Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

“Türk Dastanı”

Sabir Rüstəmxanlı

BİTMƏZ YOLÇULUQ

Qulağımda xalqımın tarixdən gələn səsi,
Mən də bir söz söylədim tarixin qulağına.
Ruhumda qandan gələn ilkin yol xəritəsi,
Çıxdım tələbə vaxtı Türküstan sorağına…
Öncə Başqurd torpağı, qaralığı göz alan,
Türk yurdları adına danışan tələbələr.
Onda Ufalı dostlar məni Aqidel kimi
Sardılar bir sevgiylə səfər bitənə qədər.
Ağcaqayın şam kimi qalxır qara torpaqdan,
Ağaclar işıq seli, ilhamımın baharı..
İlk görüş, ilk heyranlıq, biz də bu çaya bənzər,
Uzun qış yuxusundan oyanır duyğularım…
Baxırıq yorulmadan- parçalanır qəfəsi,
Sinəsi açılınca açılır çayın səsi,
Ürək həm azadlığın, həm baharın təşnəsi, 
Mən də Başqırdıstanda bu eşqi duyub keçdim.
Sonra dərdli Kirimim… El sürgün, adı qalır,
Torpağın hər qatında dərdinin odu qalır,
Xaraba yurdlarında bitməz fəryadı qalır,
Göytəpə yollarından qurdtək ulayıb keçdim.
Bağçasaray ağlayır, gözünü siləni yox,
Sudağ qalası susur, sirrini biləni yox,
Qəhrəmanlar yer altda, üstünə gələni yox,
Zaman rüzgarı oldum, daşı yalayıb keçdim.
Litvada soraqladım ayrı düşən elləri,
Vilnüsün ortasında dip-diridir dilləri,
Gah ağlayır, gah gülür karaim gözəlləri
Yangımı gözündəki yaşla sulayıb keçdim.
Kazanda söhbət açdıq tatarın qüdrətindən,
Dünyaya sığışmayan adından, şöhrətindən,
Kazan ilə Bakının sonsuz məhəbbətindən
Qazandığım dostları bir ordu sayıb keçdim…
Tanrıya vuğunluqla qılınc qurşayan ərlər,
Axdı qitələr boyu, zəfər dalıca zəfər!
Yenə Kama üstündə ucalır minarələr 
Mən də qədim Bolqara duamı yayıb keçdim.
Çuvaş xatirələri ürəyimi göynədir,
Xoşbəxtlik qanadında yer kiçik dairədir.
Tale sanki ilk dəfə sevilməyi öyrədir.
Bir şairə qəlbni çapıb talayıb keçdim.
Qafqazda neçe yurdun məclisində qol açdım.
Orxona, Yeniseyə mən birinci yol açdəm.
Kıprısda zəmilərin sarisina bulaşdım
Kərkükdə bir əbədi ocaq qalayıb keçdim…
Xivədə danışdılar, sandım ki, Təbrizdəyəm, 
Səmərqənddə Oğuzdan miras qalan izdəyəm.
Buxara rəng tufanı, sonsuz bir dənizdəyəm, 
Bizə dil uzadanı mən də qarğayıb keçdim.
Bu özünə dönüşdü, ne Meteyə, nə Huna,
Elə mənim əlimlə toxunubdur bu hana,
Hər uca aşırımda əyildim dağ ruhuna,
Müqəddəs ağaclara parça bağlayıb keçdim.
Orxonda daşa döndüm, okeana axmadım,
Çin səddinin üstündə Çinə sarı baxmadım,
Monqolla at səyirtdim, bozkırlara sığmadım,
Qoşulub Bəy çayına mən də çağlayıb keçdim
Tarımda qurduğumu qum qapadı, qan örtdü,
Tufanlarla gəlmişdim məni də tufan örtdü,
Kaşqardan gələn karvan taleyimdən yan ötdü
Təklə-Məkan yolundan gizli ağlayıb keçdim
Altay yenə hədəfdə, Uyğur ər savaşında, 
Hər daşda bir dastan var yurdun hər savaşından
Quş olub qanadlandım Üç Sumerin başından
Tanrı dağda səsimdən haray saxlayıb keçdim
Pazılıgı zamanın naxışı çürütməmiş,
Düşmənin şər toxumu cücərsə də bitməmiş,
Gördüm qaya döşündə yazılarım itməmiş,
Türk güclüdür, ya zaman? Burda yoxlayıb keçdim!
Nə sarsılmaz iradə, nə ulu millət imiş,
Tarixi qabaqlayan nə sirli surət imiş,
Bəlkə babalarımın atları raket imiş,
Günəşi bayraq edib, ayı oxlayıb keçdim!
Marallıqda tər töküb, Altun göldə buzladım,
Qopuz yanıb yaxıldı, dağları qopuzladım,
Qır atlara yetməyə uçaqları sazladım,
Ordumu bayraqladım, yurdu yuglayıb keçdim!

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir