Şənbə , 27 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: ABŞ-dan tutmuş Qərb dövlətlərinə, Rusiyaya qədər hamısı bizə qarşı ədalətsiz mövqe sərgilədi

“Haqq-ədalət öz yerini tapır və müstəqil beynəlxalq hüquqçular beynəlxalq birliyin səhvini düzəltmək üçün addımlar atır”

Britaniyadan olan beynəlxalq hüquqşünaslar İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat hazırlayıblar.

Londonda yaşayan həmyerlimiz, “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri, tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı, həmçinin, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə görkəmli beynəlxalq cinayət hüququ üzrə vəkil “9 Bedford Row” vəkillər palatasının nümayəndəsi Steven Kayın başçılıq etdiyi qrup həmin hesabatı hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Hesabatda Azərbaycanın ikinci böyük şəhəri Gəncə də daxil olmaqla, ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqteyi-nəzərindən qiymət verilir.

Hesabatda müharibə dövründə 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnmiş hücumlara hərbi və insanlıq əleyhinə cinayətlər kimi qiymət verilir. 100 səhifəlik hesabat Azərbaycanın həmin hücuma məruz qalmış yaşayış məntəqələrinə səfərlərin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır. Hesabatda, həmçinin, Ermənistan silahlı qüvvələrinin işğal dövründə Füzuli rayonunda törətdiyi əməllərə də hüquqi qiymət verilib və onlara qəsdən törədilmiş hərbi cinayət kvalifikasiyası verilir.

Hesabata xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.

Erməni cinayətlərinin ifşa edilməsi ilə bağlı artıq beynəlxalq missiya formalaşır, təşəbbüskarlar artır, aktivləşir. Bu halda hansı nəticələr əldə etmək mümkün olacaq?

  • “Açıq görsənir ki, beynəlxalq hüquq Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə laqeyd qala bilməzdi”

İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəlli bizimlə söhbətində qeyd etdi ki, gedişat get-gedə könüllü olaraq bu təşəbbüsə qoşulanların sayının çoxalacağını göstərir. S.Adıgözəllinin sözlərinə görə, 44 günlük müharibənin ildönümü ərəfəsində belə təşəbbüslərin meydana çıxması diqqət çəkir. “Sentybrın 27-də müzəffər Azərbaycan Ordusunun başlatdığı zəfər yürüşü möhtəşəm qələbə ilə başa çatdı. Haqq-ədalət yerini tapdı. Bu öz yerində. Qələbədən sonra biz informasiya müharibəsini daha da gücləndirmək yolunu tutduq və bundan sonra da proses daha güclü, dinamik, əhatəli şəkildə davam etməlidir. Bu baxımdan, müstəqil beynəlxalq hüquqçularının erməni cinayətləri ilə bağlı  hazırladığı 100 səhifəlik hesabat çox mühüm əhəmiyyətə malikdir və təsir imkanları az deyil. Bu sənədi də, onu hazırlayanları da təqdir edirəm. Azərbaycanın əlində Ermənistanın törətdiyi müharibə cinayətlərini əks etdirən kifayət qədər faktlar var, Gəncədə, Bərdədə, Tərtərdə, Ağdamda və başqa döyüş bölgəsindən kənarda yerləşən məntəqələrimizdə erməni terrorunun qanlı izləri qalmaqdadır. Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki əhalisinə qarşı törədilən hərbi cinayətlərə beynəlxalq hüququn qiymət verəcəyinə şübhə etmirəm. Çünki Ermənistanın hərbi və siyasi rəhbərliyinin əmri ilə Azərbaycanın mülki şəxsləri, şəhərləri hədəfə alınıb, hərbi cinayətlərin qurbanı olublar. Ermənistan qadağan olunmuş silahlardan, raketlərdən istifadə edərək mülki şəxslərimizə, uşaqlarımıza qarşı qanlı terror törədib. Ermənistan törətdiyi hərbi cinayətlərin cəzasını çəkməlidir, o cinayətlərə göstəriş verənlər sağdır, hətta indi də Ermənistanın siyasi rəhbərliyində təmsil olunurlar. Biz əlimizdəki imkanlardan istifadə edərək Ermənistanı hərtərəfli sıxmalıyıq”.

S.Adıgözəllinin sözlərinə görə, beynəlxalq hüquqçuların hazırladığı yüz səhifəlik hesabat, heç şübhəsiz, mötəbər bir sənəd olaraq Ermənistana qarşı əlimizdəki vasitələrdən biri olacaq: “100 səhifəlik hesabatı hazırlayan müstəqil hüquqçuların münasibətlərindən açıq görsənir ki, beynəlxalq hüquq Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə laqeyd qala bilməzdi. Düzdür, 30 il dünya birliyi də, beynəlxalq təşkilatlar da, beynəlxalq hüquq da Ermənistanın hərbi cinayətlərinə susub və bizə qarşı çox böyük ədalətsizlik edib. ABŞ-dan tutmuş Qərb dövlətlərinə, Rusiyaya qədər hamısı bizə qarşı ədalətsiz mövqe sərgilədi. Uzun illər beynəlxalq aləm miskinlik göstərib erməni cinayətlərinə qarşı beynəlxalq hüququn işləkliyini təmin etməsə də, indi haqq-ədalət öz yerini tapır və müstəqil beynəlxalq hüquqçular beynəlxalq birliyin səhvini düzəltmək üçün addımlar atır”.

S.Adıgözəllinin sözlərinə görə, Azərbaycan dövləti imkan verməyəcək ki, ermənilərin bəşəriyyət əleyhinə törətdiyi cinayətlər cavabsız qalsın: “Azərbaycan bu məsələdə israrlı və prnsipialdır. Azərbaycan Prezidentinin çıxışlarından, bəyanatlarından açıq-aşkar görsənir ki, erməni cinayətləri heç zaman cəzasız qalmayacaq və beynəlxalq müstəvidə bu canilər öz cəzalarını alaraq dünyada hərbi cinayətkarlar olaraq rəzil duruma düşüb ifşa olunacaqlar”-deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …