Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür.

Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.

Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu – çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib

Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə də davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Amma düşmən öz itkilərini gizlətməyə cəhd göstərib. Həmin günü Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşüb. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub.

Tovuz döyüşləri iyulun 14-də də davam edib. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.

Həmin gün axşam saatlarında döyüşlər səngiyib və cəbhədə nisbi sakitlik yaranıb. İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatlarında döyüşlər yenidən başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub. Düşmənin isə xeyli sayda hərbçisi və texnikası məhv edilib.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

Tovuz döyüşləri zamanı böyük insan izdihamı ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü baş tutub. Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildiriblər.

Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açıb. Avqust ayında isə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəman adı verilib.

Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb. Düşmənin Tovuzda dağıtdığı evlər və digər obyektlər bərpa edilib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …