Cümə , 19 Aprel 2024
Drone Cameras

Vətən naminə birləşək-Mətanət Əsgərqızı

Ümummilli lider Heydər Əliyev: “Dünya azərbaycanlılarının ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik”.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqaları milli dövlət qurmaq məqsədinə çata bilmədilər. Onlar ümumazərbaycan ideyasını aktuallaşdırsalar da Şimali və ya Cənubi Azərbaycan hüdudlarını aşmağı bacarmadılar. Sovetlər dönəmində isə vəziyyət daha ağır oldu. Slavyan xalqları qanunpərəst, gürcülər vətənpərvər, ermənilər daha çox ruslara sadiq xalq kimi tanındığı halda, azərbaycanlılara qarşı soyuq münasibət bəslənirdi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra bu stereotip beyinlərdən birdəfəlik silindi. Heydər Əliyevin idarəçiliyi dövründə minlərlə azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın elitar təbəqəsi formalaşdı. Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoydu. Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi bu istiqamətdə göstərilən diqqətin davamlı nümunəsidir. Ümummilli lider Heydər Əliyevin hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərindən mühüm bir ana xətt var idi: Xaricdə yaşayan soydaşlarımız arasında həmrəylik və milli birlik ideyalarının möhkəmlənməsi. O, xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu.

Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının möhkəmləndirilməsi məsələsi Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən birinci qurultayında da Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində oldu. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün təşkilati məsələlərin hazırlanması işi başa çatdı. Bu tədbirlər soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi. Sevindirici haldir ki, ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2008-ci il noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Bütün bunlar göstərir ki, dövlətimiz azərbaycanlıların harada yaşadığından asılı olmayaraq,vətən üçün fəaliyyətlərində birləşmələri üçün qərarlıdır. Lakin açıq etiraf edək ki, ötən dövr ərzində bir çox diaspor təşkilatları nəinki birləşmədilər, antimilli insanlar həmin təşkilatlrın içinə soxula da bildilər. Arvadı erməni, qızı ermənidə olan, hər zaman erməniləri müdafiə edən insanlar necə xalqımıza xidmət edə bilərlər? Bu günlərdə isə nəhayət ürəyimizə su səpəcək hadisələr baş verdi.

Martın 22-də Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Novruz bayramı münasibətilə mərasim keçirildi. 300 nəfərin qatıldığı bayram tədbiri Moskvanın məşhur məkanlarından birində baş tutdu.Tədbirə Moskva vilayətində və Rusiyanın bir çox regionunda fəaliyyət göstərən Azərbaycan icmalarının rəhbərləri, Rusiyada çalışan azərbaycanlı elm xadimləri, ictimai fəallar iştirak etdilər. Qonaqlar sırasında Azərbaycanın Rusiya böyükelçiliyinin təmsilçiləri ilə yanaşı Rusiyadakı diplomatik korpusun nümayəndələri, milli azlıqların, eləcə də Rusiya Dövlət Dumasında təmsil olunan siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də olub.
Martın 31-də Ümumdünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Xaçmazda və Azərbaycanın digər bölgələrində erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırıma diqqətləri çəkmək üçün anım tədbiri keçirib.
Uzun zamanlar umu-küsü edən tərəfləri barışdırmaq üçün vətən naminə artıq real işə keçmək niyyətini ortaya qoyan Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti Füzuli Məmmədovun təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə Dünya Azərbaycanlıları Birliyi ətrafında Azərbaycan diasporunun birləşdirilməsi haqqında memorandumun imzalanıb.


Tədbirdə diasporumuzun ondan artıq ictimai təşkilatının rəhbərləri, o cümlədən Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş azərbaycanlılarla bağlı yeddi ictimai təşkilatı birləşdirən Moskva azərbaycanlılarının yerli milli-mədəni muxtariyyatları Koordinasiya Şurasının üzvləri DAB və DAMF ətrafında birləşmək istədiklərini söyləyiblər. Daha sonra diaspor nümayəndələrimiz Rusiyada və MDB ölkələrində soydaşlarımızın bir ictimai təşkilat altında birləşməsi məsələlərini müzakirə ediblər. Görüşün bütün iştirakçıları diaspor təşkilatlarımızın Dünya Azərbaycanlıları Birliyi ətrafında birləşməsini dəstəkləyiblər.
Toplantının rəsmi hissəsindən sonra Moskva şəhərində azərbaycanlıların milli–mədəni muxtariyyətləri üzrə Əlaqələndirmə Şurasının sədri Əli Kazımov və Dünya Azərbaycanlıları Birliyinin prezidenti Füzuli Məmmədov arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Məlumatda bildirilir ki, bu əməkdaşlığın məqsədi, Azərbaycan diasporunu bütün dünyada, habelə Rusiya və MDB ölkələrində, həmvətənlərimizi vahid beynəlxalq ictimai təşkilat ətrafında birləşdirməkdir. Ukrayna, Qazaxıstan, Özbəkistan, Latviya, Litva və Estoniyadakı Azərbaycan diasporları Füzuli Məmmədovun birləşmək təşəbbüsünü dəstəkləyiblər.
Toplantı zamanı Novosibirskdən Regionlararası Azərbaycanlılar Konqresi Assosiasiyasının, “Birlik” hüquqi və qanuni mənafe cəmiyyətinin prezidenti Mirkazım Heydər oğlu Seyidov zəng vuraraq, Sibir əyalətində yerləşən 25-dən artıq ictimai birliyin Əlaqələndirmə Şurası ilə əməkdaşlığa qoşulmağa və Füzuli Məmmədovun bütün dünya Azərbaycan diasporasının, o cümlədən Rusiya azərbaycanlılarını birləşdirmək təşəbbüsünü dəstəkləməyə hazır olduğunu bəyan edib. Mirkazım Seyidov aprelin 2-də ictimai birliklərin adından əməkdaşlıq haqqında Memoranduma imza atmaq üçün Moskvaya yollanacağını bildirib.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi az zamanda Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun gördüyü bu işləri yüksək qiymətləndirir.Fəaliyyətlərində uğurlar diləyir. İnanırıq ki, bu fəaliyyətlərdə yalnız qanı təmiz, özündən çox millətini, xalqını və dövlətini sevən insanlar cəmləşəcəklər.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir