Cümə , 17 May 2024
Drone Cameras

Samir Adıgözəlli:”İndi Paşinyanın yalvardığı ölkələr bu şərtləri ona çatdırsınlar”

Samir Adıgözəlli: “Bizim ənənəvi şərtlərimizin sırasına Prezident haqlı olaraq bir detalı da əlavə edib ki, Paşinyan Azərbaycan xalqından üzr istəsin”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bir daha nəzərə çatdırdı ki, Azərbaycan yalnız müharibə tərəfdarı deyil, bizi buna Ermənistan rəhbərliyi məcbur edib.

Prezident, hətta atəşkəsin necə mümkün olacağı ilə bağlı Azərbaycanın şərtlərini də açıqladı: “İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər, əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs sizin şərtiniz nədir? Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki, indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam. Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu”.

Ölkə başçısının çıxışındakı bu məqamdan hansı nəticələri çıxara bilərik?

Boyukmillet.com xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqalər  Mərkəzinin (İSBAM)  rəhbəri Samir Adıgözəlli   “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki,  ölkə başçısının son müraciəti çox möhtəşəm idi: “Fikir verdinizsə, Azərbaycan Prezidenti olduqca sadə dildə danışdı. Buradan onun nə dərəcədə səmimi olduğu göründü. Həmin çıxışdan bir daha aydın oldu ki, Azərbaycan müharibə tərəfdarı olmayıb. Sadəcə,  Ermənistanın yeni rəhbərliyi bizi öz təxribatları ilə buna vadar edib. Biz də indi onlara gücümüzü göstəririk. Ölkə başçısının çıxışının hər cümləsi ayrıca tezisdir. Ancaq açıqlanan şərtlərlə bağlı deyə bilərəm ki, bu, Azərbaycanın prinsipal mövqeyidir. Azərbaycan bir dövlət olaraq Dağlıq Qarabağla bağlı məsələdə heç vaxt  qeyri-stabil xətt tutmayıb. Biz 10 il qabaq hansı şərti qoymuşuqsa, bu gün də həmin prinsiplərdən çıxış edirik. Gündə bir fikrə düşən Ermənistandır. Bu barədə Prezident öz müraciətində ətraflı bəhs etdi. Azərbaycan hər zaman deyib ki, biz ətraf rayonların qeyd-şərtsiz azad edilməsini istəyirik. Ermənistan tərəfi bu məsələ ilə razılaşsa da, sonrakı proseslərdə bunu yubadıb. Bizim də hüququmuz çatır ki, öz ərazilərimizi silahla azad edək. Ermənistan dünya ictimai rəyində bizi  müharibə tərəfdarı olan ölkə kimi qələmə versə də, bunun konturları görünmür.  Biz bu gün də atəşkəsə razı ola bilərik. Ancaq Prezidentin elan etdiyi şərtlər daxilində. İndi Paşinyanın yalvardığı ölkələr bu şərtləri ona çatdırsınlar. Görək nə  cavab verəcək? Bu adam normal diplomatik dildə başa düşmür. Onu elə ancaq belə üsulla ağıllandırmaq olar. Bizim ənənəvi şərtlərimizin sırasına Prezident haqlı olaraq bir detalı da əlavə edib ki, Paşinyan Azərbaycan xalqından üzr istəsin. Bəli, bunu mütləq etməlidir.  Mən düşünürəm ki, bu cəllad həm də öz xalqından üzr istəməlidir. Çünki diplomatik  yolla həlli mümkün olan məsələni bu səviyyəyə gətirib çıxardı. Ölkə başçısının çıxışı o qədər möhtəşəm olub ki, hətta hakimiyyətə qarşı ən radikal müxalif mövqedə olan insanlar belə onu paylaşaraq dəstəklərini ifadə ediblər”.

Paşinyanın başqa çıxış yolu yoxdur, ya bizim şərtləri qəbul etməlidir, ya da qısa bir zamanda öz xoşu ilə kapituliyasiya aktına imza atmalıdır.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …