Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Vətəndaş Həmrəyliyi Partiyası MM-də YAP-dan sonra sayca “ana müxalifət” oldu – partiyanın öz reaksiyası…

Növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası (YAP) qalib elan olunub. YAP-dan sonra ikinci ən çox mandat alan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). Partiyanın lideri, Xalq şairi Sabir Rüstəmxanlı 61 saylı Nefçala Seçki Dairəsindən 49,2 faiz səslə, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən Fəzail İbrahimli 51 faiz səslə, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən Rəfael Hüseynov 51 faizlə qalib elan olunublar.

Daha sonra 26 saylı Xətai 4-cü Seçki Dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyev, 26 saylı Sabunçu 2-ci Seçki Dairəsindən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, 60 saylı Salyan-Nefçala Seçki Dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 16 saylı Yasamal 2-ci Seçki Dairəsindən “ReAL” Partiyasının üzvü Erkin Qədirli, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Vəhdət Partiyasının sədri Tahir Kərimlinin və Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin Milli Məclisin üzvü olacaqları gözlənir.

Qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı və “ReAL” üzvü Erkin Qədirli mandat alacaq yeni partiyalı deputatlar olacaq. Adları qeyd olunan başqa partiya nümayəndələri ötən seçkilərdə millət vəkili olublar.

Partiyaların göstərdiyi nəticələr Vətəndaş Həmrəyliyi Partiyasının “ana müxalifət” partiyası olduğunu söyləməyə əsas verir. Çünki özünü müxalif kimi təqdim edən bu partiyanın qazandığı mandatların sayı digər müxalif partiyalardan çoxdur. Ancaq müxalif cameədə bu təqdimatla razılaşmayanlar az deyil. Onlar hesab edirlər ki, sözügedən partiyanın çox mandat əldə etməsi onun cəmiyyətdəki fəallığına adekvat deyil. Bəs partiyanın özündən bu barədə nə düşünürlər?

  • Samir Əsədli: “Bizim partiyanın əldə etdiyi uğurlar təsadüfi sayıla bilməz”

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri və Siyasi Şuranın üzvü Samir Əsədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, o, “ana müxalifət” kimi təsnifatlandırma ilə razı deyil: “Azərbaycan siyasi palitrası müxtəlifdir. Bu da o anlama gəlir ki, burada müxtəlif baxışların olmasını da normal qarşılamalıyıq. Kim bizim əldə etdiyimiz nailiyyətlə bağlı nə düşünürsə, öz işidir. Bizim partiyanın əldə etdiyi uğurlar təsadüfi sayıla bilməz. VHP ölkədə normal fəaliyyət göstərən, demək olar ki, bütün rayonlarda yerli təşkilatları olan partiyadır. Hətta uzaq Naxçıvanda belə bizim partiyanın yerli təşkilatları var. Əldə etdiyimiz uğurun bir sirri də VHP-nin 1992-ci ildən indiyə kimi öz siyasi kursuna nümayiş etdirdiyi sadiqliklə bağlıdır. Azərbaycanda 4-5 normal fəaliyyət göstərən partiya varsa, onlardan biri də bizim partiyadır. Bizim partiyanın sədri də çox nüfuzlu adamdır. Eyni zamanda, partiya öz ətrafında Milli Azadlıq Hərəkatından çıxan fəalları birləşdirir. Bu insanlar Hərəkat dövründə necə olublarsa, indi də həmin xəttə sadiqlik göstərirlər. Partiyanın fəaliyyətinə qiyməti əldə etdiyi uğurlara görə verirlər. Bizim partiya uğurlarının sayını artırırsa, buna sevinmək lazımdır. Əminəm ki, partiyamızı Milli Məclisdə təmsil edəcək şəxslər də öz aktiv fəaliyyətləri ilə VHP-nin nüfuzunu daha da artıracaqlar”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …