Türkiyənin ABŞ-la münasibətlərindəki gərginliyi fürsət bilən Yunanıstan, Vaşinqtona İncirlik bazasına alternativ bazalar təklif edib.
boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi Afina bu təklifi, ötən həftə amerikalı senator Robert Menendesin Türkiyədəki İncirlik bazasındakı silahların Yunanıstana köçürülə biləcəyi ilə bağlı açıqlamasından sonra verib.
Yunanıstanın müdafiə naziri Kammenos Vaşinqtona Yunanıstanda üç hərbi baza qurmağı təklif edib.
Yunanıstan mediası isə, Qiritdəki Suda bazasının ABŞ üçün Türkiyədəki İncirlik bazasına alternativ ola biləcəyini iddia edir. Qeyd edilir ki, rəsmi Afina ABŞ-ın Yunanıstanın üç şəhərində baza qurmasını istəyir.
Xatırladaq ki, demokrat senator Bob Menendes deyib ki, rəsmi Ankara ilə münasibətlərin korlanacağı təqdirdə Türkiyədə yerləşən İncirlik bazasındakı silahlar Yunanıstana köçürülə bilər. “Biz Türkiyənin yanlış yolla gedəcəyini düşünmürük. Lakin bu baş versə, biz öz milli maraqlarımızı və öz tərəfdaşlarımızın maraqlarını qorumaq üçün əlimizdən gələni edəcəyik”, – deyə senator qeyd edib.
O bildirib ki, ABŞ NATO razılaşmasının 5-ci maddəsinə müvafiq olaraq götürdüyü öhdəliyə sadiqdir və öhdəliklərini yerinə yetirəcək: “Biz bazanın yerinin dəyişdirilməsi də daxil olmaqla lazım olan hər şeyi edəcəyik. Ümid edirik ki, məsələ buna qədər gedib çıxmayacaq. Türkiyə öz kursunu müəyyənləşdirməlidir”.
Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan “S-400” alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan “S-400” almasına münasibət bildirib. O, ABŞ-ın “S-400” məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.
“Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün “Patriot” və digər sistemləri təklif edirik. Türkiyənin “S-400” alması Ankaranın “F-35″ qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək” – deyə amerikalı sözçü vurğulayıb.