Çərşənbə , 8 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Merkelin İslam dinini terrorla eyniləşdirməsi yolverilməzdir və bu, bir dövlət başçısına yaraşmayan hərəkətdir”

Məlum olduğu kimi, Avstriyanın Vyana şəhərində 4 nəfərin ölümü, 14 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Avstriya rəsmilərinin verdikləri məlumata görə, hadisəni törədən “İslam dövləti” terror qrupuna pərəstiş edən şəxs olub.

Hadisəyə münasibət bildirən Almaniya Kansleri Angela Merkel açıq şəkildə müsəlman düşmənçiliyini ortaya qoyub. O, hadisə ilə əlaqədar yaydığı bəyanatda “islamçı terrorizmlə mübarizə bizim ümumi mübarizəmizdir” – deyib. Merkelin belə deməsi və islamı tam olaraq terrorla eyniləşdirmək nə dərəcədə düzgün mövqedir?

Çox təəssüflər olsun ki, Avropa dövlətlərinin rəsmiləri İslama qarşı kəskin düşmənçilik yolu tutublar. Hansısa bir dinin təmsilçisinin haradasa cinayət törətməsi o demək deyil ki, o dinin özü “terrorçu dindir”.

Ekspertlər hesab edirlər ki, Merkelin və digər Avropa liderlərinin İslamı “terrorçi din” kimi qələmə vermək cəhdləri onların müsəlmanlara düşmən münasibətinin təzahürüdür. İstənilən rəsmi şəxsin İslam dininə qarşı bu cür xoşagəlməz münsibət sərgiləməsinin yolverilməz olduğunu deyən ekspertlərin sözlərinə görə, bu gün dünya, əslində, erməni terrorunun təhdidi altındadır.

Bu “həqiqətpərəst”lərin Ermənistanın ardıcıl olaraq Azərbaycanda həyata keçirdiyi terror hadisələrinə kor qaldığını deyən ekspertlərin sözlərinə görə, onlar doğrudan da terrorçu axtarışındadırlarsa, Ermənistana baxmaları kifayət edər.

  • “…dinlərarası münasibətlərin korlanmasına, gərginləşməsinə yol açır”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Merkelin bəyanatında İslama qarşı düşmənçiliyini ortaya qoyması yolverilməzdir. S.Adıgözəllinin sözlərinə görə, Qərb dövlətlərinin başçılarının, rəsmi şəxslərinin İslam dinini terrorla eyniləşdirməsi cəhdləri ilk hadisə deyil. “İndiyə qədər də özlərini dünyanın aparıcı dövlətləri hesab edən ölkələrin birinci şəxslərinin İslam dinini terrorla eyniləşdirməsi, dinimizə qarşı bu cür çirkin iddialar irəli sürməsi birinci dəfə deyil ki, baş verir. Çox təəssüflər olsun ki, Fransa Prezidenti də, Almaniya Kansleri də, digərləri də öz yürütdükləri siyasətə baxmaq əvəzinə, bu cür çirkin bəyanatlar verirlər. Özünü böyük bir dövlətin başçısı hesab edən rəsmi bir şəxsin İslam dininin peyğəmbərinə qarşı çirkin fikirlər səsləndirməsi, yaxud İslam dinini terrorla eyniləşdirməsi milyonlarla bu dinə tapınan insanın heysiyyəti ilə oynamaq deməkdir. Merkelin fikirləri qətiyyən normal deyil və dinlərarası münasibətlərin korlanmasına, gərginləşməsinə yol açır. Əslində, dinlər arasında harmoniyanın pozulmasının günahkarı həmin cəfəng bəyanatlar verən dövlət başçılarıdır. Yaxşı olardı ki, xristian dininə tapınan insanlar, eləcə də həmin ölkələrin xristian əhalisi öz dövlət başçılarına müracət edərək onlardan bu çirkin kampaniyanı dayandırmalarını tələb etsinlər. Vyanadakı terror aktını hər kəs pisləyir, bu, günahsız insanların öldürülməsidir və çox pis bir hadisədir. Yəqin ki, siz də müşahidə etdiniz, terrordan əziyyət çəkən yaralı insanlara türklər, müsəlmanlar kömək göstərdilər, hətta onlar polisə də kömək etdilər. Bunlar da unudulmamalıdır”.

S.Adıgözəllinin sözlərinə görə, İslam dinini terrorla eyniləşdirən Qərb liderləri əvvəlcə müsəlman dininə mənsub olan insanların, böyük alimlərin dinlərarası münasibətlərin inkişafına, birgəyaşayış, sülhlə bağlı bəşəriyyətə bəxş etdiyi böyük töhfələrə diqqətlə baxsınlar və onda İslamın necə din olduğunu görə bilərlər. “Bu gün Azərbaycan Ermənistanın terrorundan əziyyət çəkir. Dağlıq Qarabağda separatçı rejim 30 ildir terror cinayətləri törədib. Yaxud Gəncədə və Bərdədə dinc azərbaycanlıların Ermənistan tərəfindən atəşə tutulması, öldürülməsi bəşəriyyətə qarşı terror cinayəti deyilmi? Merkel də, Makron da erməni terrorunu yaxşı görür, amma bunu qəbul etmək istəmirlər. Onlar qəbul etmək istəmirlər ki, bu gün Azərbaycan xalqına qarşı baş verən terror cinayətinin birbaşa məsuliyyəti xristian dinindən olan Ermənistanın üzərindədir, bu cinayətləri ermənilər törədiblər. Bu gün ASALA və digər erməni terror təşkilatları Avropanın, Qərbin özünü qorxu altında saxlayırlar. Merkel bir terror təşkilatı göstərsin ki, o, Azərbaycanla, Türkiyə ilə bağlıdır. Belə bir təşkilat yoxdur. İŞİD-in fəaliyyətinə gəlincə, onun fəaliyyətinə qarşı dünyada ən böyük mübarizəni aparan Türkiyə dövləti olub. Türkiyənin İŞİD-lə mübarizəsində, onlara qarşı Suriyada, İraqda apardığı əməliyyatlarda hansı Avropa dövlətləri yer aldılar? Əksinə, bir sıra mühüm hərbi-siyasi vəziyyətdə Türkiyəni orada tək qoydular. Yenə də həmin terror təşkilatına qarşı Türkiyə mübarizə apardı. Ona görə də Merkelin İslam dinini terrorla eyniləşdirməsi yolverilməzdir və bu, bir dövlət başçısına yaraşmayan hərəkətdir. Bir dövlət başçısı səviyyəsində İslam dininə qarşı şər və şantaja, qızışdırıcılığa xidmət edən mövqenin sərgilənməsi qətiyyən qəbuledilən deyil. Bu, dinlər arasında münaqişələrin qızışdırılmasına xidmət edir” – deyə S.Adıgözəlli bildirdi.

İradə SARIYEVA

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …