ki, filmdə türk toplumundan gələn qəhrəmanlar daxil edilib. O, öz oyununu sona qədər çox gözəl oynayıb, həmçinin döyüş səhnələrində özünü hərtərəfli göstərə bilib.
 
– Filmin Bakıda təqdimat gecəsi nə zaman baş tutacaq?
 
– Bildiyim qədəriylə Bakıda qala gecəsi gələn aya planlaşdırılıb. İstanbulda ən böyük alış-veriş mərkəzlərinin birində baş tutan mərasimində 3000-ə yaxın insan iştirak edirdi, çox möhtəşəm bir tədbir idi. Ticarət mərkəzinin birinci mərtəbəsi qonaqlarla, sənət adamları ilə dolu idi, film eyni zamanda 9 salonda göstərilirdi.
 
– Layihənin büdcəsi çox böyükdür, sizcə, dünyaya səs sala biləcək?
 
– Əksinə, filmin büdcəsi başqa filmlərlə müqayisədə çox kiçikdir, ancaq ona maraq böyükdür.
 
“Dəlilər Fatehin Fərmanı” türkün böyüklüyünü və gücünü göstərən ekran işidir. Bunun başqa ölkələrə nə dərəcədə maraqlı olacağını deyə bilmərəm. Burada açıq-aşkar Avropaya qarşı hər hansı mesaj yoxdur. Film vəhşiliyə və vandalizmə qarşı ədalətli mübarizəni əks etdirir.
 
 
Image may contain: 14 people, people smiling, people standing

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir