Cümə , 29 Mart 2024
Drone Cameras

“Üç qardaş ölkə öz aralarında bütün fərqli fikirləri uzlaşdırmalıdır” – Bilal Dündar

Bu gün paytaxt Bakıda üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın parlament rəhbərləri bir araya gəldilər. Görüşdülər, danışdılar, sonda da Bakı Bəyannaməsini imzaladılar. Maraqlıdır, qanunverici orqan rəhbərlərinin indiki məqamda toplantı keçirib, bəyanat imzalamasının siyasi önəmi nədir?

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirir ki, bu gün Türkiyə, Pakistan və Azərbaycan, keçmişdə bir çox hallarda az və çox qəbul edilmiş birgə əməkdaşlığın şərtlərini yenidən düzənləməyə, imkanları genişləndirməyə məcburdurlar. Ən əsası odur ki, hər üç qardaş dövlətin bir problem var. “Azərbaycan illərdir erməni işğalında inləyən torpaqlarını 44 gün sürən şərəf və qürur verən azadlıq savaşından sonra geri aldı. Amma açıq görürük ki, qardaş ölkənin bu uğurunu götürə bilməyən bəzi dövlətlər var. Eyni zamanda, Türkiyənin Azərbaycana açıq və konkret dəstəyi ilə də barışmırlar. Siyasi və iqtisadi müstəvidə edilən təzyiqlər bunun bariz nümunəsdir” deyən cənab Dündara görə, bir an belə gecikmədən bu məsələyə çözüm tapılmalıdır.

Dərnək sədri qeyd edir ki, Pakistan da onillərdir Kəşmir probleminin həlli ilə məşğuldur. O ki qaldı Türkiyəyə, dörd bir tərəfi od tutub yanır. “İraq üç yerə bölünmüş vəziyyətdədir və sonu necə olacaq, bilinmir. Türkiyə burada bəslənən terror təşkilatları ilə açıq mübarizə aparır. Bu azmış kimi, Suriyada da yeni cəbhə yaradılıb. Üstəlik, illərdir bu ölkədən canını götürüb Türkiyəyə sığınan 4 milyon qaçqın da əlavə yükdür çiynimizdə. Türkiyə həm də Liviyada yaşanan problemlərin içindədir” deyən Bilal Dündar əlavə etdi ki, daha bir münaqişəli vəziyyət də Kipr məsələs. idir. Onun fikrincə, Kipr yunanlarının hegemonluq iddiaları və dolayısıyla ENOSİS xəyalları bitmək bilmir. Bütün bunlara rəğmən, ABŞ da Yunanıstanın Türkiyə ilə həmsərhəd ərazilərində tank bazası yaradıb.

Müsahibimiz qeyd edir ki, bu qədər problemin öhdəsindən dünyanın heç bir dövləti gələ bilməz. Böyük dövlətlət qondarma təşkilatlar yaradaraq “başqasının quşunu başqasının daşı ilə vurmağa” çalışırlar. “Qərb dövlətləri dini və etnik detallardan məharətlə istifadə edərək, bəzi ölkələrə gizli dəstək verməkdədirlər. Bütün bunların qarşısında siz istər-istəməz gücə çevrilmək istəyəcəksiniz, dost ölkələrlə birlikdə olma məcburiyyətində qalacaqsınız”, – deyir cənab Dündar.

Yuxarıda qeyd etdiyimiz kimi, parlamentlərin işi qanunlar yazmaqdırsa, indiki məqamda spikerlərin bir araya gəlməsi üç qardaş ölkəyə nə qazandıra bilər? Bəlkə ölkələrin qanunlarını uzlaşdırmaq istəyirlər. Maraqlıdır, bu görüş ölkələrimizin siyasi, iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə töhfə verə bilərmi? Müsahibimiz deyir ki, əlbəttə verə bilər, necə ki, daha öncə üç qardaş ölkənin xarici işlər nazirləri bir araya gəlmişdilər, bu gün də görüşlərin davamı kimi, parlament başqanları Bakıda toplaşıblar. “Türkiyə parlamentinin sədri Mustafa Şəntop, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Pakistan parlamentinin rəhbəri Əsəd Qayseri ölkələrarası əlaqələrin inkişafına qanunverici sahədə mane olan əngəlləri müzakirə etdilər, üstəlik, ölkələrimizin indiki vəziyyətdə daha sıx əməkdaşlıq və həmrəylik içində olmalarını vacib saydılar. Bu, sonda qəbul edilmiş Birgə Bəyannamədə də öz əksini tapıb” deyən Bilal Dündara görə, siyasi önəmi çox böyük olan bu görüş böyük uğurlar vəd edir.

Müsahibimiz deyir ki, indiyədək siyasi, iqtisadi, ticari və digər sahələrdə əlaqələrimizi daha irəli aparmaq üçün birliyi gücləndirməyə məcburuq. Onun fikrincə, bu üç qardaş ölkə öz aralarında hər cür fərqli fikir və mövqeləri uzlaşdırmağı bacarmalıdır. Bu isə son anda böyük uğurlarla nəticələnəcək.

Bilal Dündar qeyd etdi ki, hazırda Türkiyə, Azərbaycan və Pakistanın yaratdığı qardaşlıq karvanına yaxın gələcəkdə digər türk dövlətlərinin də qoşulmasını arzulayır. “Keçmişdə yaşadığımız yanlışlıqlardan, buraxdığımız səhvlərdən dərs almalıyıq. Real şərtlər bizi qucaqlaşmağa, sağlam başlı birlik yaratmağa məcbur edir. Əminəm ki, bu güc birliyi haqsızlığa qarşı haqqın səsi edəcək bizi”, – deyir dərnək başqanı.

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …