Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Sürücü siqaret çəkdiyi üçün yol polisi saxladı və… – Yol polisi ilə sürücü əlbəyaxa olub? + Açıqlamalar

Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib. 
 
Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, insident ötən gün Şamaxı şəhərində qeydə alınıb. 
 
Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, baş leytenant Fərid Məlikov tərəfindən saxlanılıb. 
 
Ruslan Feyzullayev bildirib ki, polis əməkdaşı onu avtomobil idarə edərkən siqaret çəkdiyinə görə saxlayıb və sənədləri yoxlayan zaman aralarında mübahisə yaranıb: 
 
“Sənədlərim qaydasında oldu və siqaret çəkdiyimə görə saxlanılmağımın qanunsuz olduğunu izah edərkən polis əməkdaşı Fərid Məlikov tərəfindən təhqir olundum. O, mənim sinəmə, ayağıma yumruq və ayaq zərbəsi vurdu. Avtomobilimdə olan qardaşım və əmim oğlu da hadisənin şahidləridir. Məni təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə zəng edərək məlumat vermişik. Həkim müayinəsindən keçmişəm, şahidlərim var, məsələ araşdırılır”.
 
Yol polisi əməkdaşı, baş leytenant Fərid Məlikov bildirib ki, sürücü yolda digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün saxlanılıb və barəsində protokol tərtib olunub:
 
“Sürücü siqaret çəkirdi, mən onu saxlayıb sənədlərini yoxladıqda o ağzı ilə siqaretin tüstüsünü üzümə vurdu. Ona dedim ki, mən özümü mədəni şəkildə polis zabiti kimi təqdim elədim, amma sən siqaretin tüstüsünü üzümə vurursan, etikan, mədəniyyətin olsun dedim. Mən onu siqaret çəkdiyinə görə saxlamamışam. Yalan deyir, mənə böhtan atır. Yol polisi avtomobilinin kamerasının qarşısında mən onu döyə bilmərəm. O əsəbi şəkildə mənimlə mübahisə yaratdı, onu sakitləşdirib yola saldıq, sonra gedib məndən şikayət edib. Mən cəriməni yazdım, o indi məni qəsdən şərləyir”.
 
Faktla bağlı araşdırma aparılır.

 

 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir