Şənbə , 20 Aprel 2024
Drone Cameras

TÜRKLƏRİN 85 FAİZİ “ZEYTUN BUDAĞI”NI DƏSTƏKLƏYİR

Azərbaycan siyasiləri də Türkiyə dövlətinin bu savaşdan qalib çıxacağına inanır

“Ankara məcburi olaraq öz dövlətçiliyini və bütövlüyünü qorumaq məcuriyyətindədir”

 
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Zeytun budağı” əməliyyatını türklərin 85 faizi dəstəkləyir. Bu göstərici MAK araşdırma şirkətinin 20-26 yanvar tarixləri arasında 30 şəhər, 23 vilayət və 154 rayonda 5 min 496 nəfərlə keçirdiyi sorğunun nəticəsində əldə olunub. Rəyi soruşulanların 85 faizi əməliyyatı dəstəklədiyini, 68 faizi isə bu əməliyyatda iştirak etməyə hazır olduğunu bildirib. Vətəndaşların 82 faizi “Zeytun budağı”nın uğurlu olacağına inandığını deyib. 
 
 
Respondentlərin 90 faizi isə PYDvə PKK terrorçularının arxasında ABŞ-ın dayandığını düşünür. Türkiyə tərəfinin Suriya ilə sərhəddə terrorçulara qarşı apardığı əməliyyatlar böyük əksəriyyət tərəfindən dəstəklənir. Hətta hər fürsətdə qardaş ölkəni ittiham etməyə vərdiş etmiş əksər Qərb ölkələri belə bu dəfə susqunluq nümayiş etdirirlər. Çünki ortada həm terror kimi bəşəri bəla, həm də rəsmi Ankaranın siyasi iradəsi və hərbi gücü var. Sırf bu səbəbdən əməliyyatlar həm dünya ölkələri, həm də yerli ictimaiyyət tərəfindən təqdir edilir. Bəs, Azərbaycan siyasətçiləri qardaş ölkənin Suriyada terrorçulara qarşı apardığı əməliyyatları necə dəyərləndirirlər? Suala cavab tapmaq üçün bir neçə partiya funksionerinin fikrini öyrəndik.
 
Məsələ ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Türkiyə dövləti uzun zamandır terror bəlasından əziyyət çəkir. Onun sözlərinə görə, kürdlərin böyük əksəriyyəti terror təşkilatlarını dəstəkləmirlər:
 
“Terroru dəstəkləyən, PKK-ya yardım edən müəyyən qüvvələr və onları dəstəkləyən xarici dairələr var. Hazırda Suriyanın Türkiyə ilə sərhəddində möhkəmlənməyə çalışan PYD və PKK silahlıları qardaş ölkə üçün ən böyük təhdiddir. Bu baxımdan Türkiyə maraqlarına və təhlükəsizliyinə uyğun olaraq əməliyyatlar keçirir. Türkiyədə siyasi partiyaların böyük əksəriyyəti də bu əməliyyatları dəstəkləyirlər. Türkiyə bölgənin əsas güc sahiblərindən biridir. O baxımdan bölgədə baş verən bütün proseslərdə qardaş ölkənin mühüm rolu olmalıdır və qətiyyətli addım atmalıdır. Sözügedən bölgədə təkcə ərəblər və kürdlər yaşamır, orada türkmənlər də var. Onlar Türkiyədən kömək istəyirlər. Öz nüfuzundan istifadə edən rəsmi Ankara türkmənləri də nəzarətinə almalıdır”.
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı “Şərq”ə deyib ki, Türkiyə dövləti Azərbaycana qardaş olan yeganə ölkədir və türklər qədər bizə doğma olan ikinci toplum yoxdur. Partiya rəsmisinin sözlərinə görə, Türkiyənin sevinci sevincimiz, acısı acımızdır: 
 
“Türkiyənin Suriyada başlatdığı əməliyyatlara Qərbin müşahidəçi mövqeyindən yanaşması təsadüfi deyil. Əməliyyatdan öncə Ərdoğanın verdiyi açıqlamalar Qərb ölkələrinin təşvişinə səbəb oldu. Proseslər başlayandan sonra Ərdoğan Trampla telefon danışığı apardı və tələb etdi ki, Suriyada terrorçulara verilən silahlar yığışdırılsın. Əgər bu müraciət olunubsa, məntiqi baxımdan terrorçuları dəstəkləyən ölkə də avtomatik ortaya çıxıb. Həmçinin, Türkiyə öz bəyanatında birbaşa terrorçulara qarşı savaş açdığını dedi. Ona görə də Qərb dövlətləri istəmədən də olsa seyirçi mövqeyində dayandılar. Əslində, aparılan əməliyyatlar ABŞ-ın ürəyincə deyil. Amma Türkiyənin çox güclü arqumentləri var. Təsəvvür edin, bu gün Türkiyədə 4 milyona yaxın Suriya vətəndaşı sığınacaq alıb. 4 milyon əhali konkret bir ölkənin bütöv əhalisi deməkdir. Üç ildən artıqdır Türkiyə dövləti bu qaçqınlara baxır. İndi onların təhlükəsiz şəraitdə öz torpaqlarına qayıtması üçün həmin ərazilərin terrorçulardan təmizlənməsi lazımdır”.
 
Ağ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli də bəyan edib ki, Afrin əməliyyatı qərarı birdən verilməyib. Bu, ölçülüb, biçilmiş qərardır: 
 
“Əslində ABŞ və onların müttəfiqləri PKK terrorçuları Türkiyəni bu əməliyyatlara məcbur etdilər. Türkiyə heç cür yol verə bilməzdi ki, sərhəddində PKK dövlətinin konturları cızılsın. Düzdür, ABŞ və terrorçular son ana qədər ümid edirdi ki, Türkiyə risk edib, onlarla açıq savaşa girməyəcək. Onların bu cür düşünməsinin səbəbkarı həmçinin, CHP və HDP kimi solçu siyasi qüvvələrin Türkiyə daxilində müəyyən gücə malik olmasıdır. Kürdlərin Xalq Demokratik Toplum Partiyası ümumiyyətlə anti-Türkiyə mövqeli xain qüvvədir. CHP-yə də təəssüf ki, milli qüvvə demək olmaz. HDP-nin niyyəti böyük Kürdüstandır, CHP isə hakimiyyətə gəlmək üçün Türkiyənin milli maraqlarını Qərbin ayağına atmağa hazırdır. Çox şükür ki, türklü, kürdlü, lazlı və çərkəzli qardaş ölkədə xaricdən idarə olunan qüvvələrin nüfuzu çox aşağıdır. Onlar Türkiyədə söz sahibi deyillər. PKK-ya zərbə dəydikcə, HDP də özünü itirmək üzrədir. Artıq bu güclər son siyasi şoularını göstərirlər”.
 
AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov da qəzetimizə bildirib ki, Yaxın Şərqdə gedən proseslər və baş verən hadisələr siyasi xəritənin yenidən cızılmasına hədəflənib: 
 
“Strateji bölgə olan bu ərazilər sovetlər birliyi dağılandan sonra uzun müddət ABŞ-ın şəriksiz nəzarətinə keçib. Qərbin diktəsi ilə idarə edilən Yaxın Şərq uğrunda mübarizəyə artıq yeni oyunçular qatılıb. İraqda və Suriyada dövlət institutları dağıdılıb, ölkə xarabalığa çevrilib, terrorizmin yuvasına çevrilib. Körfəz ölkələrində böhranın işartıları və ziddiyyətlər görünməkdədir. İran uzun illər Qərbin sanksiyalarından əziyyət çəkir. Türkiyə belə çətin dövrdə bir müddət balansı saxlamağa çalışdı, amma alınmadı. 
 
Aydın oldu ki, hədəf artıq Türkiyədir. İslam dünyasının aparıcı gücü və regional oyunçusu olan Türkiyəni sıradan çıxarmaq Qərbin çoxdankı planıdır. Ona görə də Ankara məcburi olaraq öz dövlətçiliyini və bütövlüyünü qorumaq məcuriyyətindədir. İstəmədən də olsa Türkiyə müharibəyə cəlb edildi. Türkiyə bu anti-terror əməliyyatından uğurla çıxmaq məcburiyyətindədir. Əks halda proses sonu görünməyən münaqişələrə və toqquşmalara gedib çıxa bilər. Türkiyə hökuməti qarşıya qoyduğu məqsədlərinə diplomatiya yolu ilə nail ola bilər və bu taktikadan da uğurla istifadə edir”.
 
“Türkiyəyə terrorla bağlı hədələr çoxdur. Ona görə, qardaş ölkə ərazisini, vətəndaşlarını təhlükədən qorumaq üçün mübarizə aparmalıdır”. Bu barədə “Sherg.az”a Türkiyənin Suriya ilə sərhəddə həyata keçirdiyi Afrin əməliyyatı haqqınmda danışarkən millət vəkili Rövşən Rzayev bildirib. Onun qənaətincə, Türkiyə ordusu dünyada ən güclü ordulardan biri olduğundan, bu mübarizədən üzü ağ çıxacaq: 
 
“Bu dövlət atdığı addımlarda öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Yaxşı olardı ki, dünyanın digər dövlətləri ikili standartlardan əl çəksinlər, terrorçuluğa qarşı mübarizədə birgə mövqedən çıxış etsinlər. Bəzi hallarda, şəxsi maraqlar beynəlxalq təhlükəsizlik məsələsini üstələyir. Hətta terroru dəstəkləyən qüvvələr də var. Türkiyə qətiyyətli addımlar atır. Dünya birliyi bu addımları dəstəkləməlidir. Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da olacaq. Eyni təhlükə ilə Azərbaycan da üzləşib, hazırda da erməni terroru, işğalçılıq siyasəti davam edir. Böyük dövlətlər maraqlı olmalıdırlar ki, bütün dövlətlər arası münasibətlər danışıqlar yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun aparılsın”. (Sherq.az)
 
İsmayıl

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir