İrəvanda keçirilən Avropa çempionatında qazandıqları qələbələrini Azərbaycana həsr edən türkiyəli ağır atletlər ölkəmizdə növbəti tədbirə qatılıblar.
Azərbaycan Ağır Atletika Federasiyasından “Report”a verilən məlumata görə, qonaqlar 28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatını tribunadan izləyiblər.
Onlar tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb, böyük dəstək alıblar. Maraqlı mübarizə şəraitində keçən yarışdan razı qalan türkiyəli qonaqlar, təşkilatçılıqdan məmnunluğunu bildirib, turnirin Avropa standartları ilə keçirildiyini qeyd ediblər.
Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü 67 kq çəki dərəcəsində medal qazanan atletlərin mükafatlandırma mərasimində iştirak edib, qalib Tehran Məmmədovun qızıl medalını təqdim edib.
Sonda Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən idmançılar və federasiya nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.
Türkiyə Ağır Atletika Federasiyası da öz növbəsində qarşı tərəfə xatirə plaketləri təqdim edib.