Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Şimali Kiprin “Haber” qəzeti Naxçıvandan yazıb

Şimali Kiprin “Haber” qəzetində Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətinin üzvü, “Haber” qəzetinin tanınmış köşə yazarı Mesut Günsevin “Naxçıvandan məktub var” sərlövhəli məqaləsi işıq üzü görüb.

Boyukmillet.com AZƏRTAC-a istinadən Naxçıvan bürosu xəbər verir ki, kibrishaberci.com saytında da yayımlanan məqalədə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakı şəhərində keçirilən qurultayından, Melek Şule Akerin assosiasiyanın rəhbəri seçilməyindən və burada Naxçıvan Mətbuat Şurasının üzvlüyə qəbul edilməsi barədə ilkin qərarın qəbul olunmasından bəhs edilib. Qeyd olunub ki, bundan sonra Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbərliyi Naxçıvanda səfərdə olub, burada keçirilən beynəlxalq konfransda iştirak edib, konfransın sonunda Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorandum imzalanıb.

Müəllif qarşılıqlı əlaqələrin inkişafına nümunə kimi, ötən günlərdə AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) assosiasiyanın rəhbəri Şule Akerə Naxçıvanla bağlı məqalə göndərdiyini vurğulayıb. Mesut Günsev həmin məqaləni olduğu kimi oxuculara təqdim edib.

Məqalədə Naxçıvanın qədim tarixi, burada yaradılan dövlətlər, qədim diyarın muxtariyyət statusu alması istiqamətində Azərbaycanın, Türkiyənin və naxçıvanlıların qətiyyətli mübarizəsi, muxtar respublikanın bugünkü inkişafı barədə oxuculara ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün üç tərəfdən düşmən əhatəsində olan Naxçıvan ölkəmizin qardaş dövlətlə yeganə torpaq sərhədinin olduğu məkan, Türk dünyasına açılan qapıdır. Milli məsələlərlə bağlı tarixi-siyasi proseslərdə daim aparıcı mövqedə dayanan bu qədim oğuz yurdu qədim dövlətçiliyimizin saxlanc yeridir.

Müəllif yazıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası məhz Naxçıvanda qoyulub. İki il bundan əvvəl Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. Muxtar respublikada elmin və təhsilin inkişafında əldə edilən nailiyyətlər burada ilk Türk Universitetinin yaradılmasına imkan verir. 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı olan Naxçıvan Türk Dünyasının Mədəniyyət Paytaxtı adını da daşımağa layiqdir.

Güclü infrastruktura, turizm potensialına malik olan muxtar respublikanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edən müəllif vurğulayıb ki, bu gün qədim türk yurdu blokada şəraitində olsa da, özünün çiçəklənmə dövrünü yaşayır, böyük nailiyyətlərə imza atır.

Qeyd edək ki, məqalə ilə daha ətraflı bu linkdən tanış olmaq mümkündür: https://www.kibrishaberci.com/80187-2/?fbclid=IwAR0X2FpjS_mJOIj16zGUPK1h7gDVBFLGZT6yxTzG_6gSsR9s6b917YVcY_I .

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …